Lavrov-Kələntərovun Fərrux təxribatı, yoxsa dil yanlışı?

2022-06-11 10:25:00

Lavrov-Kələntərovun Fərrux təxribatı, yoxsa dil yanlışı?

Partiya sədri: “Onun cavabı təkcə bizi yox, həm də Kremli  təəccübləndirib, ona görə vəziyyətdən çıxmaq üçün təcili düzəliş vermək məcburiyyətində qaldılar...”

İyunun 10-da İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov yenə ənənəvi erməni ağzı ilə danışıb. Belə ki, Azərbaycanın Fərrux kəndi ilə bağlı erməni jurnalistin təxribatçı sualına Lavrov ya xəritədən bixəbərcəsinə, ya da bilərəkdən təxribatçı mövqe səgiləyib. Deyib ki, Fərrux kəndindəki vəziyyət Rusiya sülhməramlılarının diqqət mərkəzindədir və “delimitasiya ilə bağlı əsaslı işlərin tərkib hissəsi kimi bu məsələyə də baxılacaq və həll olunacaq”.

Hansı delimitasiya? Fərrux Azərbaycanın Qarabağ inzibati ərazisində yerləşən kənddir və ordumuzun nəzarəti altındadır. Bu kəndin delimitasiyaya, sərhəd müəyyənləşməsinə nə dəxli?

Artıq Azərbaycan XİN-i buna reaksiya verib. Sitat: “Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”.

Bunun ardınca Rusiya XİN Lavrovun açıqlamasına düzəliş edib. Rusiya Xarici İşlər Nazirliyinin saytında XİN rəhbəri Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş bu cürdür: “Rusiya hərbçiləri - bizim erməni dostlarımız bunu yaxşı bilir - bunu öz prioritetlərindən biri kimi ”saxlayır". Artıq vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək".

Bəs bu düzəliş Kremlin göstərişi ilə edildimi və Azərbaycanın narazılığının nəzərə alınmasıdırmı? Bütövlükdə Lavrovun bu səfərinin Bakı-İrəvan danışıqlarına, sülh müqaviləsi ilə bağlı prosesə hansı təsiri gözlənilir? Rusiya xarici işlər naziri Ankaradan İrəvana getdi, amma Bakıya gəlmədi, niyə? Adətən əvvəllər formal balans xətrinə bunu edirdi.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri ilk növbədə  KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakla əlaqədar olduğundan onun Bakıya gəlməməsi normal sayılmalıdır: “Üstəlik, səfər göstərdi ki, Ukrayna müharibəsinə başlayaraq özünü bataqlığa salan Rusiyanın Azərbaycan rəhbərliyinə təklif edəcəyi bir şey yoxdur. Rusiyalı nazirin İrəvanda erməni jurnalistə Fərrux kəndi barədə verdiyi cavab təkcə bizi yox, həm də Kremli  təəccübləndirdi. Vəziyyətdən çıxmaq üçün təcili düzəliş vermək məcburiyyətində qaldılar. 50 illik diplomatik staja malik olan və 18 ildir nazir vəzifəsini tutan bir şəxsin belə yanlış bəyanat verməsi yəqin ki, ya Ermənistandakı yalan atmosferinin təsiri ilə bağlıdır, ya da erməni jurnalistə nə deyəcəyini bilməməsi ilə. Bundan bir neçə ay əvvəl, ”tələsik cavab vermək “ istəmədiyini bildirib həmin sualdan yayınmışdı. İndi nə deməliydi? Rusiya sülhməramlıları Azərbaycanla və onun ordusu ilə hesablaşmaq məcburiyyətindədir deyib acizliklərini, yaxud, Türkiyə-Azərbaycan ittifaqına verdikləri dəyəri etirafmı etməliydi?

Abutalıb Səmədov:Populist vədlərlə hakimiyyətə gələn N.Paşinyan və  komandası son dərəcə ağır durumdadı - Yeni Zaman Mobil versiya

Abutalıb Səmədov

Görünür, o həm rus sülhməramlılarının hər şeyə qadir “fövqəlgüc” olduğuna inanan ermənilər qarşısında bu etirafı edə bilmədi. Həm də əsaslı bir izah tapa bilmədiyi vəziyyətdən bu yolla çıxmaq qərarına gəldi və belə bir skandal bəyanata imza atdı. Yəqin bu bəyanat onun Şri-Lankada başlayan diplomatik karyerasının ən skandal bəyanatı kimi həm ermənilərin, həm də bizim yaddaşımızda qalacaq. Ermənilər “sənə güvəndiyim dağlar” nöqteyi-nəzərindən rus “hami”lərinin acizliyi kimi kədərlə, biz isə ordumuzun gücünün etirafı kimi qürurla xatırlayacağıq".

A.Səmədovun sözlərinə görə, Fərrux kəndi ətrafındakı vəziyyətin təbii ki, delimitasiya ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur və ola da bilməz: “Azərbaycan XİN operativ qaydada bu məsələni Lavrovun nəzərinə çatdırdı və zəruri ”izahat işi" aparmaq məcburiyyətində qaldı.

Lavrovun bu səfəri Ermənistanla Rusiya arasında daha bir ciddi problemi ortaya qoydu. Rusiyalı nazir təşəbbüsü heç kimə verməyəcəklərini, meydanı Avropa İttifaqına və hər hansı digər quruma buraxmayacaqlarını nəzərdə tutaraq sülh sazişinin imzalanmasında vasitəçilik etmək istəklərini bir daha təkrarladı. Onun erməni həmkarı isə sülh danışıqlarında yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul etdiklərini bəyan etdi. Bu mövqenin Rusiyanı hiddətləndirməməsi mümkün deyil. Çünki ermənilər bir tərəfdən Rusiyaya - “əzəli və əbədi” müttəfiqlərinə etimadsızlıq göstərir və onun vasitəçiliyini qəbul etmədiklərini söyləyirlər. Digər tərəfdən, Rusiyanın və Azərbaycanın artıq “dəfn etdikləri” Minsk qrupunu dirildəcəklərinə ümid bəsləyirlər".

Həmsöhbətimizin fikrincə, bu səfər bir daha göstərdi ki, sülh danışıqlarının bu qaydada davam etdirilməsi heç bir real nəticəyə gətirib çıxarmayacaq: “Rusiya təşəbbüsü əldən vermək istəmirsə proseslərə daha aktiv şəkildə qoşulmalı və Türkiyənin yardımına müraciət etməlidir. Ukrayna müharibəsinin bitməsini gözləmək bəlkə də Rusiyanın maraqlarına uyğundur, ancaq nə Azərbaycan, nə də Avropa İttifaqı dayanıb gözləmək fikrində deyil. Rusiya mövcud reallıqları düzgün qiymətləndirməli və yaranmış vəziyyəti anlamağa çalışmalıdır. Görək anlayacaqmı”.

“Yeni Müsavat”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya