Saat:14:30
Haqqımızda

“KONSTİTUSİYA DƏYİŞMƏSƏ, MÜHARİBƏ OLACAQ” - Paşinyan “Konstitusiya məngənəsi”nin əsarətindən çıxa biləcəkmi?

2024-02-02 14:06:18

“KONSTİTUSİYA DƏYİŞMƏSƏ, MÜHARİBƏ OLACAQ” - Paşinyan “Konstitusiya məngənəsi”nin əsarətindən çıxa biləcəkmi?

“Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağa birləşməyə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində deyib. Yəni, Konstitusiya dəyişməsə, gec-tez yenə müharibə olacaq.

Onun bu dediklərində həqiqət payı böyükdür. Çünki həmin “müstəqillik bəyannaməsi”ndə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Hansı ki, “demokratik və Qərbpərəst” Ermənistandan fərqli olaraq, qonşu ölkələrin heç birinin Ali Qanununda Ermənistana qarşı ərazi iddiası yoxdur...

Belə görünür ki, hakimiyyətə gəldiyi ilk vaxtlarda “Qarbağ Ermənistandır” kimi tipik erməni yekəxanalığı ilə şüarlar səsləndirən Paşinyan özü başda olmaqla, ermənilərin başına dəyən yumruqdan sonra böyük bir “təkamül yolu” keçərək, indi onlara anlatmaq istəyir ki, bu cür Konstitusiyası olan dövlətin bundan sonra yaşamaq imkanları olduqca şübhəlidir: “Bu gün biz Bəyannamə ilə münasibətlərimizi tənzimləməliyik. Konstitusiya referendumu bizim qeyri-dövlət xalqından dövlət xalqına çevrildiyimiz andır”. 

Yəni, Ermənistan hələ dövlət deyil və belə Ali Qanunla olmayacaq da.

Eyni zamanda, Paşinyan qeyd edib ki, onun hökuməti Konstitusiyanı dəyişdirmir və sadəcə, “xalqı Konstitusiyanı dəyişdirməyə dəvət edir”. “Ermənistanda onlarla seçki keçirmişik” deyən Paşinyan onu da bildirib ki, xalq səsvermə yolu ilə məsələni həll etməlidir və onlar referendumu saxtalaşdırmayacaqlar.

Baş nazir vurğulayıb ki, hazırkı təhlükəsizlik konsepsiyası Ermənistanın gələcəyini sual altında qoyur: “Hər hansı bir hökumət başa düşməlidir ki, ölkənin təhlükəsizliyini hansı konsepsiya əsasında təmin edəcək? Təhlükəsizliyə xarici təhlükə yaradan problemləri və məqamları müəyyən etmək lazımdır. Biz düşmən mühitdə olduğumuzu bilirik. Bizim vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv mühitin olduğunu anlamaqdır. Bugünkü milli təhlükəsizlik strategiyası mövcud problemləri həll etmir. Aydındır ki, bizim yeni milli təhlükəsizlik strategiyamız olmalıdır və bizim yeni milli təhlükəsizlik strategiyamız dövlətin qanuni ərazi bütövlüyünün və maraqlarının qorunması məntiqində ifadə olunmalıdır”.

Paşinyan bununla bir daha demək istəyir ki, Ermənistan öz təhlükəsizliyi və gələcəyi barədə düşünürsə, artıq tarixin zibilliyinə qovuşmuş “artsax” kimi mövzuları qapatmalı və bir dövlət kimi Ermənistanın özünün sərhədləri və varlığı barədə düşünməlidir.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti bəyan edib ki, yalnız Ermənistan Konstitusiyaya dəyişiklik edəcəyi təqdirdə Ermənistanla sülh mümkün olacaq. Bu məntiqli tələbi əlində əsas tutan və ona başqa don geyindirmək istəyən Ermənistandakı radikal, millətçi və rusiyapərəsət qüvvələr isə dərhal Paşinyan hakimiyyətinin “Bakıdan idarə olunduğuna”, Azərbaycanın göstərişləri və tələbləri əsasında hərəkət etdiyinə dair iddialarla çıxış ediblər. 

Yeri gəlmişkən, Ermənistan televiziyasına müsahibə verən Nikol Paşinyan Konstitusiyaya dəyişiklik etmək niyyətinin Azərbaycanın təzyiqləri nəticəsində yaranıb-yaranmadığına dair suala dəqiq cavab verməkdən yayınıb və sadəcə deyib ki, “bu haqda çox danışırlar”.

Paşinyanın Bakının tələblərilə bağlı məsələyə birmənalı cavab verə bilməməsi müxalif, irticaçı qüvvələrin “Bakı İrəvanı idarə edir” tezisini daha da qabartmasına səbəb olur. 

Məsələn, Ermənistanın sabiq ombudsmanı, qatı millətçi və təxribatçı mövqeyi ilə seçilən Arman Tatoyan deyib: “Bu məsələ ilə bağlı biz Azərbaycanın ictimai-siyasi sferasını araşdırdıq: Orada Ermənistan Respublikası hökumətinin yeni Konstitusiya məsələsində irəli sürdüyü eyni tezislər və əsaslandırmalar var. Bu gün Azərbaycan Prezidenti Ermənistan Respublikası hökumətinin təşəbbüsü ilə aparılan bu müzakirələri şəxsən yüksək qiymətləndirib. Bu gündəmlə Ermənistan Respublikası hökuməti Ermənistanın legitimliyini şübhə altına alır. Dövlətimizi Azərbaycan hakimiyyətinin əsirinə çevirir”.

Tatoyan xatırladıb ki, Azərbaycan ilk dəfə deyil Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir: “Azərbaycan Prezidenti ilk dəfə olaraq 2021-ci il aprelin 13-də Ermənistan Respublikasının Konstitusiyasını dəyişdirməklə hədələyib. Bu, bugünün təhlükəsi deyil... Bu gün Azərbaycan Prezidenti sadəcə olaraq bunu təkrarladı və təkcə Ermənistan Respublikasının Konstitusiyasını deyil, həm də qanunları, hökumətin normativ aktlarını və bütün digər hüquqi aktları dəyişdirməklə hədələdi. Başqa sözlə, Konstitusiyada dəyişikliklərin ardınca Ermənistan Respublikasının qanunlarının, ordunun, iqtisadiyyatın və s. dəyişdirilməsi gəlir”. 

Göründüyü kimi, məsələnin mahiyyəti, bu Konstitusiyanın Ermənistanın varlığına yaratdığı gerçək təhlükələr bir tərəfə atılır və önə “Paşinyan bunu kimin göstərişi ilə edir” məsələsi çıxarılır. Bunun davamı olaraq isə radikal müxalif qüvvələr Konstitusiya dəyişikliyini isterika ilə qarşılayırlar və ermənilərə bunu böyük faciə kimi təqlqin edirlər. Hansı ki, sülh müqaviləsinə Azərbaycandan qat-qat daha çox ehtiyacı olan Ermənistanın yeganə çıxış yolu normal, qonşularla heç bir ərazi problemi və onlara qarşı iddiası olmayan, öz çapına uyğun xarici siyasət yürüdə bilən bir dövlət qurmaqdır. Bunu üçün isə Konstitusiyanın dəyişdirilməsi vacib şərtdir və qaçılmazdır.

Ancaq seçim yenə də erməni xalqınındır. Əgər Azərbaycanın tam haqlı tələbi qəbul olunarsa və Konstitusiya normal hala salınarsa, Azərbaycana qarşı iddialar aradan götürülərsə, bundan bizdən də çox ermənilər qazanmış olacaqlar. Əks halda, dalana dirənmiş, başı qapazlı və gözüqıpıq hallarını davam etdirəcəklər...

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR