“Laçın-Xankəndi yolunda nəzarət postu yaradılmalıdır” – ADP HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ

Dünən ADP İdarə Heyətinin ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, iclasda ilk növbədə Azərbaycanın Xankəndi inzibati ərazisində özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran oyuncaq qurumdakı kadr dəyişikliyi, Rusiya və Ermənistanın növbəti siyasi oyunbazlığı olan R.Vardanyanın vəzifədən azad edilməsi məsələsinə münasibət bildirilib.
Qeyd edilib ki, Vardanyan məsələsi və bu tip digər oyunbazlıqlar Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının gecikdirilməsi və bölgədə gərginliyin davam etməsini planlayan beynəlxalq güclərin, ilk növbədə isə Rusiyanın destruktiv fəaliyyətinin nəticəsidir.
Həmçinin ADP İdarə Heyəti Azərbaycan hakimiyyətini Xankəndi inzibati ərazisini tezliklə öz yurusduksiyasına qaytarmağa və beynəlxalq hüquqa uyğun olaraq bütün ölkə ərazisində suverenliyini bərpa etmək üçün daha artıq səylə zəruri addımları atmağa və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməyə çağırıb.
İdarə Heyətində AŞPA Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçilərinin bu günlərdə yaydığı bəyanata da münasibət bildirilib. Qeyd edilib ki, adıçəkilən hesabatda Laçın-Xankəndi yolundakı aksiya ilə əlaqədar qeyd olunanların ağ yalan olması, Xankəndində yaşayan ermənilərin bu yoldan sərbəst istifadə etdiyini bütün dünyanın gördüyü halda hesabat müəlliflərinin bunu görməməsinin məqsədli və qərəzli olması heç kimdə şübhə doğurmamalıdır.
İH üzvləri hesabatda qeyd edilən Ermənistanda bir qrup Xankəndi ermənisinin guya yaşayış yerlərinə qayıda bilməməsi ilə bağlı səsləndirilən fikrə də münasibət bildiriblər. Qeyd edilib ki, Xankəndinə qayıtmaq istəməyən ermənilər könüllü olaraq Ermənistanda qalırlar və çox güman ki, onlar vaxtilə Azərbaycana qarşı cinayətlərdə iştirak etmiş və ya Rusiyanın oyunlarında iştirak etmək istəməyənlərdən ibarətdir.
İclas iştirakçıları Böyük Britaniya XİN-nin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokertinin ölkəmizə səfəri və bu zaman Azərbaycanın təhlükəsizliyinin əhəmiyyəti haqqındakı bəyanatını yüksək qiymətləndiriblər. İclasda qeyd edilib ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması, təkcə enerji istehsalı və nəqli sahəsində deyil, ölkəmizin suverenliyi və müstəqilliyinin qorunması məsələlərini də əhatə etməsi olduqca vacibdir və bu siyasət hər iki dövlətin strateji maraqlarına uyğundur.
Partiya yetkililəri həmçinin Xocalı soyqırımı günündə, Vaşinqtondakı Azərbaycan səfirliyinin binası qarşısında erməni millətindən olan bir qrup şəxsin yumuşaq deyilsə, insan ləyaqətinə sığışmayan şəkildə şadyanalıq etməsini qətiyyətlə pisləyərək qeyd ediblər ki, bu hərəkətləri ilə dünyada yaşayan ermənilər sübut edir ki, Xocalıda 31 il əvvəl törədilən qətliam təkcə orada iştirak edən silahlı quldurların deyil, ümumiyyətlə erməniliyin adına yazılacaq vəhşilik və antibəşəri aktdır. Eyni zamanda qeyd olunub ki, ABŞ kimi demokratik bir dövlətdə bu cür aksiyanın keçirilməsinə imkan verilməsi təəssüf doğurur.
Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, Azərbaycan-Ermənistan münasibətlərinə dair qəbul etdiyi qətnaməyə də iclas iştirakçıları münasibət bildirblər. Məsələ ilə əlaqədar qeyd edilib ki, qətnamədə Azərbaycanın üzərinə Laçın-Xankəndi yolundakı vəziyyətə nəzarət etmək vəzifəsi qoyulduğu üçün Azərbaycan rəsmən orada hakimiyyət orqanlarının nəzarət postlarını yaratmalı və müvafiq ölkədaxili qanunlara uyğun olaraq orada təcili olaraq dövlət nəzarətini həyata keçirməyə başlamalıdır.
BMT Baş Assambleyasının Ukrayna-Rusiya müharibəsinə dair son müzakirəsinə toxunan İH üzvləri, qurumun Rusiyanın Ukraynanın bütün ərazisindən dərhal çıxmasını tələb etməsini alqışlayıblar. Eyni zamanda, həmişə olduğu kimi, bu cür mühüm məsələnin müzakirəsində ölkəmizi təmsil edənlərin iclasda iştirak etməməsinin yanlış olması bir daha təəssüflə vurğulanıb.
Hazırladı: KƏNAN
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya