Lavrov Bakıda hansı CAVABI eşitmək üçün gəlir? - Qarabağda ermənilər üçün...

2022-06-22 15:48:00

Lavrov Bakıda hansı CAVABI eşitmək üçün gəlir? - Qarabağda ermənilər üçün...

"Sergey Lavrovun Ermənistan səfəri birmənalı qarşılanmamasına baxmayaraq o, Ermənistanda rəsmi səviyyədə görüşlər keçirdi, müəyyən qədər müzakirələr apardı".

Hurriyyet.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Lavrovun Bakı səfərindən sonra Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası istiqamətində əhəmiyyətli irəliləyiş olacaq:

"Bildiyiniz kimi Lavrov Ermənistana Türkiyədən gəlmişdi. Ankarada Türkiyə Xarici işlər naziri ilə görüşmüşdü. Hələ Türkiyədən verilən xəbərlərə görə, müzakirə olunan məsələlər arasında Azərbaycanla Ermənistanın mövcud yaxınlaşma haqqında olan məsələlər də var idi və bu məsələ Türkiyədə müzakirə olunmuşdu.

Təbii ki, Rusiya ilə Türkiyə bu məsələni müzakirə etdikdən sonra onun digər iştirakçılar tərəfindən də müzakirə olunması və müəyyən məsələlərdə razılıq alınması lazım idi. Ona görə, Lavrov Ermənistana səfər etdi, Türkiyədə başlatdığı prosesi Ermənistanda davam etdirdi. Davam etdirdi, amma buna nöqtəni qoymaq üçün mütləq Azərbaycanla da görüşmək lazım idi.

Yəni müəyyən məsələlər var ki, burada Azərbaycanın razılığı, iştirakı, fikri lazımdır. Məhz buna görə də Lavrov Azərbaycana gəlmədən bu missiya bitmiş hesab olunmayacaqdı. Bu səbəbdən də Rusiya XİN rəhbərinin Bakıya səfəri gözlənilən idi. Lavrovun Azərbaycanda da çox da sevilməyən siyasətçi olmasına baxmayaraq, ona Ermənistandan göstərilən "münasibət" göstərilməyəcək.

Lavrovun sabah baş tutacaq Bakı səfəri zamanı çantasında nələrin olacağı artıq müəyyən qədər məlumdur. İlk növbədə Azərbaycan-Ermənistan yaxınlaşması haqqında məsələlər yer alacaq. Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət tələblər hələ həyata keçirilməkdədir. Baxmayaraq ki, Brüsseldə, Moskvada keçirilən görüşlər zamanı bu məsələrin həyata keçirilməsi üçün müəyyən addımlar atılır, müəyyən işlər görülür, amma bu sürət çox aşağıdır.

Bu gün Azərbaycanla Ermənistan arasında sərhədlərin açılması, Türkiyədən malların Rusiyaya gəlməsi, Ermənistandan malların Rusiyaya daşınması Rusiya üçün çox zəruridir. Ona görə də hesab edirəm ki, Rusiya bəlkə də Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizinin açılmasında Azərbaycandan daha ciddi maraqlıdır. Moskvanın bu dəhlizin açılması ilə bağlı İrəvana qarşı irəli sürdüyü şərtlər də var. Təbii ki, Bakıda müzakirə olunacaq məsələlər arasında bunlar da olacaq.

Şübhə etmirəm ki, Lavrovun Bakı səfərindən sonra Ermənistan və Azərbaycanın yaratdığı xüsusi komissiyalar arasında müəyyən anlaşmanın şahidi olacağıq. Amma Lavrov Bakıya təkcə Ermənistan-Azərbaycan, yaxud da Ermənistan-Türkiyə münasibətləri ilə bağlı məsələləri həll etmək üçün gəlmir. Rusiyanın Azərbaycandan asılı olduğu bir dövrün şahidiyik.

İndi bütün dünya Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Rusiya bu gün boğulma həddindədir. Azərbaycan bu işdə Rusiyaya yaxından yardım edə bilər. Əgər bu gün Rusiya bu və digər məsələlərlə bağlı Ermənistana təzyiq göstərə bilirsə, Azərbaycanla bağlı vəziyyət eyni deyil. Rusiya Azərbaycandan ancaq xahiş edə bilər ki, bu və digər məsələlərdə Rusiyanın yanında olsun, Rusiyaya yardım etsin, yaxud da ki, Ermənistana təzyiq etmək istiqamətində Rusiya Azərbaycanla birgə çıxış etsin.

Azərbaycan da öz prinsiplərindən - ərazi bütövlüyünün təhlükəsizliyi, sərhədlərinin təhlükəsizliyinin təmini istiqamətində atdığı addımlardan heç zaman geri çəkilməyəcək. Bunun bir sübutu da Lavrovun İrəvanda Fərrux kəndi ilə bağlı "çaşıb", verdiyi bəyanat idi. Ona Azərbaycan dövlətinin reaksiyası da yerində oldu. Rəsmi Bakının təzyiqi nəticəsindıə Rusiya Xarici işlər nazirliyi Lavrovun dediklərində düzəliş etmək məcburiyyətində oldular".

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 8-9 tarixlərində Ermənistanda rəsmi səfərdə (Lavrovun bu səfəri iyunun 9-da İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutmuşdu - red.) olmuşdu. Lavrovun Ermənistana səfəri qıcıqla qarşılanmışdı. Onun karikaturası çəkilən plakatın üstünə "Suka" sözü yazılmışdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya