Könül Nurullayeva AŞPA-nın iclasında ermənilərin mina terroru və sərhəd təxribatlarından danışdı

2022-04-27 10:04:00

Könül Nurullayeva AŞPA-nın iclasında ermənilərin mina terroru və sərhəd təxribatlarından danışdı

“BMT Təhlükəsizlik Şurasının təxminən 30 il əvvəl qəbul etdiyi Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını nəzərdə tutan 4 qətnaməni 2020-ci ilin payızında Azərbaycan özü icra etdi. 44 günlük müharibə dövründə Azərbaycan beynəlxalq humanitar hüququn təməl prinsiplərinə ciddi şəkildə riayət edib.” Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın sessiyasında çıxışı zamanı bu fikirləri səsləndirib. Deputat bildirib ki, 2-ci Qarabağ savaşı başa çatandan dərhal sonra Azərbaycan Ermənistana sülh təklif etdi. Hazırda Brüssel sülh gündəliyi formalaşıb və Azərbaycan qarşı tərəfə 5 prinsip təqdim edib: “Belə ki, 2021-ci il dekabrın 14-də Brüsseldə, eyni zamanda bu il fevralın 4-də videoformatda, aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş baş tutdu. Aprel görüşündə tərəflər sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəldi. Aprel görüşündən əvvəl Azərbaycan iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipini qarşı tərəfə təqdim edib. Bu prinsiplər dövlətlərin bir-birlərinin ərazi bütövlüyünü tanıması, bir-birlərinə qarşı ərazi iddialarının olmamasına dair hüquqi öhdəliyin götürülməsi, bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən çəkinmək, sərhədlərin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, eləcə də nəqliyyat və kommunikasiyaların açılışını nəzərdə tutur.
Yəni, Azərbaycanın təklif etdiyi prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir.”

Hurriyyet.az sedainfo.az-a istinadən xəbər verir ki, K.Nurullayeva qeyd edib ki, Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini də artıq müəyyən edib. Azərbaycan qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazırdır: “Biz Ermənistandan da real addımlar gözləyirik. Amma təəssüf ki, bu razılaşmalara baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törədərək, sülhə mane olan addımlar atır.”

Deputat həmçinin humanitar məsələlərin həllinin də vacibliyini qeyd edib. Diqqəti mina terroruna və 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə yönəldib: “Bölgədə dayanıqlı sülhü şərtləndirən amillərdən biri də humanitar məsələlərin həllidir. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan ermənilərin basdırdığı minalardan ciddi şəkildə əziyyət çəkir. Son ilyarımda əksəriyyəti mülki insanlar, hətta media nümayəndələri olmaqla 200-dən çox azərbaycanlı minaların qurbanı olub. Eyni zamanda birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə də aydınlıq gətirilməlidir. “

Deputat beynəlxalq təşkilatların sülh prosesinə töhfə verməsini vacin hesab edib: “Beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistan arasında etimad quruculuğu prosesinə töhfə verə biləcək bir platforma rolunu oynamalıdır. Bu, bölgədə dayanıqlı sülhün və əməkdaşlığın möhkəmlənməsi, insanların rifahını təmin etmək üçün vacibdir.”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya