Saat:06:58
Haqqımızda

Kılıçdaroğlu Azərbaycanla nəyin davasını edir?

2023-05-24 12:04:00

Kılıçdaroğlu Azərbaycanla nəyin davasını edir?

Türkiyə prezidentliyinə namizəd, CHP sədri Kemal Kılıçdaroğlunun “Böyük İpək Yolu” layihəsi müzakirəsiz ötüşmədi. 74 yaşlı siyasətçinin “Böyük İpək Yolu”nun keçdiyi tarixi əraziləri unudaraq, Azərbaycanı “Əsrin Layihəsi”ndən kənarda qoyması onu haqlı tənqidə tuş etdi. 

Hurriyyet.az xatırladır ki, məlum açıqlamasından sonra Kılıçdaroğlunun yaxın ətrafı ilə Azərbaycanın siyasi cəhətdən fəal olan kəsimi arasında “söz davası” başladı. Bu qarşıdurmaya CHP liderinin yaxın ətrafı, onun siyasi kursunu birmənalı olaraq dəstəkləyən analitiklər, aparıcı jurnalistlər də qoşuldu. Son günlər bu müzakirələr yenidən intensivləşib. “ATA İttifaqı”nın prezidentliyə namizədi Sinan Oğanın seçkilərin ikinci turunda K.Kılıçdaroğlunu deyil, hazırkı dövlət başçısı Rəcəb Tayyip Ərdoğanı dəstəkləyəcəyinə dair bəyanatı ziddiyyətləri bir qədər kəskinləşdirib. 

Nə baş verir? Kılıçdaroğlu və çevrəsi Azərbaycanla nəyi bölə bilmir?

Qeyd edək ki, prezident R.T.Ərdoğanın sədri olduğu AKP-dən, o cümlədən dinçi-milliyyətçi kəsimdən fərqli olaraq, CHP elitasının və elektoratının Azərbaycana münasibəti heç vaxt isti olmayıb. İstər qondarma “erməni soyqırımı”na münasibətdə, istərsə də Qarabağ məsələsində CHP maksimum tərəfsiz mövqe sərgiləməyə çalışıb. Azərbaycan hakimiyyətinin Türkiyə iqtidarı ilə müsbət əlaqələrini bəhanə edərək, daim ölkəmizin siyasi elitası ilə arada məsafə saxlayıb. CHP-yə yaxın KİV-lərin və jurnalistlərin vaxtaşırı Azərbaycan hakimiyyətini, bəzən isə Azərbaycanın milli maraqlarını hədəf alan açıqlamalar verməsi də bunun ən bariz nümunəsidir.

Son vaxtlar Azərbaycana yönəlmiş ittihamlar tənqidə davamlı olmamaqla yanaşı, həm də olduqca absurd səslənir. Azərbaycan hakimiyyətinin Türkiyədəki siyasi proseslərə müdaxilə etməsi, o cümlədən “ATA İttifaqı”nın namizədi Sinan Oğanın məhz Azərbaycanın təhriki ilə müxalifətin deyil, hakimiyyətin namizədini dəstəklədiyinə dair iddialar heç bir real fakta söykənmir və yaxın gələcəkdə qaçılmaz olan məğlubiyyəti sığortalanmaya hesablanıb. 

S.Oğanın Azərbaycandakı fəaliyyəti 23 il əvvəl başa çatıb. Üstəlik, Bakıda işlədiyi dövrdə də o, Türkiyənin nüfuzlu qurumlarından birinin - TİKA-nın ölkəmizdəki təmsilçisi olub və Azərbaycan dövlətinin və hakimiyyətinin qarşısında heç bir öhdəlik daşımayıb. S.Oğanın məlum qərarının arxasında ciddi siyasi səbəblər dayanır və analitiklər bunun nədən ibarət olduğunu yaxşı bilirlər. Söhbət 75 yaşlı Devlet Bahçelinin siyasətdən ayrıldıqdan sonra milliyyətçi kəsimə kimin liderlik edəcəyindən gedir. Opponenti ilə müqayisədə xeyli gənc və perspektivli görünən S.Oğan bunun fərqində olduğu üçün seçkinin ikinci turunda solçu deyil, islamçı-milliyyətçi kəsimin rəğbətini qazanmış namizədi dəstəkləməyə qərar verdi. Yəni Oğanın qərarı sırf Türkiyənin daxili siyasətinə hesablanıb və Azərbaycanla yaxından-uzaqdan əlaqəsi yoxdur. 

Azərbaycanın Türkiyədəki prezident seçkilərinə müdaxiləsi ilə bağlı səslənən iddiaların da heç bir əsası yoxdur. Bu ittihamların kimlər tərəfindən ortaya atıldığı məsələnin mahiyyətini aydınlaşdırmaq üçün kifayət edir. Görünən odur ki, K.Kılıçdaroğlunun təbliğatçıları öz bacarıqsızlıqlarını ört-basdır etmək üçün Azərbaycan faktorundan bəhanə kimi faydalanmağa çalışırlar. Hadisələrin inkişafı göstərir ki, indiyə kimi rəqibi ilə girdiyi 12 seçkinin hamısında uduzan CHP liderinə növbəti 5 ildə bəhanə axtarmaq lazım gəlməyəcək. Çünki bu, adı məğlubiyyət sözü ilə birlikdə assosiasiya olunan K.Kılıçdaroğlunun qatıldığı son seçki olacaq. Türkiyə-Azərbaycan münasibətləri isə siyasi mübarizənin fövqündə dayanır və daimidir.  Kılıçdaroğlunun isə çoxdan korşalmış qılıncının isə bu münasibətlərə zərər verməsi mümkün deyil. 

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.179652