Kreditlərin faiz ödənişində dəyişiklik olacaq?
“İstehlak kreditlərinin faizləri ilə yanaşı diqqəti çəkən digər məqam bankların ödəniş cədvəli ilə bağlıdır”.
İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, hazırda istehlak kredit portfeli 7 milyard manatdan çoxdur və 3 milyon vətəndaşımız bu kreditlər üzrə borclanıb.
“Bütün bunlarla yanaşı, digər məqam bankların ödəniş cədvəlində ilk öhdəliklər üzrə faiz ödənişlərini önə salması ilə bağlıdır.
Belə ki, rəqəmlər göstərir ki, istehlak kreditlərində ilk aylar üzrə ödənişlərdə aylıq ödənişin 40 faizə yaxınını faiz ödənişləri təşkil edir. Məsələn, əgər vətəndaşın ilk dövrlər üzrə aylıq ödənişi 300 manatdırsa, onun təxminən 120 manatı məhz faiz ödənişidir. Yəni kommersiya bankları kredit üzrə hesabladıqları faizləri müqavilə imzalanandan qısa müddət sonra müştəridən almağa çalışırlar.
Eyni zamanda, müştərinin hətta yubanması yoxdursa və müəyyən müddətdən sonra birdəfəlik ödəniş ilə kreditini bağlamaq istəyirsə, bəlli olur ki, əvvəlki ödənişlərinin xeyli hissəsi faizlərə silinib. Əsas məbləğdə isə ciddi dəyişiklik baş verməyib. Bu o deməkdir ki, müəyyən müddətdən sonra vətəndaş krediti ödəyə bilmirsə və ya kreditini tam bağlamaq istəyirsə o zaman aydınlaşır ki, həmin zamanadək ödədiyi vəsaitin 40 faizə qədəri faizlərə çıxılıb”, - V. Bayramov qeyd edib.
Millət vəkilinə görə, faiz ödənişlərinin əhəmiyyətli hissəsini ön aylara daxil etməklə banklar bir tərəfdən risklərini sığortalamağa, digər tərəfdən isə gəlirliyini təmin etməyə çalışsalar da, bu, müştəri üçün xüsusi faiz öhdəlikləri yaradır:
“Bu, eyni zamanda, əsas məbləğ və faizlər üzrə ödənişlərin aylar üzrə proporsional və bəzən də ədalətli bölgüsünə imkan yaratmır.
Bu baxımdan banklar üçün əsas məbləğ və faizlər üzrə ödəniş qrafiki ilə bağlı ədalətli və proporsional bölgünün tövsiyəsi məqsədəuyğun olardı”.
Maraqlıdır, banklar niyə faizi əvvəldən alır, məhz “Banklar haqqında” Qanunda bu öz əksini tapıbmı?
İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, bank pulu faizlə verən bir qurumdur, yəni sələmçidir:
“Təbii ki, bank, məsələn, 10 min manat kredit verirsə, onun faizini alır. Azaldıqca faiz də azalır. Ödədiyin məbləğin bir hissəsi faiz, digər qismi əsas borcdur. Getdikcə əsas borc azalır, faiz də enir. Bunun başqa yolu yoxdur. Bu, dünyada da belədir, əks halda faizsiz verməlidirlər.
O zaman Azərbaycanda “İslam bankçılığı” olsun, faizsiz versinlər və əksinə işləsinlər. Fakt odur ki, bunlar faiz üzərində qurulan bankdır. O da borc məbləği çox olduğu üçün faiz də çoxalır.
“Banklar haqqında” Qanunda bu barədə məhdudiyyət yoxdur. Bu, sadəcə dünyada qəbul olunmuş riyazi hesablama tələb edən bir haldır”.
Nigar Abdullayeva