“Lavrov mənim düşmənim olduğundan düşünürəm ki...” – Elçin Şıxlı ilə MÜSAHİBƏ

2021-09-11 10:33:00

“Lavrov mənim düşmənim olduğundan düşünürəm ki...” – Elçin Şıxlı ilə MÜSAHİBƏ

Hurriyyet.az Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxılının Yenisabah.az-a müsahibəsini təqdim edir:

- Elçin bəy, keçmiş sovet ölkələrinin rus dilindən imtina etdiyi bir vaxtda Azərbaycanda rus dilli məktəblərə marağın artmasına səbəb nədir? 

- Sözün doğrusu, marağın artmağının nə ilə bağlı olduğunu söyləyə bilmərəm. Amma bir şeyi dəqiq bilirəm ki, marağın artmağı bizim millətin nümayəndələrinin çox dar düşüncəli olmalarından irəli gələ bilər. Onlar Azərbaycanda övladlarının ya gələcəyini gələcəyini görmürlər, ya da ki, dar düşüncəlidirlər. Bizim əhalinin rus dilini bilməyinin tərəfdarıyam. Amma rus dilini bilmək bir başqa şeydir. Rus dilini bilib də öz dilini bilməmək bir ayrı məsələdir.

Rus dilini kütləvi şəkildə bilməyimiz Rusiyanın bizim qonşumuz olmağından irəli gəlir. Rus dilini biləndə ruslardan birbaşa üstün oluruq. Rusiyada yaşayanlar, yəni ruslar bir dil bilirlər, uzaqbaşı çox oxumuşları hansısa bir xaric dili də öyrənirlər. Bu da adətən ingilis dili olurdu. Biz isə ikidilli idik. Həm öz ana, həm də rus dilini bilirdik. İstəsəydik, başqa bir dili də öyrənirdik. İnsan nə qədər çox dil bilsə, bir o qədər imkanları daha geniş olur.

- Sizcə, valideynlər uşaqlarını niyə rus dilində oxutmaq istəyirlər?

- Bizdə bir sıra özəl məktəblər də var. Tədris ingilis dilindədir. Bir şeyi dəqiq bilirəm ki, orada oxuyan uşaqların əksəriyyəti ingilis dilindən başqa heç nə bilmirlər. Onlar sadəcə olaraq məktəbi bitirəndə IELTS deyilən diplomu alırlar və sənədlərini hansısa xarici ölkənin ali məktəblərinə rahat verə bilirlər. Və qəbul da olurlar. Onlar pulla oxuyurlar. Bizimkilər tərəfindən təqaüd alan çox az olur.

Övladlarını rus bölməsində oxudan valideynlərin böyük əksəriyyəti özü rus dilini bilmir. Yəqin ki, belə düşünürlər ki, mən nəyisə bilmirəm, qoy övladım daha çox şey bilsin.

- Rusdilli müəllimlər uşaqlara müxtəlif fənlər üzrə normal şəkildə dərs keçə bilirlərmi?

- Təhsil Nazirliyi və oranın mütəxəssislərindən statistikanı soruşsanız görərsiz ki, ibtidai siniflərdə müəllimlər, kadrlar bir qədər yaxşıdır.

Amma yuxarı, buraxılış siniflərində isə rus dilini bilən fizika və yaxud riyaziyyat, kimya müəlimlərinin qıtlığı var. Ola bilsin ki, rus dilini bilir. Amma fizikanı normal tədris edə bilmir, zəif bilir. Və yaxud da əksinə. Fizikanı bilir, rus dilini yox. Bizdə bu kimi problemlər var. Bunu insanlara və valideynlərə izah etməliyik. Rus dilini öyrənmək yaxşıdır, lazımdır. Lakin rus məktəbini bitirmək olmaz. Bitirəndə öz dilimizi bilmirik. Azərbaycan dilini hiss etməliyik. Bir çox rus məktəbini bitirənlər Azərbaycan dilini duymurlar, hiss etmirlər. Bu böyük bir problemdir. Pedaqogika mütəxəssisləri bu məsələni xeyli müzakirə edirlər. Camaatın gözü açılsın deyə ictimaiyyətə çatdırmağa çalışmalıdırlar.

- Rus dilini niyə öyrənməliyik?

- “Mən Lavrovun acığına rus dilini öyrənmirəm” deyənlər var. Bu düzgün deyil. Lavrovdan xoşum gəlmir və onun dediyi söz rus şovinizimindən başqa bir şey deyil. Müstəqil dövlətəm, özüm bilərəm. Rus dilini öyrənirən, ya yox. Sənə nə?

Lavrov mənim düşmənim olduğundan düşünürəm ki, düşmənin dilini bilməliyəm. Bu nöqteyi-nəzərdən rus dilini bilmək lazımdır.