Saat:12:10
Haqqımızda

Kərim Vəliyevin ABŞ görüşlərinin pərdəarxası... - Ekspert danışır

2022-12-02 09:55:00

Kərim Vəliyevin ABŞ görüşlərinin pərdəarxası... - Ekspert danışır

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini, Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb.

Hurriyyet.az qeyd edir ki, tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Görüşdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.

Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Azərbaycanın ordu rəhbərliyinin ABŞ-yə səfərində məqsəd ikitərəfli hərbi əməkdaşlığın inkişafı üçün müzakirələrin aparılmasıdır. Analitikə görə, 907-ci düzəlişin qüvvədə olduğu müddətdə bu əməkdaşlıq perspektivi zəif görünür:

"Doğrudur, 2001-ci ildən sonra ABŞ administrasiyaları bu qərarın tətbiqini hər il dondurur, amma ümumilikdə qərarın qüvvədə olması hərbi müstəvidə əlaqələrə maneələr yaradır. Son dövrlər isə bu qərarın ləğvi məsələsi də gündəmdədir. Okeanın o tayında belə fikir güclənir ki, Qarabağ münaqişəsi həll edilibsə, 907-ci düzəlişə də ehtiyac yoxdur.

Erməni diasporu/lobbisi buna təsir etməyə çalışır, amma əvvəlki qədər effektiv fəaliyyət göstərə bilmirlər.

Bu, bir neçə həftə öncə Senatın Xarici Əlaqələr Komitəsində Cənubi Qafqazla bağlı keçirilən müzakirələrdə də ortaya çıxdı. Ermənipərəst Bob Menendezin rəhbərlik etdiyi erməni lobbisi Dövlət Departamentinin nümayəndələrindən Azərbaycana verilən dəstəyin hesabatını tələb edir, bu dəstəyin qarşısını kəsməyə çalışırdı.

Amma diplomatların cavabları rəsmi Vaşinqtonun siyasətinin ciddi şəkildə dəyişdiyini göstərir. İstisna deyil ki, 907-ci düzəlişin ümumiyyətlə ləğvi də qarşıdakı dövrlərdə aktuallaşsın".

Ekspert bildirib ki, ordu rəhbərliyinin ABŞ-də generalla görüşü qarşıdakı dövrdə hərbi əlaqələrin genişləndirilməsinə hesablanıb:

"Bununla yanaşı, regionda baş verən proseslər, xüsusilə İran faktorunun bu görüşlə əlaqəsinin olduğunu deyə bilərik. ABŞ Azərbaycana müəyyən mənada hərbi yardımlar edir və bu yardımın əsas məqsədi İranla sərhədin mühafizəsi, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınmasıdır. Son dövrlər İran rejimi Azərbaycana qarşı açıq çağırışlar edir.

Bu məsələ Bakı-Vaşinqton xəttində diplomatlar müstəvisində müzakirə olundu, indi hərbi müstəvidə müzakirə olunur. İstisna deyil ki, sərhədin mühafizəsi üçün nəzərdə tutulan hərbi dəstəyin artırılması, o cümlədən, mümkün təhlükələrə qarşı ABŞ-nin yardımı gündəmdədir".

dia.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR