LAVROV BAKIYA NİYƏ GƏLİR? - "Bölgədə Rusiyadan başqa artıq üç oyunçu var..."

2022-06-16 17:57:00

LAVROV BAKIYA NİYƏ GƏLİR? -

"Cənubi Qafqaz daha Rusiyanın arxa bağçası deyil"

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iyunun 23-də Azərbaycana səfəri gözlənir. Son günlər isə Azərbaycana ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald gəlmişdi.

Bunun dərhal ardınca S.Lavrovun səfərinin gözləndiyinin açıqlanması təsadüfdürmü? Rusiya XIN rəhbəri niyə gəlir?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, bölgədə NATO-nun genişlənməsi prosesi gedir, böyük dövlətlər öz nüfuz dairəsini genişləndirirlər: "Lavrovun Türkiyəyə və Ermənistana səfərindən sonra Azərbaycana gəlməsi Rusiyanın Cənubi Qafqazda nüfuzunu qoruyub saxlamaq istəyindən irəli gəlir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu xatırladıb ki, S.Lavrov bugünlərdə Yerevana getmişdi və balansı pozmamaq üçün Bakıya da gəlməlidir. Eyni zamanda, o hesab edir ki, Moskva son vaxtlar Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqazda fəallaşmasından narahatdır: "Moskvanın başı Ukraynada qarışıb, orada işğalçı müharibə aparır, diplomatiya resurslarını orada xərcləyir və digər istiqamətlər nəzarətindən qaçıb. Bunlardan da yaxşı mənada Avropa İttifaqı və ABŞ istifadə edir".

Onun sözlərinə görə, son dörd ayda Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edən avropalı və amerikalı diplomatların sayı Rusiyadan gələn diplomatların sayından çoxdur: "Az qala hər həftə İlham Əliyev Avropadan və Amerikadan gələn bir heyəti qəbul edir. Rusiya onun dalınca çatdıra bilmir".

Onun fikrincə bu ondan xəbər verir ki, Cənubi Qafqaz, yaxın keçmişdə olduğu kimi, artıq Rusiyanın arxa bağçası deyil: "İkinci Qarabağ müharibəsindən sonra burada Türkiyə möhkəmləndi. Rusiya bunda maraqlı ola bilməz. Amma ABŞ-ın və Avropa dövlətlərin bölgədə yerləşməsini Rusiya bundan da çox qısqanclıqla qarşılayır".

Siyasi şərhçisi qeyd edib ki, bölgədə artıq Rusiyadan başqa digər üç oyunçu var – Türkiyə, Amerika və Avropa İttifaqı: "Azərbaycan prezidenti və Ermənistan baş naziri əsas görüşləri Brüsseldə keçirir, əsas razılaşmalar da orada olub. Bu da Moskvanı qıcıqlandırır. Ona görə də Lavrov Bakıya gələcək. Amma onun Bakıdakı görüşlərindən müsbət nəticə çıxacağını gözləməyə dəyməz".

AzPolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya