Kim Çen Baydenin dalınca 3 raketi niyə atdı?

2022-05-27 09:29:00

Kim Çen Baydenin dalınca 3 raketi niyə atdı?

Hurriyyet.az Axar.aza istinadən ALFAAZ Təhsil və Mədəniyyət Cəmiyyətinin prezidenti və təsisçisi, Mərkəzi Avrasiya Araşdırmaları Mərkəzinin sədri, hindistanlı siyasi ekspert Şoaib Xanın müsahibəsini təqdim edir:

- Baydenin Cənubi Koreyaya səfərində əsas məqsədi nə idi?

- Bayden Cənubi Koreya və Yaponiyaya beş günlük səfərdə olub. Bu səfər Çinin gücünün və Şimali Koreyanın nüvə hədəflərinin olduğu cəbhədə Amerikanın təsirini gücləndirmək, Hind və Sakit okeandakı regional liderləri ələ almaq cəhdi idi. Baydenin Şimal-Şərqi Asiyada təhlükəsizlik vəziyyətini, Şimali Koreya ilə əlaqə qurmağın yollarını, Çinin yaratdığı çətinlikləri, yeni regional iqtisadi razılaşmanı müzakirə edəcəyi gözlənilirdi. Tokioda o, Baş nazir Fumio Kişida ilə ikitərəfli müzakirələr apardı. Yaponiya, ABŞ, Avstraliya və Hindistanı birləşdirən Dördtərəfli Təhlükəsizlik Dialoqu və ya “Dördlü liderlərin sammiti” keçirildi. Baydenin Asiyaya səfərinin əsas məqsədi Asiyadakı müttəfiqlərinin ABŞ-ın Hind-Sakit okean strategiyasına dəstəyini artırmağa nail olmaqdır. Administrasiya yeni “Sakit okean adaları” layihəsi planlaşdırır ki, bu da iqlim, dənizçilik və nəqliyyat məsələləri də daxil olmaqla, qarşılıqlı fəaliyyətləri koordinasiya, resursları idarə etmək üçün regional ölkələri bir araya gətirməyi hədəfləyir. Baydenin səfəri ABŞ-ın həm Rusiyanın Ukraynadakı təcavüzünə cavab verə biləcəyini, həm də Çinin regionda artan iqtisadi və hərbi nüfuzuna qarşı asiyalı müttəfiqlərini dəstəkləyə biləcəyini nümayiş etdirmək məqsədi daşıyır.

- Bayden Asiyaya olan bu ilk səfəri üçün niyə məhz Cənubi Koreyanı seçmişdi?

- Müxtəlif çətinliklərə, böyük və kiçik münaqişələrə baxmayaraq, Cənubi Koreya-ABŞ ittifaqı son 70 ildə etimad, həmrəylik, əməkdaşlıq yolu ilə tarixi nailiyyətlər və tərəqqi əldə edib. Bu əməkdaşlığın nəticələri isə hər iki ölkə arasında ədalətli şəkildə bölüşdürülür. Şimal-Şərqi Asiyada gərginlik əlamətləri var. Lakin inanırıq ki, bu iki ölkə problemlərin öhdəsindən ağıl və məntiqlə gələ biləcək. Cənubi Koreyanın demokratik və iqtisadi inkişafı ABŞ-a tərəfdaş kimi çıxış etməyə imkan yaradır. Asiyanın yüksəlişi qlobal maraqları bölüşən ABŞ-ın tərəfdaşlara olan ehtiyacını artırır və belə bir zamanda Transatlantik münasibətləri səciyyələndirən hərtərəfli əməkdaşlıq növləri üçün əsaslar formalaşır. Birləşmiş Ştatlar və Cənubi Koreya arasındakı təhlükəsizlik alyansı həm uzunömürlülüyü, həm də sülhü qoruma qabiliyyəti ilə kifayət qədər uğurlu olduğunu göstərmiş oldu. Cənubi Koreya xaricdə liberal dəyərləri təbliğ edərkən ölkə daxilində demokratiya və qanunun aliliyini təmin etmək üçün addımlar atıb. Tənqidçilər isə ABŞ-ın Şimali Koreya ilə bağlı siyasətə həddindən artıq diqqət yetirdiyini iddia edirlər. Çünki Seul və Vaşinqton tez-tez ikitərəfli məsləhətləşmələr aparır.

- Səfərin Çinin super-gücə çevrilməsinə qarşı hər hansı təsiri olacaqmı?

- Bayden istəyir ki, onun bu səfəri ABŞ-ın Asiyadakı liderliyini möhkəmləndirsin. Çinin artan ticari və hərbi gücünün Vaşinqtonun üstünlüyünü zəiflətdiyi bu dövrdə belə bir səfər həyati əhəmiyyətə malikdir. Baydenə görə, ABŞ Rusiya və Çinin təzyiqi ilə üz-üzədir. Asiya demokratik və avtokratik hökumətlər arasındakı qlobal rəqabətdə əsas döyüş meydanına çevrilib. Danışıqlar təkcə ABŞ, Yaponiya və Koreyanı yox, bütün Sakit və Hind okeanı regionunu əhatə etdiyindən, bu, ABŞ üçün yeni imkanlar yaradır. Səfər zamanı Bayden regional liderlərlə Ukraynaya Rusiyanın işğalına qarşı dirənməsi üçün kömək etməyi, Çin və Şimali Koreyanın yaratdığı təhdidlərə qarşı durmağı müzakirə edib. Ekspertlər deyirlər ki, Ukrayna böhranı artıq Avropa, ABŞ və Asiya arasında formalaşan əlaqələri sürətləndirib. Bayden, həmçinin Ağ Evin ticari bağlantılarını genişləndirmək, təchizat zəncirlərini gücləndirmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaqla bağlı yeni təşəbbüslər irəli sürüb. Hind-Sakit Okean İqtisadi Forumu getdikcə Çinin təsiri altına düşməkdə olan bir bölgəni Baydenin özünə cəlb etmək cəhdidir. O, Asiyadakı debüt turunun ikinci mərhələsinə başlar-başlamaz bunu açıqladı. Bu elan Baydenin qitəyə səfərinin əsas məqamlarından biri idi. Bayden iqtisadi forumla incə bir cizgi üzərində hərəkət edir. Asiya ölkələri Çindən asılılığı azaltmaq üçün Birləşmiş Ştatlarla tərəfdaşlıq yolu axtarsalar da, Prezident öz ölkəsində yüksək proteksionist siyasətlə üzləşməli olacaq. ABŞ-dan başqa, forumun Hindistan, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Malayziya, Sinqapur, İndoneziya, Tayland, Vyetnam və Filippini bir araya gətirəcəyi gözlənilir. Məlumatlara görə, sonradan foruma daha çox ölkənin qoşulma ehtimalı da var. Onu da qeyd etmək yerinə düşər ki, hadisələrin inkişafı Bayden administrasiyasının Çinə qarşı hərbi koalisiya yaratmaq cəhdi ilə paralel gedir. ABŞ həm də Pekinə qarşı əsassız iddialar irəli sürməklə Cənub-Şərqi Asiya regionunda hərbi mövcudluğuna haqq qazandırmağa çalışır.

- Bayden Şimali Koreyaya da səfər etmək istədiyini qeyd etdi. Onun Şimali Koreyaya mümkün səfərindən gözləntiləri nə idi?

- Şimali Koreya ABŞ-ın təkliflərinə, o cümlədən COVİD-19 peyvəndi təkliflərinə cavab vermədi, Bayden ciddi bir irəliləyiş əldə ediləcəyi təqdirdə Kim Çen İnlə danışıqlara hazır olduğunu bildirdi. Şimali Koreya isə qeyd edib ki, ABŞ-ın təklifləri qeyri-səmimidir. Çünki Vaşinqton hələ də Şimali Koreyaya qarşı hərbi təlimlər və sanksiyalar kimi düşmənçilik hallarını ehtiva edən siyasətini davam etdirir. Onlar Şimali Koreya ilə dialoq üçün qapını açıq qoyurlar, lakin əlaqələrin inkişafı üçün heç bir addım atmırlar. ABŞ Prezidenti Co Bayden və Cənubi Koreya Prezidenti Yun Suk Yol şənbə günü görüşdükdən sonra bildiriblər ki, Şimali Koreyadan gələn nüvə təhlükəsinin qarşısını almaq üçün genişləndirilmiş hərbi təlimləri nəzərdən keçirəcəklər. Bəyanat Şimali Koreyada aqressiya yarada bilər. Çünki Şimali Koreya ABŞ-Cənubi Koreya hərbi təlimlərini işğala hazırlıq sınaqları kimi xarakterizə edir. Müttəfiqlər təlimlərin müdafiə xarakterli olduğunu desələr belə...

Şimali Koreya Baydenin bölgəni tərk etməsindən bir neçə saat sonra çərşənbə günü səhər üç ballistik raketi sınaqdan keçirməklə silah proqramının irəlilədiyinin mesajını vermiş oldu. Şimali Koreya ilə yenidən əlaqə qurmaq perspektivi əlçatmaz olaraq qalır. Bu şəraitdə Baydenin və ya gələcək Amerika prezidentlərinin növbəti illərdə Şimali Koreyaya səfər etmək şansı çox azdır və ya demək olar ki, yoxdur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya