Saat:03:28
Haqqımızda

“Kəlbəcərin savaşla azad edilməsi çətin olacaqdı, amma mümkünsüz deyildi” - Döyüşçü xatirəsi

2021-11-27 14:05:00

“Kəlbəcərin savaşla azad edilməsi çətin olacaqdı, amma mümkünsüz deyildi” - Döyüşçü xatirəsi

“Biz orada gördük ki, bu ərazilərdə hər hansı hərbi əməliyyatlar aparılacağı halda böyük çətinliklər yaşanacaqdı. Hər bir halda Kəlbəcər azad ediləcəkdi. Çətin olacaqdı, amma mümkünsüz deyildi”.

Hurriyyet.az xəbər verir ki, bunu Musavat.com-a Kəlbəcər işğaldan azad edildikdən sonra oraya ilk ayaq basan hərbiçilərdən biri olmuş “Yeni Müsavat” qəzetinin əməkdaşı Vaqif Hüseyn deyib.

Kəlbəcərin azadlığının bir ilinin tamam olması ilə bağlı təəssüratlarını bölüşən Vaqif Hüseyn 2020-ci ildə yaşananları belə xatırlayır:

“Kəlbəcərə daxil olan ilk hərbi hissələrdən biri də bizim xidmətdə olduğumuz hərbi hissə idi. Həmin ilk günü unutmaram. Qarlı və çox soyuq bir gün idi. Yolun bir hissəsini qət edəndən sonra aşırımlarda hərbi maşınların hərəkət etməsi mümkün olmadı. Buna görə də yolun qalan hissəsini piyada hərəkət etməli olduq.

Bizim hərbi hissənin dislokasiya yerinə 20 kilometrə yaxın bir məsafə qalmışdı. Həmin yolu bizim tabor piyada olaraq qət etdi. Bu da bizim üçün çox xoş bir xatirədir.

Biz orada gördük ki, Kəlbəcərin relyefi necə də çətindir. Ölkəmizin ən dağlıq bölgələrindən biridir. Şükür ki, həmin zaman heç bir qəza da baş vermədi və biz təyinat nöqtəsinə çatdıq”.

Vaqif Hüseyn relyefi hərbi əməliyyatların aparılması üçün çətin olan Kəlbəcər uğrunda döyüşlər davam edəcəyi halda qarşılaşacağımız risklərlə bağlı da danışıb:

“Mən Füzuli və Xocavəndi də görmüşən. Oralar nisbətən düzənlikdir. Amma Kəlbəcər əsasən dağlıq ərazi olmaqla yanaşı, həm də sıx dağlıq ərazilərə malikdir. Bizim olduğumuz hissələr daha sıx meşələrlə əhatə olunmuşdu.

Biz orada gördük ki, bu ərazilərdə hər hansı hərbi əməliyyatlar aparılacağı halda böyük çətinliklər yaşanacaqdı. Hər bir halda Kəlbəcər azad ediləcəkdi. Çətin olacaqdı, amma mümkünsüz deyildi. Çünki Azərbaycan həm ordunun sayı, həm texnika baxımından Ermənistan ordusundan qat-qat güclü idi. Həm də ordumuz iradəsi ilə Ermənistanı üstələmişdi. Əməliyyatların geniş bir coğrafiyada aparıldığını nəzərə alsaq deməliyik ki, Ermənistanın da bu qədər ərazilərdə canlı qüvvə yerləşdirməsi mümkün deyildi.

Biz əməliyyatların başladığı Füzuli istiqamətində şəhidlərimizin sayından xəbərdarıq. Bu istiqamətdə də hücumlar başlasaydı, itkilərimiz olacaqdı. Amma indi heç kim deyə bilməz ki, Kəlbəcər bizə hədiyyə edilib və ya bir güllə atılmadan verilib. Bu, 44 günlük müharibənin nəticəsidir. Ermənilər özləri də necə böyük itkilər verdiklərini etiraf edirlər. Onlar Ağdamı, Laçını, Kəlbəcəri də məhz daha böyük itkilər verməmək, daha ağır məğlubiyyətə düçar olmamaq üçün təhvil verdilər. Ermənilər ümidsiz şəkildə Kəlbəcərdən geri çəkildi”.

Vətən Müharibəsində silah yoldaşları ilə xatirələrini bölüşən Vaqif Hüseyn bildirib ki, təcrübələri döyüşçü yoldaşları, komandirləri sayəsində çətin Kəlbəcər relyefinə qısa zamanda uyğunlaşa, şərait yarada biliblər:

“Əvvəlcə Füzuli, Xocavənd istiqamətlərində döyüşçü yoldaşlarımızla az müddətdə də olsa görüşdük, birlikdə xidmət apardıq. Əksəriyyəti könüllülər idi. Onlar arasında hətta 6 övladı olan silahdaşımız da var idi. Döyüşçü yoldaşlarımın içərisində, hətta tabor komandirimizdən də yaşda böyük mən idim. Tabor komandirimiz çox cəsarətli bir insan idi. Orduda təşkilatçılıq baxımından çox peşəkar biri idi. Briqada komandirimiz də ordunun yerləşdirilməsində, idarə olunmasında qüsursuz işlər gördülər. Bizim taborda gənc əsgərlərin sayı az idi. Həm də əksəriyyət Gəncə-Qazax bölgəsindən olan könüllülər idi. Onlar da həmin relyefə bələd idilər və çox çətinlik çəkmədilər. Yerləşərkən qısa bir zamanda şəxsi heyətin təminatı ilə bağlı işlər görüldü. Hər kəs tapşırıq almadan öz öhdəsinə düşən işini gördü. İlk günlərdə patrul xidmətini aparmaq, əraziyə uyğunlaşmaq çətin idi. Ermənilər oranı tərk etsələr də təhlükə var idi. Çünki onların gedərkən hansı hiylələrə əl atdığını bilmək olmur. Həm də partizanların həmin ərazilərə geri qayıtması ehtimalı var idi.

Buradan da bizimlə birlikdə çiyin-çiyinə olmuş əsgərlərimizə, komandirlərimizə salamlarımı çatdırıram.

Onlar çox ağır hava şəraitlərində, relyefdə xidmət aparırlar. Biz orada olan Ağdərə istiqamətində ermənilərlə 10-15 metr məsafədə idik. İndi də onlar orada xidmətdədir.

Kəlbəcər xatirələri mənim övladlarıma qürurla danışa biləcəyim hekayələrdən biridir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR