Saat:04:08
Haqqımızda

KİYEV UZAQDIR, XARKOV YAXIN... – Putin Dneprə çıxmaq üçün 1 milyon əsgər itirməyə hazırdır!

2024-05-15 21:38:30

KİYEV UZAQDIR, XARKOV YAXIN... – Putin Dneprə çıxmaq üçün 1 milyon əsgər itirməyə hazırdır!

Rusiya hələ Ukraynaya təcavüzünün ilk günündən Kiyevi və Xarkovu ələ keçirməyi qarşıya məqsəd qoysa da, rus generallarının planı baş tutmamışdı. Lakin buna baxmayaraq, Rusiya mövcud şərtlərə uyğun davranaraq tədricən uzunmüddətli və üzücü müharibə taktikasını seçməyə məcbur oldu.

İndi görünən odur ki, Vladimir Putin müharibəni qələbə ilə başa vurmaq üçün Rusiyanın “sıxıb suyunu çıxarmağa” hazırdır və o, buna doğru gedir. Bəs “qələbə” deyəndə, ruslar nəyi nəzərdə tuturlar - Ukraynanın siyasi xəritədən tamamilə silinməsinimi? Onlar məmnuniyyətlə bunu istəyərlər, amma başa düşürlər ki, Ukraynanı bütövlükdə işğal etməyə Qərb imkan verməz. Ona görə də Moskva müharibədə elə strateji mövqe üstünlüyü qazanmaq niyyətindədir ki, hamı sülhü yalnız onun şərtləri daxilində qəbul etməyə məcbur olsun. Yəni, Rusiya düşünür ki, Dnepr çayına kimi əraziləri işğal edib, hər yanı viran qoyduqdan sonra, dayanıb, sülh təkliflərini irəli sürə bilər və əgər Ukrayna buna razılaşmasa, o zaman sadəcə, işğal etdiyi yerlərdə möhkəmlənməlidir. Kreml rəhbəri bunun həyata keçirilməsi üçün vaxt və resursa ehtiyac olduğunu dərk etməmiş deyil. Yeri gəlmişkən, ABŞ və Avropanın ikibaşlı davranışları da Vladimir Putinə geniş manevr imkanları yaradır.

 

 

Hazırda rusların Xarkov ətrafında başlatdıqları hücum əməliyyatı sözügedən strateji planın tərkib hissəsidir. Artıq xeyli müddətdir ki, hərbi ekspertlərin əksəriyyəti Rusiyanın Xarkova doğru hücuma keçəcəyi barədə xəbərdarlıq edirdilər. Bununla yanaşı, hələ də bu hücumun strateji əhəmiyyət kəsb etmədiyini söyləyənlər var və onların arqumentinə görə, Xarkovun alınması üçün Rusiyaya ən azından 300 min əsgər lazımdır. Lakin əgər Rusiya qarşısına uzunmüddətli müharibə aparmağı məqsəd qoyubsa, onda zamanla 300 min, hətta 500 min əsgər yığacaq. İndiki hücumlar da məhz həmin dönəmə hazırlıq mərhələsidir.

Rusiya Xarkov ilə sərhəd rayonuna təxminən 50 min nəfərlik hərbi birləşmə cəmləyib. Hələlik döyüşlərdə bunun yarısı iştirak edir. Təbii ki, bu qüvvə Xarkov şəhərinin alınması üçün yetərli deyil, lakin rusların bu hücumlarını ilkin sınaq və kəşfiyyat döyüşləri də hesab etmək olar. Rusiya ordusu Xarkova artilleriya atəş məsafəsinə kimi yaxınlaşmağa çalışır.

KİV-lərin məlumatına görə, hazırda Rusiyanın bütün cəbhə boyu aktiv döyüşlərdə iştirak edə biləcək 650 min əsgəri var və bunun da 150 mini ehtiyat qüvvədir. Ola bilər ki, Rusiya hərbi komandanlığı rotasiya yoluyla daha yüksək döyüş qabiliyyətinə malik 50 min əsgəri digər cəbhələrdən Xarkov istiqamətinə yollayıb.

Xarkovun əhəmiyyəti

Xarkov strateji əhəmiyyətli şəhərdir. Onu işğal etmək üçün Rusiya həqiqətən də böyük itkilər verməlidir. Kreml rəhbərliyi nə qədər itki verəcəklərini hesablayaraq Xarkova iri miqyaslı hücuma başlaya bilər. Onlar hər şeyi nəzərə almağa çalışacaqlar. Zirehli texnika, artilleriya qurğuları, Yaylım Atəş Sistemləri və əsasən də 1-1,5 tonluq ağır “KAB” aviasya bombaları ata bilən “Su-34”, ”Su-35” təyyarələrinin hansı sayda itiriləcəyi də təxmini hesablanacaq.

Rusiya ordusu üçün paytaxt Kiyev çox uzaqdır, əlçatmazdır, oranı almaq üçün bir dəfə uğursuz cəhd edilib. Kiyevə yalnız Belarusdan hücum etmək olar. Belarus ilə Ukrayna arasındakı sərhədyanı sahə isə meşəlik və bataqlıq ərazilərdən ibarətdir. Digər tərəfdən, bu, Belarusun müharibəyə qoşulması deməkdir. Ukraynanın ikinci ən böyük şəhəri Xarkova hücum coğrafı baxımdan Rusiya ordusu üçün əksər parametrlərinə görə daha əlverişlıdir. Ruslar operativ-taktiki vəziyyətdən asılı olaraq ukraynalıları yayındırmaq məqsədilə də Xarkova hücum edə bilərlər.

Avdeyevkanın işğalı zamanı Rusiya 30 min əsgər itirib, bunu Xarkovla müqayisə etsək, gərək Rusiya ordusu 200-250 min itki versin. Əlbəttə, istənilən müqayisə və anologiya qüsurludur, ancaq məgər ruslar bunu bilmirlər və ya buna getməzlər? Rusiya böyük itkilərə hazırdır, çünki orada cəmiyyət institutu yoxdur, onu ortadan qaldırıblar. Rusiyada yalnız əhali kütləsi var və onunla da hələlik mülayim rəftar edirlər və bu rəftarı müharibənin gedişində getdikcə sərtləşdirirlər.

Rusiyada böyük pulların “qırıntıları”ndan əhalinin yalnız 20-25 faizi yararlanır, yerdə qalan hissə isə çətinlik və yoxsulluq içərisində yaşayır. Bu adamları pulla şirnikləndirib müharibənin ən qaynar alovuna atmaq Rusiya hakimiyyəti üçün müşkül iş deyil. Bu, praktikada da sübuta yetirilir.

Rusiya Xarkovu ələ keçirərsə, bunu ümumi məqsədə gedən yolda strateji nailiyyət adlandırmaq olar. Ona görə ki, bu, ən azından böyük mənəvi-psixolji üstünlük deməkdir. Həm də ki, ölkənin ikinci şəhərinin yıxılması mental olaraq Ukrayna əhalisini ciddi sarsıdacaq.

Ukraynanın səhvləri

İndidən yekun nəticə çıxarmaq hələ çox tezdir, ancaq hər halda maraqlıdır, görəsən, ukraynalılar Rusiya sərhədi boyunca yerləşən ərazilərdə iki il ərzində nəyə görə möhkəmləndirlmiş istehkamlar qurmayıblar və ya bu iş hansı səbəb üzündən bu cür zəif aparılıb? Nə üçün “boz zona” deyilən sahələr minalanmayıb? 2022-ci ilin fevralın 24-də rus qoşunları Krım ilə sərhədi heç bir maneə ilə rastlaşmadan keçib Xerson şəhərinə qədər yürümüşdülər. Bundan nəticə çıxarmaq lazım deyildimi? Axı, müharibə gedir. Məsələn, Volçansk şəhəri hərbi administrasiyasının rəhbəri deyir ki, biz şəhərin müdafiəsi üçün keyfiyyətli müdafiə istehkamları tikirik. Bəs bu vaxta kimi nə işlə məşgul idiniz? Onlar bu iki il ərzində istekamlar qurmaq əvəzinə Volçanskdan Xarkova yeni asfalt yol çəkiblər.

Bunun iki səbəbi var. Birincisi, səhlənkarlıq, məsuliyyətsizlik, büdcənin talanması və səriştəsizlikdirsə, ikincisi sabotajdır.

Ümumiyyətlə, Rusiya ordusunun indiyədk həyata keçirdiyi taktiki əməliyyatlardan düzgün nəticə çıxarılmalıdır.

Birincisi, Rusiya müharibənin hələ bir neçə il davam etməsi ssenarisini hazırlayır. Ona görə də müharibədəki bütün hərbi əməliyyatlar bu paradiqmaya söykənəcək.

İkincisi, ruslar Baxmut və Avdeyevka variantlarını özləri üçün səmərəli hesab edirlər. Rusiya Ukraynanı ərazilərdən tədricən, qarış-qarış sıxışdırıb çıxarmaq taktikasından istifdadə etməyi düşünür.

Üçüncüsü, Rusiya gələcək illər üçün silah-sursat ehtiyatı toplayır və əlavə canlı qüvvə cəlb etmək planını işə salıb. Rusiya böyük sayda əsgər itkisindən çəkinməyəcək.

Ukrayna anlamalıdır ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır. Ona görə də rusların əsas strateji xətti Ukraynanı taqətdən salmaq, hücum üstünlüyünü əldən verməmək və qarış-qarış ərazi qamarlamaqdan ibarət olacaq. Ukrayna onu da bilməlidir ki, Vladimir Putin üçün qalib gəlmək Dneprə qədər irəliləməkdir və o, bu yolda əlavə 1 milyon və bəlkə də daha çox əsgər itirməyə hazırdır. Sadəcə, bunu tədricən, zamana yaymaqla etmək istəyir, əks halda çox pis vəziyyətə düşər.

Bundan sonra Ukrayna təlaşa qapılmadan bütün sərhəd və cəbhə xətti boyunca böyük və keyfiyyətli istehkam xətləri yaratmalı, dərin müdafiəyə hazırlaşmalıdır.

Vaqif Nəsibov

“AzPolitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.269187