Saat:22:12
Haqqımızda

Korrupsioner, xalqa qarşı zülm edən məmur kütləsindən kənarda... - MÜXALİF PARTİYADAN MİLLİ HƏMRƏYLİK ÇAĞIRIŞI

2021-09-21 10:46:00

Korrupsioner, xalqa qarşı zülm edən məmur kütləsindən kənarda... - MÜXALİF PARTİYADAN MİLLİ HƏMRƏYLİK ÇAĞIRIŞI

ADP İdarə Heyətinin sonuncu toplantısında son vaxtlar rus sülhməramlılarının üçtərəfli sazişdə nəzərdə tutulan səlahiyyət hədlərini aşan hərəkətlərə yol verməsindən, Rusiya rəsmilərinin bu qüvvələrin istədiyi qədər ərazimizdə qalacağı, suverenliyimizi təhdid edən provakasion bəyanatlar səsləndirməsindən ciddi narahatçılıq ifadə edilib.

Partiyanın mətbuat xidmətindən Hurriyyet.az-a verilən məlumata əsasən, İdarə Heyəti Rusiya tərəfindən beynəlxalq hüquqa zidd olan bu cür təhdidlərin davam etdiyinə, 10 noyabr 2020-ci il tarixli bəyannaməyə görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə və Azərbaycanın suverenliyinə təhdid yaradan addımlar atdığına görə, Azərbaycan hakimiyyətini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədən birtərəfli qaydada imtina etməyə və Rusiya sülhməramlılarının ölkədən çıxarılması istiqamətində ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti Rusiyada keçirilən növbəti Duma seçkilərinin nəticələrini də müzakirə edib. İdarə Heyəti adı çəkilən ölkənin siyasi partiyalarının və müstəqil müşahidəçilərinin seçkilərin nəticələrinə dair ilkin açıqlamalarına əsaslanaraq bu seçkilərin qeyri-demokratik, kütləvi seçki saxtakarlığı ilə müşahidə olunduğu, rus xalqının iradəsini ifadə etmədiyini qeyd edib və dünya ictimaiyyətini də bu seçkilərin nəticələrini tanımamağa çağırıb.

İdarə Heyəti son vaxtlar Rusiyanın imperiya iddialarının qabarmasından, postsovet ölkələrini yenidən öz təsir dairəsinə salmaq iştahlarının artmasından, ilk nümunə olraraq Rusiya-Belarus ittifaqının yaradılması faktına da münasibət bildirib. Müzakirələrdə bu ittifaq “diktatorlar ittifaqı” kimi dəyərləndirilib və dünya ölkələrini bu cür imperialist cəhdlərə qarşı birləşməyə, Rusiyanın bölgə dövlətlərini və bütövlükdə dünyanı təhdid edən davranışlarına son qoymağa çağırıb.

İdarə Heyəti son günlər İran dövlətinin Azərbaycanla sərhəd boyunca hərbi təlimlər keçirərək, əzələ nümayiş etdirməsini, ölkənin dini liderləri tərəfindən Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirməsini, təcavüzkar Ermənistana açıq yardımlar göstərməsini ölkəmizə qarşı düşmənçilik siyasəti kimi dəyərləndirərək qətiyyətlə pisləyib və bu davranışın beynəlxalq hüquq prinsiplərinə, iki ölkə arasında dostluq, qardaşlıq, qarşılıqlı əməkdaşlığa dairə əldə edilmiş razılaşmalara zidd olduğunu diqqətə çatdırıb və hakimiyyəti İranın diplomatik qaydalarla uyğunlaşmayan bu hərəkətinə qarşı adekvat siyasət izləməyə çağırıb.

İdarə Heyəti son vaxtlar ölkədə yanacağın və ardınca zəruri istehlak mallarının qiymətinin kəskin şəkildə artmasından, xalqın sosial vəziyyətinin ağırlaşmasından, 44 günlük müharibədən qalib çıxan xalqımızın iqtisadi vəziyyətinin miskin hala düşməsindən ciddi narahat olduğunu bildirib. Mövcud sosial gərginliklər şəraitində qiymət artımlarının xalqla dövlət arasında dərin uçurumun yaranmasına xidmət etdiyini ifadə edən toplantı iştirakçıları qərəzli güclərin dövlətimizə qarşı apardığı məkirli siyasətin hökm sürdüyü bir şəraitdə korrupsioner, xalqa qarşı zülm edən məmur kütləsindən kənarda milli həmrəyliyə nail olunmasının vacibliyini qeyd edib. 

İdarə Heyəti son vaxtlar bölgədə nüfuz dairəsi genişlənən ölkəmizə qarşı, bir sıra qonşu dövlətlərin, Ermənistanın hərbi məğlubiyyətini heç cür həzm etməyən himayəçi xarici qüvvələrin Azərbaycana bu və ya digər formada təzyiqlər göstərməsini, separatçı rejimə dəstək verməsini, Ermənistanı yenidən uğursuz müharibəyə sürükləməsini diqqətə alaraq Azərbaycan və Türkiyə əlaqələrinin bütün müstəvilərdə güclənməsinin, hərbi təhdidlərə qarşı Azərbaycanla Türkiyə arasında konfederativ ittifaqın yaradılmasını zəruri hesab edib və hakimiyyəti bu yöndə təxirəsalınmaz addımlar atmağa çağırıb.

Hurriyyet.az

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR