Lavrov Bayramova dedi: "Həll edilməli məsələlər var"

2021-10-14 17:35:00

Lavrov Bayramova dedi:

Bu gün Minsk şəhərində  MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər. Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TASS agentliyi də bu görüş haqda xəbər yayıb. Orada bildirilir ki, Sergey Lavrov və Ceyhun Bayramov ikitərəfli və regional məsələləri müzakirə ediblər. “Yaxşı ki, MDB xarici işlər nazirləri Şurasının iclası çərçivəsində bizim ikitərəfli məsələlər, regional məsələlər barədə ünsiyyət imkanı var. Bizim prezidentlər bu yaxınlarda telefonla danışıblar, həll edilməli olan məsələlər var”,-Lavrov deyib.

Rusiya xarici işlər naziri Ceyhun Bayramovdan sonra erməni həmkarı Ararat Mirzoyanla da görüşüb. “Bu günlərdə sizinlə Moskvada görümşüdük, amma bu gün həm ikitərəfli, həm regional xarakterli hansısa əlavə məsələləri nəzərdən keçirmək olar, əlbətdə, Qarabağ da həmişə bizim diqqətimizdə olmalıdır”,-Sergey Lavrov bildirib.

Gözlənilir ki, bu gün Minskdə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü də baş tutacaq.

virtualaz.org