Saat:17:49
Haqqımızda

"Lazım olanda bizi küçələrə tökürlər, amma indiki festivallarda heç kimin yadına düşmürük"

2021-09-21 11:30:00

"Bilirsiniz ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət beşiyi, mədəniyyət mərkəzi olub. Bu vəziyyətdə belə mədəniyyətimizə yer ayrılması, orada festivalların keçirilməsi, musiqi günlərinin qeyd olunması bizə yalnız baş ucalığı gətirər. Çünki bilirsiniz ki, orada hazırda quruculuq-bərpa işləri gedir. Amma biz estrada ifaçıları illərdir bu festivallardan uzaq düşmüşük".

Hurriyyet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Lalə Məmmədova deyib. O daha sonra əlavə edib. 

"İşğaldan azad olunmuş rayonların heç birində olmamışam, heç dəvət edən də olmayıb. Niyə dəvət etməyiblər, xəbərsizəm. Bunu siz aidiyyatı qurumlardan soruşun, mən səbəbini bilmirəm. Özüm-özümü ora apara bilmərəm ki... Həmişəki kimi biz estrada ifaçılarına laqeyd münasibət bəsləyirlər. Burada birinci mən getməli idim sözündən söhbət getmir. Mən hələ bilmirəm ki, o torpaqlara ayağım dəyəndə hansı hissləri yaşayacağam?! Çünki o torpaqlarda şəhidlərimizin qanı hələ qurumayıb. Ona qalsa birinci şəhid anaları getməlidir, çünki orada övladlarının qanı tökülüb", - deyə müğənni bildirib.

 

Əməkdar artist Lalə Məmmədova estrada ifaçılarına qarşı biganə münasibətin illərdir davam etdiyini bildirib.

 

"Ümumiyyətlə, estrada ifaçıları festivallardan kənarda qalırlar. İstər Qəbələ musiqi festivalı, istərsə də Şuşada keçirilən festivallardan. Sanki Azərbaycan musiqisində estrada janrı adlı bir şey olmayıb. Nə Tofiq Quliyev, nə Niyazi, nə də Rəşid Behbudov olub. Festivallarda iştirak edənlər yalnız muğam və klassik ifalarla məşğul olanlardır. Çox təəssüf edirəm. Mən tək özümdən yox, ümumiyyətlə, estradadan danışıram. İllərdir bu mövzuya toxunuram, danışıram, amma sözüm hələ də havada qalıb. Rayonlarda təbliğat konserti olan kimi estrada ifaçılarını yığıb tökürlər küçələrə, amma belə ciddi tədbirlərdə estrada ifaçıları yaddan çıxır. Estrada ifaçılarının tabe olduğu bir qurum da yoxdur. Biz hamımız havadayıq. Mahnı Teatrı estrada ifaçıları üçün yaradılıb, amma orada biz yoxuq. Görün Mahnı Teatrının nə qədər solistləri olub. Muğam sənəti Muğam Mərkəzinə tabedir,  klassik ifaçılar isə Opera və Balet Teatrına tabedirlər. Bəs biz hardayıq?! Ümid edirəm ki, yeni Mədəniyyət Nazirimiz bu haqda bir ölçü götürəcək, bu məsələyə baxacaq. Cənab prezidentin mədəniyyət xadimləri ilə görüşündə fikir verdinizmi bizim estrada sənətimizdən ora bir nümayəndə qoymamışdılar. Demirəm ki, gedim orada mən əyləşim. Mənim yuxarılarda gözüm yoxdur. Mən ümumilikdə hamının adından danışıram. Afaq xanım çıxdı həmin görüşdə teatrın problemlərinə toxundu, amma estradadan bir adam yox idi ki, problemlərimizi qabartsın", - deyə əməkdar artist bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR