Saat:22:19
Haqqımızda

"Kifayət qədər demokratik seçki sistemimiz var, ona görə dəyişikliklərə ehtiyac yoxdur" - deputat

2022-08-18 23:45:00

«Siyasi partiyalar haqqında» qanuna dəyişikliklərin edilməsi fonunda Seçki Məcəlləsinin də dəyişməsi barədə təkliflər səsləndirilir.

Bəzi partiyalar hesab edirlər ki, «Siyasi partiyalar haqqında» yeni qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir.

Milli Məclisin deputatı Aqil Abbas Turan-a bildirib ki, Seçki Məcəlləsinə hər hansı dəyişikliklərin edilməsinə ehtiyac yoxdur: «Bunu təklif edən hansı dəyişikliklər istəyir? Proporsional sistem? Bəs partiya mənsubiyyəti olmayanlar nə etsinlər? Kifayət qədər demokratik seçki sistemimiz var, ona görə dəyişikliklərə ehtiyac yoxdur».

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, hazırda gündəmdə «Siyasi partiyalar haqqında» yeni qanunun hazırlanmasıdır: «Bu, bütün ciddi siyasi partiyaların maraq dairəsindədir. Həqiqətən özündə güc hiss edən, Azərbaycanın siyasi həyatında fəal iştirak edib, siyasi proseslərə töhfə vermək istəyən siyasi partiyalar hazırda «Siyasi partiyalar haqqında» qanunun hazırlanması prosesində fəal iştirak etməlidirlər».

Partiya sədri qeyd edib ki, cəmiyyət inkişaf etdikcə bütün qanunlara, xüsusi olaraq Seçki Məcəlləsinə, hətta Azərbaycan Konstitusiyasına xüsusi hallarda referendum keçirərək dəyişikliklər edilir: «Gələcəkdə Seçki Məcəlləsinə də belə bir dəyişikliklərin edilməsi istisna olunmur. Onun da təkmilləşdirilməsinə ehtiyac varsa onunla bağlı da addımlar atılacaq. Buna bənzər məsələləri bəhanə gətirərək «Siyasi partiyalar haqqında» qanun layihəsinin hazırlanmasına kölgə salmağa cəhd etməsinlər».

Deputatın sözlərinə görə, bu islahatların müəllifi ölkə prezidenti İlham Əliyevdir: «2018-ci ildən başlayaraq bu günə qədər dayanmadan ölkəmizin iqtisadi, sosial, siyasi, hüquqi, ictimai proseslər, vətəndaş-dövlət münadibətlər üzrə islahat davam edir. Cənab prezidentin aparmış olduğu islahatların içərisində bütün bunlar nəzərə alınacaq və cəmiyyətin inkişafını təmin edən, yeni çağırışlara cavab verən, siyasi partiyaların siyasi sistemimizdə yerini və rolunu artırmağa xidmət edən qanunvericilik aktları qəbul olunacaq».

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə bildirib ki, ATƏT məkanında olan ölkələrin siyasi partiyalar haqqında, media haqqında qanunları və seçki məcəllələri Venesiya Komissiyasının standartlarına cavab verməlidir: «Siyasi partiyaların təsis olunması, fəaliyyəti və fəaliyyətinin bitirməsilə bağlı Venesiya Komissiyasının standartları var və eyni zamanda Seçki Məcəlləsilə bağlı belə standartlar mövcuddur. Burada siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasının yolverilməzliyindən söhbət gedir».

Partiyanın sədr müavini hesab edir ki, bütün hallarda qanun siyasi partiyaların fəaliyyətini, çoxpartiyalı sistemini və partiyaların siyasi proseslərdə iştirakını stimullaşdırmalıdır: «Əgər növbəti qanun da əvvəlki dəyişikliklər kimi daha da mürtəceləşəcəksə, siyasi partiyalarla şərt dilində danışılacaqsa, onların fəaliyyətini istiqamətləndirən maddələrlə zəngin olacaqsa bu, mürtəce qanun olacaq. Çünki hər hansı bir qanun heç bir siyasi partiyaya fəaliyyətilə bağlı ön şərtləri irəli sürə bilməz».

Onun sözlərinə görə, siyasi partiyaların öhdəlikləri Konstitusiyaya və beynəlxalq öhdəliklərə uyğun fəaliyyəti davam etdirməkdir.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, əgər hakimiyyətin doğrudan da siyasi islahatlar aparmaq üçün siyasi iradəsi varsa, bu islahatlar «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklər edilməklə başlamamalıdır: «İlk növbədə Konstitusiyaya dəyişikliklər edilməlidir. Konstitusiyada vətəndaşların məhdudlaşdırılmış bir çox hüquqları bərpa edilməlidir. Parlament seçkilərilə əlaqədar proporsional seçki sisteminin bərpası, eyni zamanda bir nəfərin iki dəfədən artıq dövlət başçısı seçilməsilə bağlı ləğv edilən müddəanın yenidən bərpa edilməsi və ölkədə fundamental insan haqlarını nəzərdə tutan bir sıra müddəalar referendum yolu ilə Konstitusiyaya daxil edilməlidir».

Arif Hacılının fiktincə, bundan sonra ən vacib məsələlərdən biri Seçki Məcəlləsinin dəyişdirilməsidir: «Çünki indiki Seçki Məcəlləsi demokratik seçkilər keçirməyə imkan vermir. Faktiki olaraq seçki komissiyalarının tam şəkildə hakimiyyəti nəzarət altında saxlaması Seçki Məcəlləsi ilə təsbit olunub ki, bu müddəaların dəyişməsinə ehtiyac var. Yalnız bundan sonra «Siyasi partiyalar haqqında» qanuna da müəyyən dəyişikliklər etməklə Azərbaycanda hansısa siyasi islahatların aparıldığından danışmaq olar».

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR