Saat:01:18
Haqqımızda

Kukla haqqında esse

2021-11-30 13:47:00

Kukla haqqında esse

Bu əhvalat lap çoxdan olmuşdu: mənim uşaqlıq illərimdə, 50-ci illərdə. Bi­zim ailə dəmiryolçular sırasında idi, atam stansiya rəisi, dayılarım, əmim oğlan­la­rı və qardaşım bu peşə sahəsində çalışardılar.

         Bakıya yolumuz tez-tez düşürdü qatarla. Dükanlara valideynlərimlə gəzdik­cə uşaqlarmı, böyüklərmi– fərqi yox idi­ – maraqlı şeylərə baxardım. Anam yolunu məş­hur və yeganə “Uşaq univermağına” apardı. (Bura hələ də durur, amma başqa tə­yinatla). İki şey diqqətimdən yayınmadı: kukla və kiçik velosiped. Bu və ya baş­qa şeylərdə mənimçün “füsünkar” mənzərə təsiri bağışlamaqda idi.

         Anam əlimdən tutmuşdu ki, aza bilərəm, digəl axtar tap kəndli balasını. Sən demə, mağazanın ayrı-ayrı yerlərində də oyuncaqlar varmış: şüşədən, tənəkdən, tax­­­tadan düzəldilmiş bir çox gözəl oyuncaqlar. Vitrinin qarşısında (çıxanda gözü­mə sa­taş­mışdı) ən yaxşı, gözəgəlimli yerdə, ağ dəsmallar üzərində təxminən yarım metr hündürlükdə böyük kukla qoyulmuşdu. Kuklanın əyninə çəhrayı rəngli krep par­ça­dan tikilmiş zərif paltar geyindirilmişdi. Başında qızıl sünbülləri, narın saç­la­rı, göy gözləri mənə “baxırdı”, eh, uşaqlıq həsrətindən doğan yaddaş!

         Bu maraqlı oyuncaq satılmırdı, gələn gedənləri şirnikdirirdi, almağa həvə­s­lən­­dirirdi. Mənim imkanım olsaydı xeyli vitrinin qabağında dayanar, qəribə kuk­la­ya tamaşa edərdim. Xatırladım ki, neçə illərdən sonra Bakıya ali təhsil alma­ğa gə­­­­ləndə həmin univermaq – mağazaya gəldim, vitrin yerindəydi, amma kukla ye­rin­­­də yox idi, sanki uşaqlıq xatirələrimdən kövrək bir vərəq itmişdi! İndi o gün üçün sual versəydim ki, vitrindəki həmin kuklanı satsaydılar alan tapılardımı? An­caq bu im­ka­na müəllimlər, həkimlər, nefçilər malik idilər...

         Bu kuklaya, eləcə də başqa dükanlardakı kuklalara ən çox həsədlə baxan qız­cı­ğazlar idi ki, “cocuqlar” da deyilir. Bu uşaqlar Sabirin, Səhhətin, Şaiqin təsvir et­dik­ləri deyildi, bağçada tərbiyə alan körpələrdi, elə vitrindəki kuklalar da.

         O illərədə bir qızcığaz vardı, anası ilə “uşaq aləmi”nə gələndə qəmli və pə­ri­şan halda “xanım” adlandırdığı qəşəng kuklaya baxmaqdan özünü saxlamağı ba­car­­­­mır­dı, mat-mat baxırdı. Hələ bu kuklaya əli dəyməmişdi. Mağaza onun üçün se­hir­li aləmdi, kukla isə əfsanəvi bir xəyal kimi görünürdü. Ehtiyacdan hələ qurtar­ma­mış ailələr və onların xüsusilə qızcığazlarının gözləri önündə nura bələnmiş, sə­rab kimi heyrət, ehtişam, səadət lövhələri canlanırdı. O qız uşaqlara xas həzin, sa­də­­dil bir fəhmlə, onu böyük kukladan nə qədər dərin uçurum ayırdığını duyurdu! Və pıçıldayırdı ki, belə “xanım qızcığaz”la oynamaq üçün gərək şahzadə olasan! O, qəşəng, güllü paltarlı sarışın saçlı, göy gözlü kuklanı seyr edir, dü­şü­nür­dü ki, bu kuk­la necə də xoşbəxtdir! Baxışlarını “sehirli uşaq aləmi”ndən çəkmir, digər oyun­caq­­­­lara baxdıqca daha çox heyrətə dalırdı.

         Həmin kukla tək deyildi, yan-yövrəsində kiçicik kuklalar da vardı, böyük kuk­­­­­­­lanın kənizləri idi, nağıllarda olduğu kimi. Qızın gözlərinə pərilər, mələklər qis­­­­­mində görünürdü. Satıcı isə ən xoşbəxt idi, kuklanın yanında idi. Bu zaman bir qa­dın nəsə soruşdu, aldığı cavabı eşitdi: – Əzizim, bax bu kukla, o birisindən daha gül­­­­məlidir, Baxın necə tərpənir, ciyildəyir, – deyib yanındakı uşağı özünə tərəf çək­­­­­­di, meh­ribanlıqla pıçıldadı: – Gəl kuklayla oynayaq. O mənim qızım olsun, mən də xa­­nım. Mən ikimiz ona qonaq gedərik, doyunca baxarsan, danışdırarsan, hə? Saç­la­rı­nı dararsan, yanaqlarından öpərsən, sığallarsan. O səsini çıxaracaq, sə­nə öz təşək­kürünü çatdıracaq. Nəhayət, mən deyəcəyəm: “Bu mənim kiçik qı­zım­dır, in­­di ba­laca qızlar bir-birinə oxşayır. Səninsə saçların qaradır, gözlərin də qara­dır, bu kuk­lanın isə...”

         Kuklalar quşlara bənzərdi, onlar hər çör-çöpdən yuva tikirlər, siz uşaqlar ki­çik kəsik parçalardan kukla qayırırsız. Hətta rənglədiyiniz kağızlardan! Qızcığa­zın evdə pişiyi vardı, onu hərdən bələyirdi kukla əvəzinə, pişik də bu qayğıya alış­mış­dı, xoşallanırdı. Laylanı eşidəndə xumarlanırdı...

         Kukla qızlar üçün kövrək ehtiyaclardan biridir, habelə onlarda ən gözəl qa­dın hisslərinin mücəssəməsidir: oxşamaq, bəzəmək, geyindirmək, soyundurmaq, dan­­­­­­la­­maq, yatızdırmaq, oyatmq – qadının gələcəyi bunlarla bağlı olmurmu? Bu ba­la­­­ca qız(lar) arzuların qanadında danışa-danışa, gəlin cehizi hazırlaya-hazırlaya, əs­ki­­ləri yuya-yuya, paltar, xırdaca don tikə-tikə körpə uşaq balaca qıza, balaca qız bö­­yük qıza, böyük qız qadına çevrilir. Bəli, birinci uşaq sonuncu kukla deməkdir.

         Mənim təsəvvürümdə kuklasız balaca qız uşaqsız qadına bənzər bir talesiz məx­­luqdur. Amma mənim qəhrəmanım balaca qızcığaz kuklasız qalmamışdı, kəsik parçalardan özü üçün qəşəng kukla düzəltmişdi.

 

2.

 

         Kuklalar (gəlinciklər) harada yaranıb? – sualını tez-tez eşidirik tərbiyəçi müəl­lim­lərdən, hətta tələbə qızlardan. Kuklanın tarixinə baxanda o, insanın ən qə­dim yoldaşlarından sayılır: həm ibtidai, həm də inkişaf etmiş xalqlarda görmək müm­­­­­kündür. Misir, Yunanıstan, Roma kimi qədim sivilizasiyalarda da kuklalar ol­muş­­dur.

         Ehtimal ki, ilk kuklaları böyüklər yox, uşaqlar daş ocaq kimi təbii şeylərdən düzəltmişlər. Lakin insanların çoxu üçün kuklalar təkcə oyuncaq deyildir. Məsələn, Ame­­rika hinduları arasında uşaq kuklası bütün materikin obrazı idi, ağacdan qa­yı­rır­­dılar. Kukla uşaqların dini ruhda tərbiyəsinin bir tərkib hissəsidir.

         Yaponiyada bəsit uşaq kuklaları, deyək ki, yıxılmış söyüd ağacının buda­ğın­dan hazırlanardı: əyninə kağız paltar geyindirilirdi. Elə xalqlar vardı, kuk­la­ya “g­ü­nah keçisi” deyərdi. Belə ki, onu geyindirir, yedirir və analara verirdilər – kukla ilə bir canlı kimi davranırdılar ki, şər qüvvələri ailədəki uşaqlardan yayındırsınlar. La­kin bu cür “sehrli” kuklalardan savayı yapon qızlarının adi oynamaq üçün də kuk­la­ları vardı.

         İslam dini insanı təsvir etməyə qadağalar qoyurdu, lakin bizi müsəlman xalq­­­­ları ərə gedən qızlara bəzəkli gəlin – kuklalar bağışlayardılar – bu, adət idi.

         Kukla(lar) Afrikada da geniş yayılmışdır, amma ondan oynamq üçün deyil, müx­­təlif rituallarda magiya məqsədiylə istifadə edirlər. Əlbəttə, bu hal bütün xalq­lar­da həyata keçirilmir.

         Avropada da qədim dövrlərdən kuklalar əsasən dini rituallarda müqəddəs­lə­rin obrazları ilə, Milad bayramı ilə bağlı olurdu. Xristianlığın protestant məzhə­binin da­şı­yıcısı olan Avropa ölkələrində kuklalar katolik məzhəbli ölkələr­dən daha tez adi oyuncaq sayılmağa başladı.

3.

         Oğlan uşaqlarına kukla o dərəcədə də çatmır nəinki qızlara. Görünür, gələ­cək­də kukla ilə oynayan qızlar gəlin olacaqlar, ocaq yandıracaqlar, dünyaya körpə gə­­tirəcəklər və bu cocuqlara kukla verəcəklər əylənmək üçün, düşünmək üçün! Bəs oğlanlar nə fikirləşə bilərdi? Yəqin mən uşaqkən kukla ilə oynayanda bir anda, bir göz qırqımında böyümüşəm, yeniyetmə və gənc yaşlarıma çatmışam. Deməli, mə­nim­lə bərabər kuklam da yaşa dolmuşdur. Bəs nə qalır? Axı biz uşaqlıqdan bir-bi­ri­­mi­zi sevmişik! Deməli, bu əyləncəli kukla indi gəlin olubdur. Bir zaman isə gə­lin­­­­cik idi. Məntiqlə, “gəlincik” adını doğrultmur, “kukla” isə bir əyləncə obyek­ti­dir: oy­­nasınlar, şənlənsinlər və düşünsünlər. Belə bir məntiqdən yanaşsaq, gəlin­cik­­­lə kuk­la arasında paradoksluq yarana bilər...

         Kukla uşaq – körpə üçün danışan, hərəkətdə olan canlıdır, amma varlıq de­yil. Uşaq bu “varlığa” ağıl, xarakter, hiss vermək istəyir və düşünür ki, nə üçün be­lə olmasın? Bu cocuğun daxilindən gələn kövrək tələbatdır. Əlbəttə, bunu ana­dan­gəlmə kimi qəbul etməməliyik. Kuklaya olan bu münasibət uşağın özəl hə­ya­tın­da ilk təmasda olduğu cansız əşyadır, amma dilimlənmiş parçadan düzəldil­miş kuk­la de­yil!

         Uşaq nə fikirləşəcəyini, nə deyəcəyini və nə cavab alacağını kuklasından umur. O, niyə bunları anasından soruşmur? Yox, uşağın öz daxili aləmi var ki,  heç kə­­sə, hətta anasına sirdir. Və bu yanaşma baxımından o, yalnız kuklaya ürəyini aça bi­­lər. Qəribə deyilmi? Və həm də qəribədir ki, kukla ilə yatıb durur! Kövrəkliyə bax: axşam anasının süd qoxulu ağuşunda yatacaq və bu həsrətli gözlər uşaq – kuk­la­­sını qolları arasına alır, hətta ona “laylay” deyir. Möcüzə! Hansı instinqdir bu? Ana­lıqmı? Bəli! Oğlan uşaqlarına isə bu hissləri şamil edə bilmərik. Onları az son­­ra kukla maraqlandırmır. Əsla: maşın, qladiator, dəbilqə, əsgər... diqqətindədir, hət­­­­­ta qılıncın bədəninə dilimlənmiş parçalar geyindirib “kukla” düzəldir. Onlar kişi cin­­­­sinə məxsus psixologiyadır.

         Kuklaya münasibət həyatda ilk dəfə təmasda olduğu ilk cansız əşyadır, lakin onu danışdırmalıdır. Bu kuklanı usta dünyaya “gətirmişdir” ki, balaca uşaqlar onun­la dil tapsın, suallar versin və darıxmağa qoymasın.

         Bağçaya yenicə qədəm qoyan uşaq özüylə o kuklanı da gətirir, əzizləyir, “kor­­­luq” çəkməyə qoymur. Tərbiyəçi kənardan müşahidə aparır, kuklası ilə dil ta­pan uşağın öz dünyasını yaratdığına sevinir, bəlkə də balacalıq illərini xatırlayır.

         Kukla sadəcə əylənmək üçün düzəldilmiş cansız əşya deyil, onu hazırlayıb sa­­tırlar, irisini, böyüyünü vitrinə çıxardırlar: kuklanın elə uşağın özü boydası da var. Maraqlı odur həmin kukla nə qədər geyimli-keçimli olsa da uşaq onu soyun­du­rur, bər-bəzəkli paltarını kənara atır və başlayır öz zövqü ilə müxtəlif par­ça tikə­lər­dən hazırladığı paltarlarla geyindirməyə. Və güman ki, kövrək, bəlkə də mə­na­sını an­la­madığı hisslərini yaşamağa. Daha onun üçün qəribsəmir, qoyur bir kə­nara. Kuk­lasına nəğmə oxumur, bircə “Şirin yuxu aparsın səni” pıçıldayır. Özü isə rəngli televizorun ekranına baxışlarını göndərir. Nə görsə yaxşıdır: özü yaşda qız­la­­ra apa­rı­cı xanım qəribə-qəribə suallar verir. Cavablarını anasına versə o xanim – aciz qa­lır! Belə də cavablar olar? – Sualları ekrandakı xanıma tuşlayır.

         – On­la­rın kuklası bəs hanı? – Gileylənir öz-özünə: – İndi onların kuklası da­rı­xır, ağlayır. Bura­xın getsin kuklalarının yanına.

         Belə sualları böyüklərə verin də! Onlar hələ uşaqdılar axı! Kuklaları var!

         O uşaqlar məgər gəlinciklərdir ki, siz...

         Ekran işıqlı ömrünü söndürür, başqa verlişə işıq düşür.

         Qayıdır kuklasının yanına. O, darıxmışdır, sıxır ağuşuna. Kirpiklərində mür­gü çapalayır.

         – Tez yat, sabah da erkən oyan. Axı...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR