Saat:12:31
Haqqımızda

Kiçik və qısa ömürlü Türk dövlətləri - Akşin Xəyal yazır

2024-01-29 22:55:09

Kiçik və qısa ömürlü Türk dövlətləri - Akşin Xəyal yazır

( Birinci hissə: Tırakya Türk Cümhuriyyəti)

1912 – ci il oktyabr ayının yeddisi, Bolqarıstan, Yunanıstan, Serbiya və Qaradağ krallıqları müttəfiqlik anlaşması imzalayaraq Osmanlıya qarşı müharibə elan edirlər ki, bu müharibə Birinci Balkan müharibəsi adıyla tarixə düşüb. “Balkan Birliyi”nin qarşısında tab gətirə bilməyən Osmanlı ordusu Edirnə və Qırxlar eli də daxil olaraq, Balkan bölgəsini tərk edərək geri çəkilməyə məcbur olur. Müharibədən sonra Arnavut öz müstəqilliyini elan edir, digər torpaqlar isə birlik arasında bölüşdürülməyə başlanır. Amma digər krallıqlara nisbətən Bolqarıstan daha çox torpaq zəbt etdiyi üçün, digər krallıqlar, Yunanıstan, Qaradağ və Serbiya birləşərək bu dəfə də Bolqarıstana qarşı müharibə açırlar. Osmanlının da bu fürsətdən istifadə edərək, əlindən alınmış torpaqları geri qaytarması üçün, 16 iyun 1913 – cü ildə  bu müharibəyə qoşulması ilə, İkinci Balkan müharibəsi başlayır. Bir neçə dövlət arasında qalıb sıxışdırılan Bolqarıstan məcbur qalaraq sərhədlərdən öz ordusunu geri çəkir ki, bunun la da Osmanlı ordusu Ənvər paşanın rəhbərliyi ilə Edirnə, Qırxlareli və Demetokiyanı geri qaytarma nailiyyəti əldə edir. 1913 – cü ilin avqust aynın onunda Yunanıstan, Bolqarsıtan, Serbiya və Qaradağ krallığı öz aralarında sülh müaviləsi elan edərək, İkinci Balkan müharibəsinə son qoyduqdan sonra Osmanlı İmperiyası geri aldığı torpaqları yenidən itirəcəyindən qorxaraq çox irəli gedə bilmir və məcburən Tırakya bölgəsini Bolqarıstana verərək geri çəkilir. Bolqarlar söz verirlər ki, Ənvər paşanın geri çəkiləcəyi təqdirdə bölgədə yaşayan türk xalqına toxunmayacaq, onlara öz müqəddaratlarını özləri həll etmələri üçün xüsusi status veriləcək. Verdikləri sözə baxmayaraq, Ənvər paşa İstanbula dönən kimi Tırakyadakı türklər bolqar və yunanların zülmünə məruz qalırlar. Yunan və bolqar zülmündən qaçaraq yüz minlərlə türk Tırakyanı tərk edərək İstanbula sığınırlar. Sonralar Osmanlı dövləti tərəfindən “göçmən” adlandırılan bu türklər İzmir və Aydında yerləşdirilirlər. Amma buna baxmayaraq yarım milyona yaxın türk bolqar zülmünə tab gətirərək bölgəni tərk etmir. Türklərə edilən zülmə göz yuma bilməyən Ənvər paşa Əşrəf Səncərin başçılığı ilə yüz on altı nəfərlik silahlı dəstəni gizli yolla Tırakya bölgəsinə göndərir. Bölgəyə daxil olan Türk silahlı dəstəsi yerli əhaliylə birləşərək daha da çox qüvvə toplayaraq bolqar silahlı dəstələrinə qarşı mübarizəyə başlayır.  Türk silahlı dəstəsi o qədər güclənir ki, Tırakya bölgəsini tam olaraq bolqarlardan təmizləməyə nail olur. Bağladığı sülh müqaviləsinin pozulmasından və Balkan dövlətlər ilə yenidən müharibəyə girəcəyindən qorxan Osmanlı dövləti Əşrəf Səncəri və dəstəsini geri çağırsa da yerli özünü müdafiə dəstəsi Osmanlının çağırışına məhəl qoymaraq, İstanbulla bütün əlaqələrini kəsərək Hafis Saleh əfəndinin başçılığı ilə yerli keçici höhuməti qurur və 31 avqust 1913 – cü ildə Süleyman Əsgərini dövlət başçısı seçərək öz müstəqilliyini elan edir. Qərbi Tırakya cümhuriyyəti dünyada ilk Türk cümhuriyyəti olaraq tarixi qaynaqlara keçir. Cümhuriyyət heç bir dövlətdən asılı olmadığını göstərərək özünün üç rəngli dövlət bayrağını da tərtib edir. Bayraq ağ, qara, yaşıl rənglərdən və aypara və ulduzdan ibarət olur. Yaşıl – islamiyyəti, qara – bolqar və yunanlardan çəkdikləri zülmü, ağ – müstəqilliyi, aypara və ulduz isə türklüklərini təyənnüm edirdi. Bayraqdan dərhal sonra 29 min 170 əsgərdən ibarət ordu qurulur, özlərinin şəxsi valyutası çıxarılır və səslərini dünyaya çatdırmaq üçün “İndependant” adlı fransızca və türkcə qəzet dərc etməyə başlayır. 

 

Yunanıstan və Bolqarıstan krallıqları əvvəl bunu qəbul etməsələr də sonradan aralarında müharibə olmaması üçün iki krallığı arasında yerləşən bu kiçik Türk Cümhuriyyətini tanımağa razılaşırlar. Amma Osmanlı İmperiyası yenə də Balkan krallıqları ilə arasınnda bağlanmış sülh müqavilələrinin pozulmasından qorxaraq Tırakyanın müstəqiliyini tanımır. Osmanlının bu hərəkətindən ürəklənən Bolqarıstan krallığı yenidən bölgəyə soxulmağa cəhd edir. Bölgədə sakini olan yarım milyona yaxın türkün bolqarlar tərəfindən qırılacağını görən Osmanlı 1913 – cü ilin 29 sentyabrında Bolqar krallığı ilə müqavilə imzalayır. Müqaviləyə əsasən Qərbi Tırakya Türk Cümhuriyyəti ləğv edilir, ərazi yenidən Bolar krallığının sərhədləri daxilinə keçir əvəzində isə bolqarlar orada yaşayan türklərə dəyib – toxunmur, onların öz dillərində təhsil almalarına icazə verir və İslam dini sıxışdırılmır. Müqavilənin motivlərini yerli əhaliyə izah etmək və cümhuriyyətin lğvini gerçəkləşdirmək üçün 1913 – cü ilin oktyabr ayının əvvəllərində Cəmal paşa Tırakyaya göndərilir. Uzun sürən danışıqlardan sonra nəhayət Cəmal paşa dövlət nümayəndələrini yola gətirməyə nail olur. 1913 – cü il oktyabrın 25 – də cəmi iki aylıq ömrü olan Qərbi Tırakya Türk Cümhuriyyəti öz süqutunu elan etmiş olur. 

 

Bu dəfə bolqarlar verdikləri sözü tutur və Tırakyadakı türk xalqına xüsusi status verərək onlara dəyib – toxunmur. Amma bu xoşbəxtlik də uzun sürmür. 1914 – cü ildə Birinci Dünya Savaşı başlayanda Tırakyada vəziyyət yenidən gərginləşir. Tırakyanın başqa dövlətlər tərəfindən işğalının qarşısını almaq üçün Fuat Balkan silahlı dəstəylə Tırakyaya ezam olunur və orada “Balkan Qurtuluş Komitəsi” qurularaq bölgənin müdafiəsinə qalxılır. Osmanlının müxtəlif cəbhələrdəki məğlubiyyətindən sonra Fuad Balkan və dəstəsi İstanbula geri çağırılır və Tırakya türkləri yenidən talehin ümidinə buraxılır. 

 

30 oktyabr 1918 – ci ildəki “Mondros” müqaviləsindən sonra İstanbulda yaşayan köçmən tırakyalılar tərəfindən “Qərbi Tırakya Müdafiyə Cəmiyyəti” qurulur və ardınca da 27 may 1920 – ci ildə Qərbi Tırakya Türk Cümhuriyyəti yenidən öz müstəqilliyini elan edir. Bu dəfə cümhuriyyətə Trefik bəy başçılıq edirdi. Amma bu xoşbəxtlik də uzun sürmür Tırakya az bir zamanda yunanlar tərəfindən işğal olunur. İşğal zamanı yunanlar bölgədəki türklərlə çox amansızcasına davranır, qadın və qızlara təcavüz edir, oğlan uşaqlarını və kişiləri diri – diri basdırırlar. 

 

24 iyul 1923 – cü ildə imzalanmış “Lozan” müqaviləsində Tırakya xalqının statusuna yenidən baxılır və yunanlar müqaviləyə əsasən söz verirlər ki, bölgə sakinlərinə xüsusi status veriləcək, öz dillərinə təhsil alacaq və İslam dini sıxışdırılmayacaq. Amma bu söz də sadəcə kağız üstündə verilmiş bir sözdən ibarət olur. 1950 – ci ildən bu günədək bölgədə məscid tikilişinə icazə verilmir, türk dilində olan məktəblər bağlanır əvəzində Türk uşaqlarının yunan məktəblərində yunan dilində təhsil almalarına məcbur edilirlər. Günü bu günə kimi Tırakyadakı türk soydaşlarımız yunan zülmünə məruz qalır, öz dillərində danışa bilmir, təhsil ala bilmirlər. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR