Saat:00:30
Haqqımızda

"Kilo almaq təzyiq, şəkər, bağırsaq kimi problemləri özü ilə gətirir" - Həkim-terapevtdən XƏBƏRDARLIQ

2025-11-21 22:16:33

Bəzən insanlar hər gördükləri dietanı arıqlamaq üçün istifadə edirlər.

Bəs bu, orqanizim üçün nə qədər təhlükəlidir?

Redaktor.Az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirdi ki, insanlar fərqli-fərqli paylaşımları izləyərək öz orqanizminə uyğun olmayan pəhriz proqramlarından istifadə edirlər:

"Əsasən sosial şəbəkələrdən bu məlumatlar əldə edilir. Ötən günlərdə bir pasiyentimiz var idi. Bununla bağlı çox ciddi əziyyətlər çəkdi. Həkim olmayan insanın dietoloq kimi fəaliyyət göstərməsi birmənalı olaraq qadağan olunmalıdır. Düzdür, dietoloqluqla bağlı fakültə yoxdur. Amma həkimin sonradan dietoloq kimi fəaliyyət göstərməsi normaldır. Sosial şəbəkədə detokslar paylaşılır. Hər orqanizm individualdır. Mənə yaxşı təsir göstərən başqasına yaxşı təsir göstərməyə bilər. Çekap olunmamış, yoxlanılmamış, mədə-bağırsaq sistemini yoxlatmamış, hormonal balans yoxlanılmamış, hər hansı bir orqanizmə zərəri olub-olmadığını bilməmiş insanın nə gəldi gördüyü, içdiyi və yediyi şey düzgün deyil. Yeməyi tamamilə kəsmək mədə-bağırsaq traktını pozur. Bu da avtomatik olaraq ciddi fəsadlar törədir".

Həkimin sözlərinə görə, kilo almaq yaxşı hal deyil.

"Təzyiq, şəkər və bu kimi problemləri özü ilə gətirir. Formda olmaq daha çox tövsiyə olunur. Amma artıq bir kilo belə varsa, bunu peşəkarla həll etmək lazımdır. Yəni yeməyi kəsmək ciddi problemlər yarada bilər. Bu mövzu əslində çox ciddi mövzudur. Hətta dünyada statistik olaraq bu problemlərdən əziyyət çəkən insanların sayı çoxdur. Təəssüf ki, bizdə də bu gün sayı çoxalıb.

Bu gün 24-25 yaşa qədər pasiyentlərdə ən çox müşahidə olunan hal bağırsaq sisteminin sıradan çıxması və üzdə, dəridə ciddi problemlər əmələ gəlməsidir. Gənclərimizin bu gün əksəriyyətində bu problemlər var. Bu da yanlış qida qəbulundan irəli gəlir, çünki bağırsaq çox həssas bir orqandır.

Ona görə də mütləq şəkildə düzgün maarifləndirici və profilaktik söhbətlər aparılmalıdır. Profilaktika bundan ibarətdir ki, bol maye qəbulu təmin olunsun, fast food qidalarının miqdarı minimala endirilsin, zamanında bütün lazım olan vitaminlər və zülallar qəbul edilsin, aktiv həyat tərzi sürülsün. Bütün bunlar profilaktikanın əsas hissəsidir", - deyə Günay Lətifova qeyd etdi.

 

Aytəkin TOFİQQIZI