“Laçın dəhlizini Qarabağ qoy Azərbaycanla danışsın...” - Simonyan

2023-01-13 09:22:00

“Laçın dəhlizini Qarabağ qoy Azərbaycanla danışsın...” - Simonyan

Ermənistan Laçın dəhlizinin açılması üçün Azərbaycanla danışıqlarda iştirak etməyəcək, “Qarabağ hakimiyyətinin” Azərbaycanla birbaşa danışıq aparmaq imkanı var və məhz onlar bu problemlə məşğuldurlar, Ermənistan isə Qarabağın istənilən qərarını dəstəkləyəcək.

Bunu yanvarın 12-də AzadlıqRadiosunun Erməni Xidməti – Azatutyuna Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib. Azatutyun vurğulayır ki, Ermənistan baş nazirinin son mətbuat konfransı Yerevanla separatçılar arasında fikir ayrılığının olduğunu nümayiş etdirib. Alen Simonyan deyib ki, “Qarabağ hakimiyyəti” Azərbaycan tərəfi ilə təmaslarda olub.

Spiker qeyd edib ki, bu əlaqələr Laçın dəhlizinin blokadasının ilk iki həftəsi zamanı da vardı, indi isə təmaslar dayandırılıb. Simonyan Qarabağ tərəfdən Bakı ilə danışıqlarda kimin olmasını deməyib:

“Son vaxtlara qədər mən bilirdim ki, kim danışır və nə danışırlar. Hətta prezidentlə də əlaqə olub, bu danışıqların aparıldığı müxtəlif kanallar var...Olmaya bilməz. Əgər mən indi desəm ki, bu heç vaxt olmayıb, yalan danışmış olaram. Aydındır ki, onlar hansısa bir şəkildə danışırlar və söhbət edirlər”.

Simonyan Yerevanın Laçın dəhlizi ilə danışıqlara niyə daxil olmaq istəmədiyini də izah edib. O bildirib ki, əgər Ermənistan bunu etsə, onda üçtərəfli bəyanatı etibarsız elan etməli olacaq.

Simonyanın fikrincə, Azərbaycanın bir məqsədi də Ermənistanı bu söhbətə çəkmək ola bilər ki, sonra da Ermənistan ərazisi ilə dəhliz açılması məsələsi ortaya çıxsın.

Spikerin sözlərinə görə, Ermənistanın xarici işlər naziri elə bu səbəbdən həmkarları ilə dekabrda Moskvada keçirilən görüşə qoşulmayıb.

“Ermənistanın Laçın dəhlizi ilə bağlı danışıqlarda iştirak etməməsini düzgün sayırmı” sualına Simonyan “məgər Laçın dəhlizini Ermənistan bağlayıb?” sualı ilə cavab verib:

“Üçtərəfli razılaşmada Ermənistan tərəfinin Laçın dəhlizi ilə bağlı hər hansı addımları nəzərdə tutulubmu? Yox, tutulmayıb. Onda biz ermənilərin Artsaxda (Qarabağ-red) yaşamasına, Dağlıq Qarabağ adına və başqa şeylərə əsas verən üçtərəfli razılaşmanı niyə öz hərəkətlərimizlə ləğv etdirək? Yəni siz bu söhbətə tərəf kimi qoşulan andan 9 noyabr bəyanatını ləğv edirsiniz”.

Qarabağ separatçılarının “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan yanvarın 12-də bəyan edib ki, ermənilərin bir aydır blokadada olduğu bir vaxtda Rusiya sülhməramlılarını tənqid etmək niyyətində deyil:

“Biz hər şeyi edəcəyik ki, rusiyalı sülhməramlılar burda həqiqətən də böyük rol oynadıqlaırnı hiss etsinlər. Hiss etsinlər ki, biz ermənilər onların düşdüyü çətin vəziyyəti anlayaraq onlara qarşı deyilik, onların tərəfindəyik, çünki onlar bizim yanımızda dayanıblar. Və bu vəziyyətdə rusların tənqid olunmasını dayandırın. Əgər bununla azərbaycanlılara kömək etdiyinizi başa düşürsünüzsə, bunu dayandırın”.

Vardanyan deyib ki, əgər Rusiya sülhməramlıları Qarabağda olmasaydı, ermənilər də orda ola bilməzdilər:

“Biz hər şeyi edəcəyik ki, onlar burda uzunmüddətli əsasda qalsınlar, güclənsinlər və biz də onların yanında olaq... Rusiya sülhməramlılarının çox məhdud mandatı var, sayları azdır və biz hər şeyi etməliyik ki, bu situasiyanı dəyişək. Bizim heç də təkcə daxili deyil, təhlükəsizliyimizin məsələlərindən biri də təkcə bütün dünyanın diqqətini cəlb etmək yox, sıx birliyimiz və ərazi müdafiəsinə hazırlığımızdır...”

Laçın dəhlizi ilə bağlı danışan Vardanyan deyib ki, yolu “razılaşmanı imzalayan ölkələrin rəhbərləri və bütün normal ölkələrin cəmiyyətləri” açmalıdır.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.266474