Suriya qaçqınları bu gün Türkiyə seçkilərinin əsas komponentinə çevrilib. Belə ki, 2011-ci ildə başlayan Suriya böhranından sonra Türkiyəyə pənah gətirən 13 milyona yaxın suriyalı bu gün Türkiyənin əsas problemlərindən biri sayılır.
Türkiyənin qaçqın problemi
Son 30 il ərzində Türkiyənin terrordan sonra ən çox əziyyət çəkdiyi məsələlərdən biri də heç şübhəsiz ki, qaçqın problemi olub. Bu problem günümüzdə yalnız suriyalılarla eyniləşdirilsə də, qaçqın probleminə cümhuriyyətin ilk illərindən rast gəlmək mümkündür.
Tarixə ekskurs edəndə görürük ki, 1920-1960-cı illər arasında Balkan yarımadasından, 1950-ci illərdə isə Kiprdən soydaşlarını qəbul edən türklər 1970-80-ci illərdə İran-İraq müharibəsinə, 1991-ci ildə isə Körfəz müharibəsinə görə çoxsaylı qaçqın ordusunu qəbul edib.
Türkiyənin qaçqınlar məsələsinin mərkəzində olması isə bir çox faktora görədir. Bunları isə tarixi, mədəni, iqtisadi əlaqələrlə ifadə etmək mümkündür. Konkret olaraq demək olar ki, Türkiyə bu və ya digər səbəblərdən bölgədə cazibə mərkəzi rolunu oynamaqdadır.
Qaçqınların qəbul edilməsi hər zaman siyasi, iqtisadi və təhlükəsizlik baxımından Türkiyə üzərində öz təsirini göstərmişdir.
Türkiyə iqtidarının qaçqın siyasəti
İlkin olaraq, qeyd etmək lazımdır ki, Türkiyədə “qaçqın və ya suriyalı problemi” yalnız sadə vətəndaşları narahat etməkdədir. Suriyalılar üçün sərhədlərin açılması Türkiyə hakimiyyətinin hesablanmış siyasi addımı olub.
AKP hökuməti suriyalıları Türkiyəyə cəlb edərək Bəşər Əsədin insan resursu potensialını minimuma endirib rejimi zəiflətməyi, həmçinin Suriyanı əhalisiz göstərərək rejimin qeyri-legitim olduğunu göstərməyə çalışırdı. Bundan əlavə, Suriya ilə bağlı fəaliyyət göstərəcək “mübarizə mərkəzlərinin” Türkiyənin nəzarətində olması, yeni iqtidarın Türkiyənin əli ilə formalaşması, nəticə etibarilə, Türkiyənin regional güc kimi bölgədə öz maraqlarını diktə etməsi hesablanmışdı.
Təbii ki, hər hesablamanın düzgün çıxmadığı kimi, bu addımların da düz və səhv yanları oldu. Atılan addımların istənilən nəticəyə gətirib çıxarmaması qaçqınlar mövzusunu fərqli formata keçirdi.
Belə ki, Türkiyə Suriya münaqişəsinin həlli prosesində, regional güc və təsirini artırmaq niyyətlərində, beynəlxalq yardım və dəstəyin alınması məsələsində bundan bir kart olaraq istifadə etməyə başladı. Türkiyə, xüsusilə, Suriya böhranının həlli ilə bağlı danışıqlar prosesində “təhlükəsiz zonaların yaradılması” və “humanitar yardımların artırılması” kimi məsələlər çərçivəsində suriyalı qaçqınların varlığından istifadə edə bilir.
Suriyalı qaçqınların geri göndərilməsi mümkündürmü?
Türkiyədə iqtidarın qaçqınları geri göndərməkdə maraqlı olmadığı bilinir. Qərblə daha isti münasibətlər quracağını iddia edən müxalifət isə qaçqınlar mövzusunda lazımi addımları atacağını bəyan edir.
Prezident seçkilərinin ikinci turundan öncə bu məsələyə aydınlıq gətirək. Suriyalı qaçqınlar mövzusunda “ya xoşluqla, ya zorla - hamısı göndəriləcək” ritorikası ilə hərəkət etmək mümkündürmü?
Qaçqınları geri göndərmək məsələsində beynəlxalq əngəllər
Beynəlxalq hüquq və insan hüquqları standartları qaçqınların müdafiəsi və onların geri qaytarılmaması prinsipini müdafiə edir. Bu səbəbdən, Türkiyənin qaçqınların geri göndərməsi beynəlxalq hüquq və insan hüquqları standartlarına uyğun şəkildə həyata keçirilməli olan mürəkkəb bir prosesdir.
Türkiyədə hakimiyyət dəyişikliyi halında yeni hökumət qaçqınların statusu və gələcəyi ilə bağlı siyasətdə dəyişiklik edə bilər, lakin Türkiyə 1951-ci il Cenevrə Konvensiyasının və 1967-ci il Protokolunun iştirakçısı olduğu üçün qaçqınlara beynəlxalq müdafiə təmin etmək öhdəliyi daşımaqdadır.
1951-ci il Cenevrə Konvensiyasının 33-cü maddəsi qaçqınların təqib təhlükəsi olan yerlərə geri göndərilməsini birbaşa qadağan edib.
Hazırda hakimiyyətə gələsi tərəflərdən hər hansısa birinin suriyalı qaçqınları geri göndərəcəyi isə real görünmür. Hətta “ATA İttifaqı”nın vahid namizədi Sinan Oğanın belə CHP sədri Kemal Kılıçdaroğlu tərəfindən ona təklif edilən immiqrasiya naziri olmaq təklifindən boyun qaçırması da buna sübutdur. Hansı ki, S.Oğan dəstəkləyəcəyi tərəflərdən birinə məhz bu şərti də əlavə etmişdi.
Avropanın maraqları
Qaçqınlara gəldikdə isə onların varlığı həm Türkiyə, həm də Qərbin marağında olan məsələdir. Bundan əlavə, Türkiyə tərəfi qaçqınların varlığına görə, beynəlxalq yardım adı altında ödənişlər də almaqdadır.
Xatırladaq ki, 2016-cı ildə Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında əldə olunan razılaşmaya əsasən, Aİ Türkiyəyə maliyyə yardımı ayırır. Bu saziş çərçivəsində 2016-2019-cu illər ərzində Türkiyəyə 3 milyard avro ödənilməsi nəzərdə tutulmuşdu. 2018-ci ildə alınan bir digər qərara əsasən, Türkiyəyə əlavə 3 milyard avro da ayrılmışdı. Təkcə bu qərarlara baxanda görürük ki, Türkiyəyə 6 milyard avro maliyyə yardımının ayrıldığını görmək mümkündür.
6 milyard avro isə kifayət qədər böyük məbləğdir. Bu məbləğ Türkiyənin illik müdafiə xərclərinin minimum yarısı deməkdir.
Müxalifətin blefi, hakimiyyətin elektorat yığmaq istəyi
Hazırda Türkiyənin qaçqınlara görə hansı məbləğdə ödəniş aldığı dəqiq məlum olmasa da, seçkilərdən sonra bu məbləğin daha da artacağını düşünmək olar.
Qısası, müxalifət lideri Kemal Kılıçdaroğlunun hakimiyyətə gələcəyi təqdirdə bu böhranı həll etməsi ilə bağlı söylədikləri isə sadəcə siyasi bir blefdir. Çünki bu qaçqınlardan bir çoxu artıq rəsmi şəkildə Türkiyə vətəndaşlığını belə qəbul edib.
Türkiyə siyasi elitasının, hakimiyyət nümayəndələrinin isə suriyalı qaçqınlarla bağlı münasibəti birmənalıdır: müsəlman qardaşlığı, məzlum suriyalılar və s.
yenisabah.az