“Kənddə yaşayan insanlarla şəhərdə yaşayan insanlar eyni xərcə malik deyil” - İQTİSADÇI
“2026-cı ildə yaşayış minimumu təxminən 5,2 faiz artırılacaq. Hansı ki, 2025-c ildə 6 faiz ətrafında infliyasiyanın olacağı proqnozlaşdırılır, yəni 2026-cı ildə ehtiyac meyarının artımı 2025-ci ildə qiymət artımlarının kompensasiya səviyyəsindən aşağıdır”.
Bu sözləri Hurriyyet.az-a iqtisadçı Rəşad Həsənov ehtiyac meyarı və yaşayış minimumunun ölkə üzrə 300 manat olması ilə bağlı mövqeyini bölüşərkən deyib.
“Burada digər məsələ yaşayış minimumunun, o cümlədən paralel olaraq da ehtiyac meyarının müəyyən edilməsi metodologiyasından qaynaqlanır. Bu məsələdə iki məqam xüsusilə diqqəti cəlb edir: istehlak səbətinin strukturu və onun keyfiyyəti. Baxmayaraq ki, qanunvericilik 3 ildən bir dəyişiklik tələb edir, 2014-cü ildən sonra istehlak səbətində hər hansı bir dəyişiklik olmayıb. 2014-cü ildə adambaşına internetdən istifadə səviyyəsi gün ərzində bir saat nəzərdə tutulurdusa, bu gün insanlar demək olar ki, gün ərzində 11 saatdan artıq internetdən istifadə edirlər”,-deyə iqtisadçı nəzərə çatdırıb.
R.Həsənov qeyd edib ki, təhsil, səhiyyə xidmətləri ödənişsiz olsa da, əhalinin əhəmiyyətli səviyyəsi, xüsusilə də təhsil xidmətləri üçün ciddi xərclər edirlər: “Bu xidmətlər bölməsində müvafiq məsələ aydın şəkildə öz əksini tapmayıb. Bu kimi faktorlar, eyni zamanda digər tərəfdən Dövlət Statistikası tərəfindən açıqlanan rəqəmlər əsasında qiymətlərin götürülməsi metodologiyası son nəticədə ehtiyac meyarının real səviyyəsinin hesablanması imkanını məhdudlaşdırır və bu göstəricinin nominal səviyyəsinin daha aşağı olmasına gətirib çıxarır”.
“Alternativ hesablamalar göstərir ki, 2026-cı ildə yaşayış minimumu təxminən 450-480 manat arasında olacaq. Burada başqa bir məqam yaşayış minimumunun coğrafi fərqləndirilməsinin olmamasıdır. Yəni kənddə yaşayan insanlarla şəhərdə yaşayan insanlar eyni xərcə malik deyil. Qış dövrləri kəndlərdə xüsusilə uzun çəkir və bu dövrdə onların enerji sərfiyyatı üzrə xərcləri daha yüksək olur və yaxud da şəhərdə yaşayan insanlar gün ərzində daha çox nəqliyyat vasitəsindən istifadə etməli olurlar. Hansı ki, istehlak səbətində bir nəfər işləyən şəxs üçün gündə bir gediş, bir gəliş olmaqla, iki gediş nəzərdə tutulur. Halbuki, təxminən əhalinin hər iki nəfərindən birinin məskunlaşdığı Abşeron yarımadasında insanlar işə getmək üçün bir neçə nəqliyyat vasitəsindən istifadə edirlər. Ona görə, düşünürəm ki, coğrafi faktorlar nəzərə alınmaqla, ehtiyac meyarının istehlak səbətinin strukturunun təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edildikdən sonra və real qiymətlər nəzərə alınmaqla, daha aydın şəkildə və dəqiq hesablamalar aparmaq olar”,-deyə iqtisadçı söyləyib.
CAVİD,
HÜRRİYYET.AZ
