Kiyevin başı indi də Pekinlə dərddə: Çin şirkəti Ukraynanı Haaqa məhkəməsinə verdi

2021-11-29 23:11:00

Kiyevin başı indi də Pekinlə dərddə: Çin şirkəti Ukraynanı Haaqa məhkəməsinə verdi


Çinin “Beijing Skyrizon” şirkəti Ukraynanı Haaqa Beynəlxalq Arbitraj Məhkəməsinə verib.
 
Çin şirkəti Kiyevi Ukraynanın təyyarə mühərriki istehsal edən “Motor Sich” müəssisəsi ilə bağladığı müqaviləni pozmaqda günahlandırır. 
 
“Beijing Skyrizon” bunun müqabilində 4.5 milyard dollar təzminat verilməsini tələb edir. Şirkətin iddia ərizəsində qeyd olunur ki, “Ukrayna dövlətinin qarşı ədalətsiz münasibəti nəticəsində” onlar həm bu ölkədə, həm də Çində ciddi itkilərə məruz qalıb.
 
Bildirildiyinə görə, “Beijing Skyrizon” şirkəti 2016-cı ildə “Motor Sich”lə bağladığı müqaviləyə əsasən, onun səhmlərinin 56%-ni alıb. 2021-ci ildə isə ABŞ-ın təzyiqi ilə Zelenski hakimiyyəti bu müqavilənin qüvvədən düşməsi istiqamətində fəaliyyətə başlayıb. Əvvəl martın 20-də Ukrayna Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə Kiyev məhkəməsi “Motor Sich”-nin bütün əmlakının və 100% səhmlərinin müsadirə edilməsi, sonra isə həmin mülkiyyətin ARMA dövlət agentliyinə verilməsi barədə qərar çıxarıb. Ardınca Vladimir Zelenski müəssisənin satılmasının keçmiş hakimiyyətlərin səhvi olduğunu bildirib və “Motor Sich”-in milliləşdirilməsi haqqında fərman imzalayıb. Sentyabrda isə Ukrayna tərəfi müəssisəni Çin investorlarına satmaqdan ümumiyyətlə imtina edib.
 
Çin şirkəti Ukraynanın arqumentlərini əsaslı hesab etmədiyini bildirib. “Biz fəaliyyətimizdə həmişə qanunlara və qaydalara əməl etmişik. Ukrayna hökumətinin milli təhlükəsizlik anlayışından sui-istifadə edən, doğru ilə yanlışı qarışdıran, normal iqtisadi və ticarət təcrübələrini siyasiləşdirən, dövlət səlahiyyətlərindən sui-istifadə edən və Çin müəssisələrini əsassız şəkildə sıxışdıran sərt davranışına qəti şəkildə qarşıyıq”, - deyə şirkət bildirib.
 
Qeyd edək ki, Zaporojyedə yerləşən “Motor Sich” müəssisəsi təyyarə, helikopter və sənaye qaz turbin qurğuları üçün mühərriklərinin istehsalı, təmiri və texniki xidməti ilə məşğul olur. Müəssisənin istehsal etdiyi mühərriklər An-148 sərnişin, Be-200 amfibiya təyyarələrinə, Mi vertolyotlarının bir çox modifikasiyasına quraşdırılər. Müəssisə hələ də təkcə Ukraynanın deyil, həm də dünya mühərrik istehsalının incisi olaraq tanınır. \\Ovqat.com