Koronavirus və meymunçiçəyidən də təhlükəli...

2022-06-16 14:36:00

Koronavirus və meymunçiçəyidən də təhlükəli...

Koronavirus pandemiyasının acı fəsadları tədricən keçmişdə qalmaqdadır. Necə deyərlər, getsin, gəlməsin! Rəsmi rəqəmlərə istinad etsək, pandemiya dövründə 792 min 884 nəfər – ümumi əhalinin (10 mln. 317 nəfər) 7,7 faizi yoluxub, 9715 nəfər dünyasını dəyişib. Hər kəsin itkisi ağırdır, Allah hamısına rəhmət eləsin!

İndi dünyanın qapısını meymunçiçəyi virusu döyməkdədir. Artıq qonşu Gürcüstanda ilk yoluxma halı qeydə alınıb. Quru sərhədlərin sonsuzadək qapalı qalması da mümkün deyil. Yolların və sərhədlərin qapalı qalması heç xilas yolu da sayıla bilməz. İstənilən halda tədbirli, ehtiyatlı olmalıyıq, sonrakı peşmanlıq hez zaman fayda verməyib, bunu bilməyən yoxdur.

Acı bir reallıq var ki, bizdə ehtiyatlı, tədbirli sözlərinə sanki ögey münasibət var, əksər hallarda itkilərimiz məhz bu səbəbdən baş verir. Məsələn, bir neçə gün əvvəl rayonların birində məsul şəxs kanalizasiya quyusundan işçini xilas edərkən...özü zəhərli qazın təsirindən boğulub öldü. Kimlərsə deyə bilər ki, qəzavü-qədərdir, onun da taleyi belə yazılıbmış, daha nələr...Bu da belə yanaşanların söz haqqıdır. Amma və lakin.

Məgər o sahəyə cavabdehlər bilmirlərmi ki, zərərli və zəhərli maddələrin toplandığı, yaxud axdığı kanalizasiya quyusuna xüsusi geyimdən istifadə etmədən enmək olmaz?! Sovet dövründə biz məktəblilərə əleyhqazdan necə istifadə etməyi - özü də qısa zaman kəsiyində - öyrədirdilər. Məgər indi müxtəlif xidmət sahələrində çalışanlar bilmirlərmi ki, onlar nəfəs yolları açıq şəkildə hansısa tunelə daxil olsalar, orda boğula bilərlər? Ən azı hər gün, yaxud vaxtaşırı təhlükəsizliklə bağlı sənədə imza atılır...

Başqa acı fakt. Gənc yaşlarında bir usta binanın 5-ci mərtəbəsindən düşüb öldü. Səbəb nə idi, araşdırıldımı? Yay vaxtıdır, havanın temperaturu nəzərə alınmalıdır, yaxud işçilərin sağlamlıq durumu nəzarət altında olmalıdır. Bu sahədə nəzarətin ciddi şəkildə artırılmasına zərurət var. Tikinti obyektinin qatlarının ətrafına təhlükəsizlik həlqəsi yaradılsa, “setka” çəkilsə, ani olaraq təzyiqi düşən, yaxud qalxan, gözlərinə qaranlıq çökən gənc elə onun üzərinə düşüb salamat qala bilərdi, elə deyilmi?

Son günlər məktəblilərlə bağlı faciələrin sayı artıb. Dərs ilinin başa çatdığı ərəfədə məktəblilərin kütləvi şəkildə rayon turlarına istirahətə getdiyini müşahidə etdik. Bu turların bir neçəsi ilə bağlı acı xəbərlər gəldi, əvvəl Şəkidə, sonra isə Qobustanda avtobus qəzaları baş verdi. Yenə də bəhanələr, qarşılıqlı ittihamlar. Məlum oldu ki, burada bir günahkar varsa, uşaqlar özləridir. Nə valideynlərin, nə müəllimlərin, nə sürücülərin, nə də tur təşkilatçılarının günahı varmış, sən demə...

Kimsə soruşmadı ki, gecə saat 22.30-da 4-cü sinif şagirdlərinin Şamaxı yolunda nə işi varmış? Axı, o vaxt o yaşda uşaqlar evlərində, şirin yuxuda olmalıydı, qəzadan sığortalanmayan yollarda yox. O yolu iki həftə əvvəl gedib-gələnlərdən biri kimi, tam səmimiyyətlə bildirirəm: bəzi məqamlarda adamın özü ağzına gəlir, döngələr, darısqal hissələr, adamın üstünə yürüyən yük maşınları...Gündüz getmək belə, risklidir, o da ola gecəyarısı.

Uşaqlarla bağlı baş verən qəzalarda ölüm-itim olmadı, şükür. Amma yaralılar var, həm də psixoloji travma aldılar əksəriyyəti. Gecəyarısı baş verən qəza zamanı avtobusun pəncərəsindən çölün düzünə düşən uşağın psixoloji durumu necə olar, sizcə?..İstirahət beləcə, burunlarından gəlir körpələrin, məhz böyüklərin təhlükəsizlik tədbirlərinə, həm də qayda-qanunlara əməl etməməsi nəticəsində...Sürücülər narkotestdən keçirilirmi səfərə çıxarkən? Avtobusların saz vəziyyətdə olub-olmaması yoxlanılırmı? Həyati sığorta edilirmi turist səfərlərinə çıxanlar? Cavabsız suallar çoxdur. Yoxsa “əyləc tutmadı, betona çırpdım” arqumentilə məsələ bitməməlidir.

“Son zəng” günü Masallıdan olan 17 yaşlı yeniyetmə faciəli şəkildə dünyasını dəyişdi. Təsəvvür edin, bu il ya tələbə olacaq, ya da gələn il Vətəni qorumağa gedəcəkdi. Amma qara torpağın altına getdi, sinif yoldaşları ilə birgə gəzməyə çıxdıqları zaman sürüşüb çaya düşməsi nəticəsində...

Yeri gəlmişkən, ötən həftə Kəlbəcərdə də bir əsgərimiz məhz təhlükəsizlik tədbirlərinə əməl olunmaması nəticəsində həlak oldu, elektrik cərəyanı vurması ilə...Çox acıdır, çox. Düşmən qarşısında güllədən yayınmağı bacaran oğullarımız ani diqqətsizlikdən, “tok” vurmasından həlak olur.

Çimərlik mövsümü başlanıb artıq və boğulma statistikası da işə düşüb. Hələ nə havalar düz-əməlli qızıb, nə də su, amma ölürük... Bir iş adamı dənizdən batan şəxsi xilas edərkən özü boğulub. Üç uşağı yetim qaldı. Elan olunur ki, hava küləkli olacaq, yəni onsuz da riskli dənizlərdən olan Xəzərə can atmayın, yaxud dərinliyə getməyin! Amma nə faydası? Hər çimən şəxsin yanına da bir fövqəladə işçisi, yaxud polis qoymaq da olmaz axı. Gərək, hər birimiz təkcə özümüz üçün yox, ailə-uşağımız, doğmalarımız üçün yaşadığımızı da unutmayaq, dövlətimizə və vətənimizə borcumuzu da üstəlik. “Təhlükəlidir” sözü sanki zarafat kimi qəbul olunur, bir çox hallarda... Dənizin üzmək üçün ayrılmış hissəsinin ətrafındakı şarları, yaxud lenti keçmək xobbiyə çevrilib.

Yazını yekunlaşdıranda başqa bir faciədən xəbər tutdum. Bakı-Quba yolunda – təmir olunan hissədə hələ çox fəlakətlər olacaq bu gedişlə - iki tələbə qız qəzaya düşüb, biri ölüb, digər ağır xəsarətlər alıb, sürücü xanım da dünyasını dəyişib. Başqa yaralılar da var. Dəhşətdir, neçə ailənin çırağı söndü, illərlə yanıb-yaxılacaq doğmaları...

İyunun 22-də toyları olacaq cütlük də ötən həftə avtoqəzanın qurbanı oldu. Ailələr toya hazırlaşdığı halda, qapılarını vay xəbəri döydü. Adamların beli qırılır belə hadisələrlə...Ondan əvvəl də Balakəndə çox istedadlı müəllim qəza nəticəsində şagirdlərinin və onu tanıyanların ürəyinə dağ çəkdi ölümü ilə...

İllər öncə araşdırmışdı, Azərbaycan yollarında 30 minə yaxın vətəndaşımızı itirdiyimizi yazmışdım, Qarabağ şəhidlərindən də çox! Bu günün statistikası isə dəfələrlə çoxdur və artmaqda davam edir. Elə ötən gün Bakı yollarında dəhşətli qəza baş verib. Təhlükəsizlik tədbirlərinə əməl etməsək, qara statistika həyatımızın bir hissəsin çevriləcək.

Düşmənlə sərhəddə itki vermirik, şükürlər olsun, amma daxilimizdə, sabitliyin hökm sürdüyü ölkəmizdə hər gün uşaqlarımız, gənclərimiz nakam gedir həyatdan. Koronavirus və meymunçiçəyidən də dəhşətli mərəz var – etinasızlıq, biganəlik, qaydalara əməl etməmək, “əşşi, radar işləmir, sür getsin” deyib, sürət həddini aşmaq, yol polisini keçən kimi təhlükəsizlik kəmərini çıxarıb kənara atmaq kimi...Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya