"Lavrov açıq mətnlə deyir ki, Laçın yolu, Xankəndi və ətrafı Rusiyanındı" - NATİQ CƏFƏRLİ

2023-03-01 13:05:00

"Azərbaycan hakimiyyətinin Lavrovun bu həyasız bəyanatına cavab vermək üçün zamanı azdır, cavab olmasa daha da irəli gedəcəklər"

"Rusiya, Lavrov açıq mətnlə deyir ki, Laçın yolu da, erməni əsilli azərbaycanlıların yaşadığı Xankəndi və ətrafı da bizimdi, Rusiyanındı, biz söz sahibiyik, biz qərar veririk. Yəni, Azərbaycanın suveren ərazisi sayılan Laçın yolunda biz sərhəd keçid məntəqəsi qura bilmiriksə, deməli Kreml deyəndi. Yox, əgər Konstitusiyamıza uyğun öz sərhəddimizə nəzarəti bərpa edəcəyiksə, Moskva deyən yox, biz deyən olacaq". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloq hesab edir ki, Azərbaycan hakimiyyətinin Lavrovun bu həyasız bəyanatına cavab vermək üçün zamanı azdır, cavab olmasa daha da irəli gedəcəklər: "Bundan başqa, Milli Məclis də öz mövcudluğunu göstərməlidir. İllərdir yazırdıq, deyirdik ki, daha qəliz idarəetmə sisteminə ehtiyac var ki, xaricdən gələn basqılara davam gətirmək mümkün olsun. Yəni, məsələn, prezident də parlamentə istinad edərək bəzi dövlətlərə deyə bilsin ki, məndən asılı deyil, parlament var, orada müxtəlif fikirlər var, mən nə edə bilərəm ki?! Məsələn, Konstitusiyanın 94-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir və bunlardan biri də (21-ci bənd) dövlət sərhədi rejiminin müəyyən edilməsidir. İndi Milli Məclis toplaşıb Laçın yolunda sərhəd keçid məntəqəsinin yaradılması ilə bağlı qərar verə, prezident də Moskvaya deyə bilərdi ki, bu parlamentin səlahiyyətidir, mən bir şey edə bilmərəm. Amma bunun üçün də normal, seçilmiş, fraksiyalar olan parlament lazımdır".

REAL-ın icra katibinin sözlərinə görə, indiki Milli Məclis belə addım atsa da inandırıcı olmayacaq: "İndiki qarışıq, çox qəliz dünyada Azərbaycanın idarəetmə sistemi də mürəkkəb, effektiv və çoxşaxəli olmalıdır. Təzyiqlərin artacağını nəzərə alsaq, məhz belə sistemin yaradılması artıq olmazsa-olmazdır, dövlətimizin varolma, sağqalma məsələsidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.281010