Saat:10:18
Haqqımızda

"Kreml indi heç bir addım atmasa, 2024-cü ildə Putinin seçkiləri fiaskoya uğraya bilər" - NATİQ CƏFƏRLİ

2022-01-28 10:43:00

"Rusiya "sülhməramlılarını" 2025-ə qədər məmləkətdən çıxara bilməsək, "dəmir pərdənin" Rusiya tərəfində qala, ya da altında əzilə bilərik"

"Rusiya özünü ciddi dalana salıb. ABŞ və NATO Kremlin ultimatumuna cavab verdi, Lavrov qeyd edir ki, bu tam bizi qane edən cavab deyil, əsas tələbimizi isə qəbul etməyiblər. Əsas tələb də NATO-nun genişlənməyəcəyinə Qərbin yazılı zəmanət verməsi idi ki, bu da baş vermədi, baş verməsi, zatən, mümkün də deyildi". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq qeyd edib ki, indi top Kremlin sahəsindədir, əgər cavablara qane olub uzun-uzadı danışıqlara razılıq versə, Putin bunu daxili ictimai fikrə sırıya bilməyəcək: "Kreml uzun illərdir ki, aqressiv, militarist, “imperialist” toplum formalaşdırıb, indi öz yaratdığı gözləntilərin əsrinə çevrilib. Kreml indi heç bir addım atmasa artıq məğlub duruma düşücək, 2024-cü ildə Putinin seçkiləri fiaskoya uğraya, “hərbi-militarist” və “imperialist” qüvvələr ona qarşı çıxa bilər. Rusiyada liberal müxalifət yoxdur, zatən yaranması da müşkül məsələdir, tarixi ətalət, cəmiyyətin kodları liberal müxalifətin yaranması üçün münbit zəmin deyil. Rusiyada həm “sol”, həm də “millətçi-şovinist-dövlətçi” qüvvələr var, Putinin onların ortaq, “Tarixi rus torpaqlarını qaytaran”, statusunda olan bir liderdir".

Natiq Cəfərlinin fikrincə, Kreml indi dala addım atıb “Donbasın” ilhaqından, “SSRİ-nin” fərqli formada bərpasından imtina etsə, Putini “yeyəcəklər: "Yaxşı, tutalım dala addım atmır, “militarist-imperialist” cəmiyyətinə mesaj üçün nəsə etməlidir – bu nə ola bilər?! Bir neçə dəfə qeyd etmişəm: Çox güman, Rusiya ilk olaraq “DLR və LNR”-i tanıyacaq, sonra məhz onların bayrağı, adı altında Ukrayna ilə lokal savaşlara gedəcək, əsas hədəfi də Ukraynanın Azov Dənizinə çıxışını tam qapadaraq “Donbas” vasitəsi ilə Krıma quru yol əldə etmək, Krımın su problemini birdəfəlik çözmək olacaq – bunları etsə, Rusiya cəmiyyəti “Çarı” 2024-də bəh-bəhlə yenidən taxta oturdacaq. Yaxşı, əgər Kreml bu ssenari ilə davransa, o zaman Qərb nə edəcək?! Təbii ki, bəzi sanksiyalar olacaq, amma sonda razılaşacaqlar ki, Krım və “Donbas” itirildi, Ukraynanı bunu qəbul etməyə məcbur edəcəklər, amma əvəzində də Ukraynanın yerdə qalan hissəsi NATO və AB-yə üzv olacaq. Bundan sonra Kreml “DLN və LNR”-də referendum keçirib öz tərkibinə qatacaq, həmin ərazilərdə böyük hərbi bazalar qurub raketləri üzü Qərb tərəfə düzəcək".

Politoloq hesab edir ki, sonra bir müddət “soyuq müharibə” və “dəmir pərdə” işə düşəcək, Rusiyada post-Putin dönəminə hazırlıq başlayacaq, elitadan kimsə gizlicə Qərblə anlaşacaq, Putindən sonra gəlib münasibətləri düzəldəcək: "Amma işğal etdikləri torpaqları geri qaytarmayacaq, hər şey də Putinin üzərinə yüklənib tarixi barış elan ediləcək. Şəxsən mən vəziyyəti belə görürəm. Ən böyük təhlükədə məhz budur ki, yaxın zamanda “dəmir pərdə” işə düşsə və 8-10 il qalsa, bizim “pərdənin” hansı tərəfində qalmağımıza qərar vermək məcburiyyəti yaranacaq. Rusiya “sülhməramlılarını” 2025-ə qədər məmləkətdən çıxarda bilməsək “dəmir pərdənin” Rusiya tərəfində qala, ya da altında qalıb əzilə bilərik".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR