“Kiçik padşahlar“ın səltənəti sona yaxınlaşır: İcra başçılarının qara günləri

2022-06-16 11:06:00

“Kiçik padşahlar“ın səltənəti sona yaxınlaşır: İcra başçılarının qara günləri

“Bu, çox ciddi və narahatedici bir rəqəmdir”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.

O, Sosial Tədqiqatlar Mərkəzinin (STM) əhalinin yerli icra hakimiyyəti orqanlarına etimadla bağlı keçirilən sorğunun nəticələrinə rəy bildirib.

Xatırladaq ki, sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i isə əsasən etibar etdiyini bildirib. Respondentlərin 14,1% əsasən etibar etmədiyini, 37,3% isə heç etibar etmədiyini qeyd edib. 3,2% isə qərarsız mövqe nümayiş etdirib.

Öz növbəsində, problemin mahiyyətini ifadə edən F. Ağamalı vurğulayıb:

“Əlbəttə, ilk növbədə, bir sıra icra başçılarının vətəndaşlarla lazımi səviyyədə əlaqə qura bilməməsi, onların problemlərinin həllinə biganəliyi və s. bu nəticələrə gətirib çıxardıb. Lakin bu, belə olmalı deyildi”.

AVP sədri bildirib ki, son vaxtlarda rayon inzibati bölgülərinin ləğvi ilə bağlı ictimai rəydə geniş müzakirələr aparılır:

“Prezidentin son vaxtlar imzalamış olduğu fərman və sərəncamlarda yeni elementlər özünü ifadə etməkdədir. Bu baxımdan, ölkənin iqtisadi zonalara bölünməsi, eyni zamanda, işğaldan azad olunmuş bölgələrdə Prezidentin səlahiyyətli nümayəndələrinin təyin olunması bu cür müzakirələr üçün müəyyən dərəcədə imkanlar açır. Ona görə də təbii ki, islahatlar hər zaman cəmiyyətin inkişafının məntiqinə uyğun olaraq getməlidir və gedir”.

“Prezident İlham Əliyevin hakimiyyətdə olduğu zaman kəsiyində hər zaman bütün sahələrdə olduğu kimi, idarəçilik sisteminin də təkmilləşməsinə xidmət edən islahatların aparılmasına xüsusi diqqət verir və bu gün də bu islahatların aparılması davam edir. İstisna etmirəm ki, gələcəkdə idarəçilik sistemində islahatlara start verilsin”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya