Saat:15:39
Haqqımızda

KREML “İMPERİYA KARTLARINI” AÇIR – Medvedev “Ukrayna Rusiyanın bir hissəsidir” deyir, Putin isə...

2023-03-24 13:55:00

KREML “İMPERİYA KARTLARINI” AÇIR – Medvedev “Ukrayna Rusiyanın bir hissəsidir” deyir, Putin isə...

Belə görünür ki, Rusiya rəhbərliyi uzun illərdir müxtəlif yollarla pərdələməyə çalışdığı imperiyaçılıq siyasətini və iştəhasını gizlətməkdən artıq tamamilə vaz keçib. Daha nə beynəlxalq hüquq, nə dövlətlərin ərazi bütövlüyü, nə suverenlik, nə də başqa anlayışları hesaba almadığını həm sözdə, həm də əməldə açıq şəkildə büruzə verir.

Hurriyyet.az xəbər verir ki, Rusiyanın sabiq Prezidenti, hazırda isə bu ölkənin Təhlükəsizlik Şurası katibinin müavini postunu tutan Dmitri Medvedev növbəti aşırı imperiyaçı və hədə-qorxu dolu bəyanatla çıxış edib. Medvedev deyib ki, “Ukrayna ümumiyyətlə, Rusiyanın bir hissəsidir”. Özü də bu bəyanat Çin sədri ilə Putinin görüşündə Rusiya başçısının Ukrayna ilə danışıqlara hazır olduğunu və Çinin təkliflərini nəzərdən keçirdiklərini bəyan etməsilə paralel səsləndirilib. Hansı ki, Çinin təkliflərinin birinci bəndi ölkələrin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur. Yəni, bir tərəfdə Putin Ukrayna ilə danışıqlar aparmaq istədiyini bildirir, digər yanda isə onun “dublyoru” Medvedev “Ukrayna Rusiyadır” deyir.

Medvedev Rusiya KİV-lərinə müsahibəsində deyib: “Ukrayna ümumiyyətlə, Rusiyanın bir hissəsidir, doğrusunu deyək ki, bu, Rusiyanın parçasıdır. Lakin geosiyasi və tarixi səbəblərdən irəli gələrək, biz uzun müddət ayrı-ayrı mənzillərdə yaşamaqla barışmışıq”.

Medvedev iddia edib ki, iki ölkə uzun müddət bu “uydurma sərhədlərlə” barışmalı olub: “Ukrayna ərazisi Rusiya imperiyasının bir hissəsi yox, imperiyanın özü olub”.

Onun fikrincə, ukraynalıların özləri isə elə ruslardır: “Həmçinin, bu ərazilər ilkin başlanğıcdan rus əhalisi ilə məskunlaşıb və hər zaman Böyük Rusiyanın ərazisi olub”.

Bunu tez-tez “paxmeldən əziyyət çəkən” Medvedevin növbəti sayıqlaması kimi qələmə verənlər olsa da, faktiki olaraq bu şəxs son illərdə Putinin ürəyindən keçənləri, lakin açıq mətnlə deyə bilmədiklərini səsləndirən “dublyor” rolunda çıxış edib. Odur ki, haqlı olaraq, Medvedevin dediklərinə və tez-tez sosial şəbəkələrdə yazdıqlarına Putinin fikirləri, baxışları kimi yanaşılır.

Medvedevin son müsahibəsində söylədiklərindən belə çıxır ki, Ukraynada ukraynalılar yaşamır, onun əhalisi ümumiyyətlə, ruslardan ibarətdir. Belə olan halda, hazırda Rusiya faktiki olaraq rusları bombalayır, soyqırıma məruz qoyur, işğal etdiyi ərazilərdəki uşaqları oğurlayıb Rusiyaya aparır, insanları ev-eşiyindən didərgin salır, işıqsız, qazsız, istiliksiz qoyur və sair.

Göründüyü kimi, Rusiya özü ərazi bütövlüyünü rəsmən tanıdığı dövlətə qarşı əvvəlcə “xüsusi hərbi əməliyyat” adlandırdığı, indi isə işğalçılıq müharibəsi olduğunu gizlətmədiyi qanlı savaş açması azmış kimi, bu gün də Medvedevin dililə açıq şəkidə deyir ki, nəinki Donbası və Krımı, bütün Ukraynanı Rusiya ərazisi hesab edir. Özünün və beynəlxalq birliyin rəsmən tanıdığı sərhədləri isə “uydurma” adlandırır.

Belə bir dövlətin bir gün, məsələn, Azərbaycanın da sərhədlərini “uydurma” adlandırmayacağına və buna uyğun hərəkət etməyəcəyinə kim təminat verə bilər? Çox təəssüf ki, bu cür bütün əndazələri aşan, nə beynəlxalq hüquq, nə müharibə qanunları, nə ərazi bütövlüyü, nə də adi bəşəri, insani dəyərləri tanımayan bir ölkə Azərbaycana “sülhməramlı” adıyla qoşun soxub, özünü vasitəçi sifətində Azərbaycana və regiona sırımağa çalışır, faktiki olaraq isə ərazilərimizin bir hissəsini işğal altında saxlayır...

Ümumiyyətlə, imperiyaçılıq, qatı millətçilik, şovinizm, haqsız işğalçılıq müharibələri bütün bəşəriyyət tərəfindən tarixən haqlı olaraq qudurğanlıq, quduzluq əlaməti kimi qəbul olunub. Quduran məlum canlıların son aqibəti isə həm tarixə, həm də zoologiya elminə çox yaxşı məlumdur...

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR