Saat:08:44
Haqqımızda

Laçın dəhlizi, bir də sadizm

2021-12-01 11:33:00

Laçın dəhlizi, bir də sadizm

1 və 2 dekabrın təqvimi Varisin təqdimatında

Hər vaxtınınz xeyir. Yeni ayınız mübarək olsun!

1 dekabr.

Laçının de-yure azad edilməsi

Təbii ki, öncə Laçından başlamalıyıq. Laçın dəhlizi adı altında ərazisinin bir hissəsi özgələrinki olsa belə digər hissəsinə 30 illik ayrılıqdan sonra sahib çıxdığımız Laçından. Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, həddindən çox dərman bitkiləri, çoxlu mineral suları, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları və s. vardır Laçında. Laçın rayonunun yaranma tarixi 8 avqust 1930-cu ildir. Ərazisi 1.84 min km2 , əhalisinin sayı 72,4 min (01. 04. 2013) nəfərdir. Laçın rayonunda 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı), 125 kənd vardır. Laçının aşağı hissəsində, Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.

Laçın rayonunda 200-ə yaxın tarix, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, stellalar, at, qoç fiqurları var idi. Rayon 1992-ci il may ayının 18-də Ermənistan Respublikası tərəfindən işğal olunanda həm bu abidələrin əksəriyyəti, həm də 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi və s. - dağıdıldı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad etdi. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən digər ərazilərimizin boşaldılması qrafik üzrə həyata keçirildi. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edildi. “Laçın dəhlizi” sindromundan tezliklə qurtulacağımız ümidi ilə!

Ümumdünya QİÇS-lə mübarizə günü

World AIDS Day – Bir vaxtlar QİÇS virusu barədə ilk məlumatlar gəzib dolaşanda insanlıq vahiməyə düşmüşdü, müdhiş virusun qorxusu canları almaqda idi. Elm o vaxt bu naməlum virusun əlində aciz idi, amma indi bütün bilgilərə malikdir. Elmə məlumdur ki, bu virus təkcə limfositləri deyil, makrofaqları və monositləri də zədələyir, özü də gəzicidir, böyrəkdə, ürəkdə, gözdə, mədə-bağırsaqda aktiv şəkildə dağıdıcı fəaliyyət göstərir. Hətta beyini də zədələyə bilir.

Bu epidemiya başlayandan indiyənədək 88 milyon insanı əhatə edib. Narkomanların və qaydasız intim həyat keçirənlərin xəstəliyi sayılan QİÇS sağlam həyat tərzi keçirənlərin yel olub yanlarından da ötə bilməz, ona görə də, çalışın heç vaxt bu virusun risk qrupuna daxil olmayın.

Bəstəkar Azər Dadaşovun 75 illiyi

16 yaşında ikən simfonik orkestr üçün ilk əsərini - “Elegiya”nı bəstələyən Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. O, 10-dan çox simfoniya, bir çox janrda yazılmış musiqi əsərlərinin, o cümlədən 20-dən çox filmə bəstənin müəllifidir. Xüsusən solist, xor və kamera orkestri üçün “Ave, Maria” ariyası, Füzulinin sözlərinə “Aruzilər məzhəri” vokal silsiləsi, Şuşa şəhərinə həsr etdiyi simfonik orkestr üçün 11 saylı simfoniyası; B.Vahabzadənin sözlərinə solist, xor və simfonik orkestr üçün “Ulu Qorqud” odası, iki soprano və simfonik orkestr üçün “Bahar duası” ariyası məşhurdur. Bəstəkar eyni zamanda “Şahid qız”, “Yuxu”, “Özgə vaxt” və s. kinofilmlərə və “Yanmış evin nağılı” dram tamaşasına musiqilər bəstələyib. Əsərləri ABŞ, İngiltərə, İsveçrə, Fransa, Türkiyə, Finlandiya və s. ölkələrin nüfuzlu orkestrləri tərəfindən ifa olunub. Azər Dadaşov zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına və təbliğinə layiqli töhfələr verib deyə 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Təbrik edirik bəstəkarı!

Bu gün nağılları uşaqlar üçün deyil, böyüklər üçün uydururlar

Nevroloq günü. Yolunuz onun yanına düşməsin. Qazaxıstanın ilk prezident, Portuqaliyanın və CAR-ın müstəqillik, İslandiyanın özünüidarəetmə, Panamanın müəllim, Kanadanın təhlükəsiz avtomobil idarəetməsi, Estoniyanın müqəddəs torpaqlar günüdür, ABŞ-da isə milli qızartma piroq günüdür. Amma bir bayramla doymayan amerikalılar “qırmıza alma yeyin” adlı digər bayramı da qeyd edəcəklər.

1935-ci ildə üç Oskar qazanmış amerikalı aktyor və kinorejissor Vudi Allen dünyaya gəlib; 1949-cu ildə adı dünyaca məşhur olan, amma cinayətkar, quldur birisi – Kolumbiya və dünya narkomafiyasının əvəzsiz lideri Pablo Eskobar doğulub; 1956-cı ilin bu günündə Fidel Kastro gizlincə “Qranma” adlı gəmiylə mühacirətdən qayıdıb öz tərəfdarları ilə Kubada inqilabi hərəkata başlayıb. Fidel - həmin o ABŞ-a baş əyməyən, həmişə hərbi geyimdə gəzən həqiqi Kuba qəhrəmanıdır. Bir yalançı qəhrəmana isə biz zavallılar Bakının ən hündür yerində abidə qoyub uzun illər səcdə etmişik: Sergey Kirov adlı xalqımızın qatilinə. 1934-cü ilin bu günündə həmin o qırmızı kommunisti Leninqradda Nikolayev soyadlı bir fəhlə güllələyib, o dünyası gözəl olsun həmin Nikolayevin; 1929-cu ildə Edvin Lou adlı şəxs Binqo oyununu kəşf edib. 1896-cı ildə sovetlər dönəminin məşhur marşalı Georgiy Jukov doğulub.

Basketbolsevənlər, agah olun, 1891-ci ildə kanadalı-amerikalı müəllim Ceyms Neysmit besketbol oyununu icad edib. Detektivsevənlər, siz də agah olun, 1887-ci ildə sonradan məşhurlaşan ingilis yazıçısı Artur Konan Doyl Şerlok Holms obrazını yaradıb. Nağılsevənlər, 1835-ci ildə məşhur danimarkalı nağılçı Hans Kristian Andersenin ilk “Nağıllar” kitabı işıq üzü görüb; 1825-ci ildə Azərbaycanın taleyi ilə çox oynamış rus imperatoru 1-ci Aleksandr Romanov ölüb. 1783-cü ildə Parisdə ilk dəfə insan hava şarı ilə səmaya uçub. Bu, fizik Jak Şarl olub. Və 1761-ci ildə Londondakı məşhur mum heykəllər muzeyinin yaradıcısı Tüsso Mari doğulub.

2 dekabr.

Bank işçisi günü

Banklara borcu olmayan az adam taparsınız. Kim ki dara düşür, gerisini fikirləşmədən özünü dünyada analoqu olmayan fazilərlə kredit verən Azərbaycan banklarının boyunduruğu altına salır. Sonra da pulu qaytara bilməyib cəzaya məruz qalır. Bank işçisi günündə banklarımıza insaf, əhalimizə isə “dar gün kreditinə” düçar olmamağı arzulayırıq.

Birləşmiş Ərəb Əmirliyinin müstəqilliyi günü

Bizlərdə Dubay sözünə pis baxırlar, “Dubaya gedib gəlir” ittihamı ən pis ittihamdır. Amma Dubaya tək elə həmin anlamda gedilməz ki, ora gəzməyə, məişət texnikası, avtomobil almağa da gedilər.

Vaxtı ilə Dubayın da daxil olduğu Birləşmiş Ərəb Əmirliyi Britaniyanın müstəmləkəsi idi, “müvəqqəti Oman” adı altında 9 şeyxlik birləşmişdi. 1971-ci ilin bu günündə Əbu-Dabi, Dubay, Şarca və digərləri öz müstəqilliklərini elan etdilər, birləşdilər, ən varlı əmirlik olan Əbu-Dabi paytaxt elan edildi, onun şeyxi Zaid bin Sultan ilk əmir oldu. Bu gün BƏƏ dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alır, əhali tam rifah içindədir. Əlbəttə ki, neftlərinin hesabına. Dekabrın 2-si və 3-də əmirliyin əhalisi müstəqilliyi coşqu ilə bayram edəcək. İdarələr, məktəblər işləməyəcək, küçələr qələbəlik olacaq, bayram mərasimləri keçiriləcək. Ərəblər səxavətlə öz əcnəbi qulluqçularına pul paylayacaqlar. O cümlədən məlum səbəbdən Dubaya gedənlər də ikiqat qazanc əldə edəcəklər.

Soruşacaqsınız ki, ərəb kişiləri niyə ucdantutma ağ libasa bürünürlər. Cavab verirəm: ağ uzun libas – zəngin yaşamağa bir işarədir. Soruşacaqsınız ki, bizim də neftimiz var,  bəs biz niyə zəngin yaşamırıq? Bu dəfə cavab verməyəcəyəm.

Cahangir müəllimin menyüsünə

Bu gün beynəlxalq quldarlıqla mübarizə günüdür. Allah hər birimizi mənəvi qul olmaqdan qorusun. Bu gün oyuncaq dəmiryolu günüdür. Deyilənə görə oyuncaq dəmiryolu kolleksiyalarını ən çox eks dəmiryolu nazirləri toplayırlar. “Laosda müstəqillik, Kubada hərbi qüvvələr, Belarusda hüquqşünas günüdür” kəlmələrini yaza-yaza fikir məni Amerika mətbəxinə çəkir, görəsən onlarda hansı bayramdır deyə düşünürəm, deməzsənmiş, milli oladi şirniyyatı günüymüş.

1991-ci ilin bu günündə qardaş Ukrayna müstəqilliyini elan edib, ilk olaraq bunu tanıyan Kanada və Polşa olub. 1981-ci ildə Amerikanın pop-divası Britni Spirs doğulub. (Bizim də divamız, gərək ki, Aygün Kazımovadır). 1982-ci ildə Yuta universitetinin cərrahları pensiyaçı Barni Klarka ilk süni ürək qoyublar, bu ürəklə həmin şəxs 112 gün yaşayıb. 1969-cu ildə Sietl və Nyu-York arasında 191 sərnişinlə ilk Boinq təyyarəsi uçub. (Bu xəbər AZAL başbiləni Cahangir müəllim üçün yəqin maraqlı oldu). 1946-cı ildə Canni Versaçe doğulub, dünyanın ən ünlü kuturyelərindən biri. Əfsus ki, bu böyük şəxsiyyəti öz evinin kəndarında güllələyiblər. 1923-cü ildə dünyanın ən gözəl soprano səsli müğənnisi hesab edilən yunan Kallas Mariya dünyaya gəlib. 1901-ci ildə amerikalı Kinq Jilett ikitərəfli birdəfəlik lezvaya patent alıb. Təbii ki, üz, o cümlədən bığ qırxmaq rahatlaşıb. (Füzuli aeroportunun açılışında Azərbaycan və Türkiyə prezidentləri ilə üştərəfli “bığ” söhbətindən sonra bu xəbər də Cahangir müəllim üçün yəqin maraqlı oldu). 1870-ci ildə Roma İtaliyanın paytaxtı elan edilib. 1852-ci ildə Fransa prezidenti Napoleon Bonopart özünü Fransanın imperatoru elan edib. 1859-cu ildə pauntalizm cərəyanının banisi olan fransız rəssam Sera Jorj doğulub. 1823-cü ildə ABŞ prezidenti Ceyms Monro Avropa ölkələrinin Amerika qitəsinin işlərinə qarışmamaq prinsipini irəli sürüb.

Və ən nəhayət, Alfons Fransua de Sad

1814-cü ilin 2 dekabrında Alfons Fransua de Sad adlı fransız yazıçı dünyadan köçüb. Markiz de Sad adı ilə tanınan bu yazar heç bir əxlaqla, qanunlarla, dinlə tənzimlənməyən mütləq azadlıq tərəfdarı idi, əsərlərində başqalarına əzab vermək bahasına belə öz həzzlərinin təminatını təbliğ edirdi. Və indi bütün dünyada ən pis təmayül sayılan sadizm bu şəxsin adı ilə bağlıdır.

İnsanlar iki halda tarixdə qalırlar. Ən yaxşı və ən pis olanda. Yetər ki, bizlər yaxşı olub tarixdə qala bilək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR