Laçından sonra növbəti hədəf bu rayondur - Qarış-qarış qayıdırıq...

2022-08-27 10:02:00

Laçından sonra növbəti hədəf bu rayondur - Qarış-qarış qayıdırıq...

Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılıb.

Prezident İlham Əliyev rəsmi “Twitter” hesabında bununla bağlı paylaşım edib:

"Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

Qeyd edək ki, artıq Laçın şəhərində yenidən Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Müdafiə Nazirliyi də bu barədə məlumat yayaraq Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis işləri görüldüyünü bildirib. Dia.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması məsələsi bir qədər gecikib:

“Çünki bu, 2 il bundan qabaq olmalı idi, amma ermənilərə havadarlıq edənlər bu məsələni uzatdılar. İstənilən halda bütün ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Yaxın günlərdə Azərbaycan və Ermənistanın dövlət başçıları görüşəcəklər. Düşünürəm ki, Ermənistan tərəfi doğru-düzgün qərarlar verməlidir, çünki vaxt gedir. Vaxt uzanacağı təqdirdə Azərbaycan “Qisas” əməliyyatının davamını gətirməlidir və gətirəcək. Ümumiyyətlə, hadisələr bu istiqamətdə inkişaf edir. Çünki ermənilər 10 noyabr Bəyanatının bəndlərini yerinə yetirməyə o qədər də meyilli görünmürlər”.

Ekspert hesab edir ki, növbəti hədəf Ağdərə istiqaməti ola bilər:

“Çünki bu gün bizim üçün Xankəndidən də önəmli olan Ağdərədir. Bununla məsələ həll olunsa, ermənilər proseslərin bitməyə doğru getdiyini anlayacaqlar. Bəlkə də onlar ermənilər onda doğru qərar verərlər. Düşünürəm ki, İlham Əliyev və Nikol Paşinyanın görüşündən çox şey asılı olacaq. Ondan sonra məlum olacaq ki, ermənilərin üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirməyə hazırdırlar, yoxsa yenə də eyni addımları atacaqlar. Hesab edirəm ki, yaxın günlərdə bölgə ilə bağlı çox vacib məsələlərə aydınlıq gətiriləcək”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057319