Kürdəmir sakini evinin qəsdən yandırıldığını və polisin şikayətinə baxmadığını iddia edir - ŞİKAYƏT

2023-01-24 12:54:00

Kürdəmir sakini evinin qəsdən yandırıldığını və polisin şikayətinə baxmadığını iddia edir - ŞİKAYƏT

Hərbçi Şamil Qarayev deyir ki, hadisəni törədən şəxsin kimliyi barədə polisə məlumat versə də, cinayət faktı ilə bağlı heç bir araşdırma aparılımır

Kürdəmir rayonu, Qaramahmudlu kənd sakini Qarayev Şamil Adil oğlu tərəfindən “Hürriyyət” qazetinin redaskiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçi bildirir ki, qardaşı ilə birgə yaşadığını qəsdən od vurulub, lakin cinayətkar axtarılmır:

“Cənab Prezident!

Yazaraq sizə bildirirəm ki, mən, Qarayev Şamil Adil oğlu, 2010- cu ildən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir vəzifəsində çalışıram. 2016-cı ildə aprel döyüşlərində, 44 günlük Vətən Müharibəsində Xocavənd, Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edərək, dövlətimizin bir sıra medalları ilə təltif olunmuşam.

2014-cü ildə ailə həyatı qurmuşam, 4 övlad sahibiyəm. Mənim qardaşım da bir hərbçi olaraq Müdafiə Nazirliyində şərəflə xidmət edir. Biz iki qardaş kəndimizin münasib bir sahəsində qazandığımız məvacibdən özümüzə ikimərtəbəli ev tikdirmiş və yaxın zamanda ailəmizlə həmin evə köçməyi qərarlaşdırmışdıq. Lakin 2021-ci ilin dekabr ayının 7-də, səhər saat 6-da yaşayış olmayan evimizdə yanğın baş verib. Həmin yanğın hadisəsinin qarşısı tezliklə alınsa da, evimizin az bir hissəsi yanğından zərər görmüşdür.

Mən və qardaşım bunu adi hadisə kimi dəyərləndirib, evin yanan hissəsini təmir etdirdik.

2021-ci ilin dekabrın 11-dən 12-nə keçən gecə, saat 03:20 radələrində qonşu bizə zəng edərək, evin yanıb külə döndüyünü bildirdi. Biz hadisə yerinə gələndə artıq gec idi, ikimərtəbəli ev yanaraq külə dönmüşdü. Mən dərhal DİN-in 102 xidmətinə müraciət etdim. Fövqəladə Hallar Nazirliyi və Ədliyyə Nazirliyinin ekspertləri hadisə yerinə baxış keçirdi. Baxış keçirilən zaman bu hadisənin qəsdən, yanğının benzinlə törədildiyi bildirildi. Sonradan ekspertin götürdüyü nümünələrin labarator müayinəsi zamanı da hadisənin bilərəkdən, qəsdən törədilməsi faktı tam təsdiqini tapdı.

Bu hadisənin ibtidai istintaqını Kürdəmir Polis Şöbəsinin Təhqiqat şöbəsi, eləcə də Əməliyyat və İstintaq şöbəsi araşdırmağa başladı. Bu cinayət hadisəsinin ilkin araşdırmasını müstəntiq Fuad Babayev, sonra istintaq şöbəsinin müstəntiqi Əlvan Məmmədov aparır. Bu cinayət tərkibli yanğın hadisəsinin araşdırılmasına rəhbərliyi Kürdəmir Polis Şöbəsi rəisinin birinci müavini Anar Əliyev, Tədqiqat Şöbəsinin rəisi İlkin Kərimov edir. Çox təəssüflər olsun ki, qəsdən törədilmiş cinayəti “öz şəxsi” maraqlarına qurban verən Anar Əliyev və  ilkin Kərimov kimi polis əməkdaşları gənc hərbçi ailəsinə arxadan süngü vurmaqla, yəni cinayətkarı və cinayəti ört-basdır etməklə bilavasitə Kürdəmir Polis Şöbəsinin fəaliyyətinə kölgə salaraq, məmur özbaşınalığı etmişlər.

Bu hadisənin stressindən dörd azyaşlı övladım, anası gənc qadın xəstəliyə düçar oldu. Yaşlı anam hadisənin şokundan ürək-damar xəstəliyi tapdı. Ailəmiz külli miqdarda maddi və mənəvi ziyan çəkdi. Həyat yoldaşım Mərkəzi Klinikada ağır beyin əməliyyatı keçirdi. Kürdəmir Rayon Polis Şöbəsi rəhbərliyinin bu qəsdən törədilmiş yanğın hadisəsini obyektiv araşdırmayaraq, cinayəti bilərəkdən ört-basdır etməsi, küllü miqdarda maddi və mənəvi ziyan çəkmiş hərbçi ailəsinin hüquq və azadlıqlarına zərbə vurmaqla “böyük rüşvət” hesabına bu cinayət hadisəsini bizlərdən gizli saxlamaqla, araşdırmanı dayandırmışlar.

Kürdəmir polisi bizim bu məsələ ilə bağlı müraciətlərimizə rədd cavabı vermişdir. Həmçinin, mənim bu cinayət tərkibli yanğın hadisəsinin araşdırılması haqqında Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciətlərim də, təəssüf ki, cavabsız qalıb. Bir ildən artıqdır ki, bu hadisənin şəffaf, obyektiv araşdırılmasını tələb etsəm də, mənim müraciətlərimə baxılmır.

Cənab Prezident!

Mənim evimin qəsdən yandırılmasından əsas şübhəli şəxs bizimlə əvvəldən münaqişəsi olan həmkəndlimiz Səməndər Abdullayevdir. Bu şəxsin kəndimizdə baş verən bir sıra oğurluqlarda və digər yanğın hadisələrində də şübhəli şəxs kimi adı hallandığı halda, Kürdəmir Polis Şöbəsi onun haqqında heç bir dindirmə və araşdırma aparmır. Səməndər Abdullayev bu oğurluqların və yanğın hadisələrinin “sifarişçi” kimi kənddə “at oynadır”. Bu şəxs qeyri-rəsmi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətinin “dəllalı” rolu oynayır. O, vətəndaşların haqqına girərək onların vəsaitlərini qeyri-rəsmi yolla mənimsəməklə çirkli pullar qazanır.

Biz Səməndər Abdullayevin bu qeyri-qanuni yollarla qazandığı pullar barədə və “sifarişçi” kimi kənddə törətdiyi yanğın hadisələrinin bir sıra dəlil-sübutlarını Kürdəmir Polis Şöbəsinin rəis müavini Anar Əliyev və İlkin Kərimovun diqqətinə çatdırsaq da, bizim müraciətlərimiz cavasız qalıb.

Cənab Prezident!

Siz Ali Baş Komandansınız. Mən bir hərbçi kimi hər zaman Sizin əmrinizdəyəm. Sizin gərgin işinizi mən bir hərbçi kimi daha çox başa düşürəm. Dövlət başçısının vətəndaşlarına qarşı isti, səmimi münasibəti, qayğısı göz qabağındadır. Lakin çox əfsuslar olsun ki, dövlətimizdə məmur özbaşınalığı, bürokratik əngəllər, hüquq-mühafizə orqanlarında vəzifələrindən sui-istifadə edən şəxslər mövcuddur ki, belə hallar dövlətimizin işinə böyük xələl gətirir. Belə neqativ halların aradan qaldırılmasında ictimai nəzarətə böyük ehtiyac var.

Cənab Prezident!

Mən öz adımdan, bir hərbçi ailəsi adından zərərçəkmiş kimi qəsdən törədilmiş yanğın hadisəsinin obyektiv araşdırılması və Kürdəmir Polis Şöbəsində baş verən neqativ halların aradan qaldırılması üçün hüquq mühafizə orqanlarına ciddi göstəriş vermənizi xahiş edirəm. Bizim ailəmiz əmindir ki, hörmətli Prezidentimiz və rəhbərlərimiz hüquqlarımızın bərpa olunması üçün əlindən gələn köməkliyi edəcək və bu müraciəti diqqətdə saxlayacaqdır”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.167550