Laçının digər 4 kəndinin aqibəti necə olacaq? - “Sentyabrın 1-də gecə saat 00:00-da...”

2022-08-24 18:00:00

Laçının digər 4 kəndinin aqibəti necə olacaq? - “Sentyabrın 1-də gecə saat 00:00-da...”

Sentyabrın 1-dək Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər ərazini tərk edəcək.

Ermənistan mediasının bölgədən verdiyi məlumatlara görə, ermənilər adıçəkilən Azərbaycan torpaqlarından çıxıb. Artıq Laçın rayonu ərazisində barmaqla sayılacaq qədər erməni qalıb. Avqustun 25-ə qədər Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizindəki müvəqqəti nəzarət bölgəsində bir nəfər də olsun erməninin qalmayacağı bildilir.

Qeyd edək ki, əvvəllər Azərbaycana qaytarılacaq ərazilər sırasında Laçın şəhərindən başqa, köhnə dəhlizin ərazisinə düşən altı kəndin adı çəkilirdi. Bunlar Zabux, Sus, Qarıkaha, Fətəlipəyə, Ağanus və Kəravuz kəndləridir. Lakin son zamanlar daha çox Zabux və Sus kəndlərinin adı çəkilir. Digər dörd kəndin taleyi ilə bağlı isə heç bir məlumat yoxdur. Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Laçının həmin altı kəndi işğaldan azad edilib. Belə ki, 2020-ci il dekabrın 1-də Ermənistan ordusu Laçının kəndlərini tərk edib. Lakin bu kəndlər Xankəndi ilə Ermənistan arasında nəqliyyat əlaqəsini təmin edəcək yeni dəhliz inşa olunana qədər Azərbaycanın inzibati nəzarətinə verilməyib. Artıq Azərbaycan Laçın şəhərindən yan keçən yeni alternativ yolun tikintisini baş çatdırıb. Sentyabrın 1-dən etibarən ermənilər yeni yoldan istifadə edəcəklər. Öz növbəsində, Rusiya sülhməramlı qüvvələri də yeni dəhlizin təhlükəsizliyini təmin etmək üçün dislokasiya olunacaq. Yaxın günlərdə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil veriləcək. Digər dörd kənddə isə ermənilərin qanunsuz məskunlaşması haqda dəqiq informasiya yoxdur.

Qeyd edək ki, Qarıkaha kəndi 1991-ci ildə Laçın şəhərinin ərazi-inzibati vahidinə birləşdirilib. Ona görə də böyük ehtimalla, Laçın şəhərinin qaytarılması ilə Qarıkaha kəndi də tamamilə azad olunacaq. Fətəlipəyə, Ağanus və Kəravuz kəndləri isə 10 noyabr Bəyanatına əsasən işğaldan azad edilsə də, hələlik Azərbaycanın ərazi-inzibati idarəçiliyinə daxil deyil. Ancaq sentyabrın 1-dən sonra bu problem öz həllini tapa bilər.

Hurriyyet.az xəbər verir ki, istefada olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında Laçının bütün ərazisinin ermənilərdən təmizlənəcəyini deyib:

“10 noyabr Bəyanatına əsasən, Laçın rayonu və kəndləri tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Həmin razılaşmadan iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, ermənilər bu prosesi uzadır. Lakin Azərbaycan Zabux və Susdan əlavə, digər dörd kəndin ermənilərdə qalmasına icazə verməyəcək. Mənim bildiyimə görə, köhnə dəhlizə düşən Laçın şəhəri və kəndlər tezliklə Azərbaycana qaytarılacaq. Bu haqda məlumat verilməməsi kəndlərin ermənilərdə qalması anlamına gəlmir. Sadəcə olaraq, ərazidə müvəqqəti Rusiya sülhməramlıları fəaliyyət göstərdiyinə görə bütün məlumatlar vaxtından əvvəl açıqlanmır. Məncə, yaxın vaxtlarda bu xəbəri də eşidəcəyik. 2020-ci ildə Rusiya hərbi kontingenti Laçına daxil olanda Zabux və Sus kəndlərinin də adı çəkilmirdi. Zabuxun inzibati ərazisinə daha dörd yaşayış məntəqəsi daxildir. Əgər Zabux azad olunursa, avtomatik şəkildə dörd yaşayış məntəqəsi də Azərbaycana qaytarılır”.

Üzeyir Cəfərov Rusiya sülhməramlı qüvvələrinin də yerini yeni dəhlizə dəyişəcəyi vaxtı açıqlayıb:

“Sentyabrın 1-i gecə saat 00:00-da Laçında nə bir nəfər erməni, nə də bir nəfər sülhməramlı qalacaq. Çünki həmin ərzailər onlara aid deyil. Sentyabrın 1-i saat 00:00-da Azərbaycan Ordusu Laçını tam nəzarətə götürəcək və həmin ərazilərin minalardan təmizlənməsi prosesinə başlanacaq. 25 avqust - 1 sentyabda Azərbaycan Ordusunun fəal hərəkəti müşahidə olunacaq. Bu gün Zabux və Sus kəndlərinin boşaldıldığı deyilsə də, həmin ərazilər minalardan təmizləndikdən sonra zəruri qərarlar verilməlidir. Ermənilər bu torpaqlara kifayət qədər mina basdırıb. O minalar 2021-ci ildə Ermənistanda istehsal olunub. O halda sual olunur: ”Necə olur ki, 2020-ci ildə Rusiya sülhməramlıları Azərbaycana daxil olub, 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar Azərbaycan ərazisində peyda olub?” Həmin minalar bir ədəd deyil ki, gizlətmək mümkün olsun. Söhbət minlərlə minadan gedir. Mən bilirəm ki, Rusiya tərəfi bu suallara aydınlıq gətirməyəcək. Çünki onlar yalançıdır. Rusiya sülhməramlıları həmin minaları bilərəkdən Azərbaycan ərazisinə buraxıb. Ona görə də Azərbaycanın mühəndis-istehkam qoşunlarının üzərinə böyük vəzifə düşür. Düşünürəm ki, ANAMA ilə birlikdə minaların təmizlənməsi prosesinə başlanılacaq. O zaman digər məlumatları da əldə edə biləcəyik”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065404