Saat:02:59
Haqqımızda

Kərim Şükürovun üsyan bayrağı

2022-01-20 14:46:00

Kərim Şükürovun üsyan bayrağı

Kərim Şükürov mənə tarixdən dərs deyib. Yadımda pak bir insan kimi qalıb. Ümumiyyətlə, mənim təhsil aldığım ali məktəbin sahibi o zaman bu elm ocağına ən peşəkar və eyni dərəcədə də vicdanlı alimlərin toplanmasına çalışırdı. Çalışırdı ona görə deyirəm ki, bəzən bu kriteriyalara cavab verə bilməyənlər də vicdan cildi geyib həmin ali məktəbə yol tapa bilirdi. Nə olsun ki?! Onların tələbələr arasında bir qara qəpiklik də hörməti olmurdu.

Kərim Şükürov isə başqa idi. Azərbaycan tarixini onun qədər mükəmməl bilən, şərh edən və eyni zamanda tədris edən ikinci elm adamı ilə bu günə kimi qarşılaşmamışam. Tələbələrin sevimlisi idi. O, dərs deyəndə auditoriyada tələbələrin nəfəs səsindən başqa səs eşitməzdik. Tarixi sevən də, sevməyən də, bilən də, bilməyən də onun iki dodaqlarının arasından çıxan hər hər cümləyə diqqət kəsilirdi. Və heç bir tələbəni incitməzdi. Bilənin qiymətini dərhal yazar, bilməyənə öyrənmək üçün imkan yaradardı, yol göstərərdi.

Tale elə gətirdi ki, Kərim müəllim bir il əvvəl AMEA Tarix İnstitutunun direktoru oldu. Azərbaycan tarixinin Yaqub Mahmudov mənasızlığına son qoyuldu. Sələfindən fərqli olaraq, Kərim Şükürovun siyasi oyunlarla heç bir əlaqəsi yox idi. İndi də yoxdur. O, bütün qanı ilə elm adamıdır. Və mən düşünürəm ki, onun damarlarında axan qanın rəngi bənövşəyidir. Mürəkkəb rəngində…

Kərim müəllimin Azərbaycan tarixinin araşdırılması, yazılması, yeni baxışların ortaya qoyulması baxımından böyük dəyişikliklərə nail olacağına inanırdım. Amma görünür məndə bu inam formalaşan zaman AMEA-ya Ramiz Mehdiyevin rəhbərlik etdiyini unutmuşam. Elə bunun nəticəsidir ki, Kərim müəllimin bu inistituta rəhbərlik etməsinin bir ilinin tamam olmasına sayılı günlər qaldığı vaxtda o istefa verdi. Mehdiyev diktaturasına bir il də dözmək mümkün olmadı. Və burada qazanan yenə də Ramiz Mehdiyev, itirən isə Azərbaycan elmi oldu. 

Amma bəlkə də yanlış düşünürəm. Kərim müəllim yaydığı bəyanatda elə incə məqamlara toxunub ki... 

O bəyanatdan belə anlayıram ki, əziz müəllimim öz səviyyəsinə, biliyinə, dünya görüşünə uyğun olmayan, mağara təfəkkürünün hökm sürdüyü bir məkandan sadəcə olaraq canını götürüb qaçıb. Məsələyə bu tərəfdən yanaşanda onu təbrik edirəm. Qətiyyət göstərdiyi üçün, vicdanının səsinə qulaq asdığı üçün, həyatının bir hissəsini Ramiz Mehdiyevin rəhbərliyi altında keçirməyi öz şəxsiyyətinə, mənliyinə sığışdırmadığı üçün...

Kərim Şükürovun özü təkbaşına bir inisititutdur. O, Ramiz Mehdiyevi olduğu kimi tarixə yaza biləcək və göməcək bir tarixçidir. Buna heç kimin şübhəsi yoxdur.

Bundan sonra AMEA-da nə baş verəcək bilmirəm. Amma ehtimallarım var. Düşünürəm ki, bu günə kimi yumruq altında əzilib lakin səsini çıxarmayan, qəlbində az da olsa vicdan gəzdirən, cəsarətə sahib olanlar səslərini çıxaracaqlar. Kərim müəllimin qaldırdığı bu üsyan bayrağının ətrafında toplaşacaqlar. Mehdiyevin iddia etdiyi kimi ona “anonim məktub” yazanlar isə yenə də yazacaqlar. Bu dəfə Mehdiyevin özündən...

Yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR