KTMT Ermənistana hərbi dəstəyə dair sənədi qəbul etmədi

2022-11-24 09:16:00

KTMT Ermənistana hərbi dəstəyə dair sənədi qəbul etmədi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana kömək göstərilməsi tədbirləri haqqında qərar layihəsi “yüksək hazırlıq vəziyyətindədir”, amma “müəyyən müddəalarının işlənməsinə ehtiyac var”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu noyabrın 23-də təşkilatın baş katibi Stanislav Zas şura sessiyasının nəticələri barədə danışarkən deyib:

“İki sənəd bu gün xüsusilə müzakirə olunub. Bunlar Ermənistan Respublikasına kömək göstərilməsi barədə qərarın layihəsidir. Sənəd yüksək hazırlıq vəziyyətindədir. Ümumilikdə, əlbəttə, Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bu heç də sadə olmayan situasiyada Ermənistana köməklik göstərilməsinə dair kompleks tədbirlər razılaşdırılıb və müəyyənləşdirllib”.

Zasın dediyinə görə, sənəd ümumilikdə tanınıb, amma onun bəzi müddəalarının işlənməsinə ehtiyac var.

Zas bildirib ki, sənəd bundan sonra imzalanmaq üçün KTMT-yə üzv dövlətlərin başçılarına təqdim olunacaq.

Zas əlavə edib ki, “KTMT Kolektiv Təhlükəsizlik Şurasının bəyannaməsi də yüksək hazırlıq vəziyyətindədir, amma bugünkü müzakirələrin nəticələrinə görə bu sənədə bir sıra redaktələr edilməlidir”. KTMT baş katibi bunu “normal proses” adlandırıb. 

Ermənistanın baş naziri Nikol Paşinyan da deyib ki, KTMT ölkələri başçılarının iclasında 15 qərar qəbul olunub, daha iki sənəd təkrar işlənməyə göndərilib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən sammitində təşkilatda sədrliyi Ermənistandan təhvil alan Belarusun prezidenti Alyaksandr Lukaşenka deyib ki, imzalanma üçün təqdim olunan sənədə Yerevanın iki düzəlişi qəbul olunmayıb.

Lukaşenka deyib: “Biz qərara gəldik ki, bu iki bəndi qəbul etməyək və onların dərinliyinə varmayaq”.

Lakin Belarus prezidenti bu bəndlərin nədən ibarət olduğunu açıqlamayıb.

Azatutyun yazır ki, Yerevan KTMT sammitindən habelə “Azərbaycanın təcavüzünə siyasi qiymət verilməsini” gözləyirdi. Rəsmi Yerevan da sənədə hansı düzəlişləri təklif etdiyini açıqlamayıb.

Lukaşenka deyib: “Amma biz ilk dəfə olaraq qərara gəldik ki...(və bu istiqmətdə konkret hərəkət vardı) razılığa gəlmək üçün mövqelərin uyğun gəldiyi məqamlar var. Və biz hamımız başa düşdük ki, bu münaqişə Ermənistan-Azərbaycan münaqişəsidir. Əgər biz bu gün müzakirə etdiyimiz kimi hərəkət etsək, münaqişə qurtaracaq və sülh müqaviləsi imzalanacaq. Nikol Vovayeviç susur, deməli o da mənim dediyimlə razıdır”.

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib.

Bunu Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir. Paşinyan KTMT-ni kəskin tənqid edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtina etməsinə görə kəskin tənqid edib.

KTMT-nin noyabrın 23-də Yerevanda keçirilən sammitində Paşinyan xatırladıb ki, onun ölkəsi bu ilin yanvarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev antihökumət iğtişaşları zamanı KTMT qoşunlarını köməyə çağırarkən bu çağırışa dəstək verib.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.

Paşinyan deyib: "Ermənistan KTMT-dəki sədrliyini başa vurur. Bu ilin KTMT üçün ildönümü olmasına baxmayaraq, bu il Ermənistan üçün ildönümü olmayıb. Son iki ildə KTMT-yə üzv dövlət Azərbaycanın azı üç hücumuna məruz qalıb və yeri gəlmişkən, biz indiyədək KTMT-dən Azərbaycanın təcavüzünə hər hansı bir reaksiya almamışıq və bu, təşkilatın nüfuzuna böyük zərbədir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.122356