Keçmiş ər arvadına bıçaqla hücum etdi: "Gözəlliyini əlindən alacam..." – ŞOK TƏFƏRRÜAT

2022-06-17 17:34:00

Keçmiş ər arvadına bıçaqla hücum etdi:

Gədəbəy rayonunda 1987-ci il təvəllüdlü Nadir keçmiş arvadı Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Hadisə 25 sentyabr 2020-ci ildə saat 19 radələrində Gədəbəyin Qurudərə kəndində baş verib.

Həmin vaxt Nadir azyaşlı övladlarının gözləri qarşısında Ləmana çoxsaylı zərbələr vurub. Xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün Ləmanın həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Arvadım məni saymırdı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir bildirib ki, 2007-ci ildə Ləmanla qeyri-rəsmi nikaha daxil olub: “Bu nikahdan 2010-cu ildə Lətif adlı oğlum dünyaya gəldi. 2013-cü ildən etibarən Ləmanla mübahisə və münaqişələrimiz yaranmağa başladı. Səbəb Ləmanın açıq-saçıq geyinməsi, işləmək istəməsi, mobil telefon işlətməsi, məni ər kimi saymaması idi”.

“Arvadımı gecə klubunda gördüyünü dedi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2015-ci ildə Ləmandan ayrılıb və işləmək üçün Moskva şəhərinə gedib: “Ləman isə Bakıya, atasının Qum adasındakı evinə getdi. Moskva şəhərində olarkən Ləmanın gözəllik salonuna işə düzəldiyini eşitdim. Onun işdən çıxmasını tələb etsəm də, məni eşitmədi. Sonra Ləman məni məhkəməyə verdi. Məhkəmə oğlumun saxlanılmasına görə mənə aylıq 160 manat aliment təyin etdi.

Moskva şəhərində olarkən əmim oğlu mənə telefonda Ləmanın Bakı şəhərində fəaliyyət göstərən gecə klublarının birində kişi ilə əylənərkən gördüyünü dedi. Bundan sonra Ləmanla əlaqəmi tamamilə kəsdim”.

“Etiraz etmədim”

Nadir qeyd edib ki, 2019-cu ilin noyabrında Moskvadan Bakı şəhərinə gəlib: “2020-ci ilin aprelində Gədəbəy rayonunun Qurudərə kəndinə köçdüm, atam Rəhimin evində yaşamağa başladın. 2020-ci ilin mayında isə rayon sakini Leyla ilə qeyri-rəsmi nikaha daxil oldum. Sentyabrın 23-də Ləman mənə zəng etdi, Lətif üçün şəxsiyyət vəsiqəsi almaq məqsədilə Gədəbəy rayonuna gəldiklərini, Lətifi apararaq ona şəxsiyyət vəsiqəsi almağımı bildirdi.

Sentyabrın 24-də, səhər saat 11 radələrində Ləman oğlum Lətifi yolun kənarına çıxardı. Atamla birlikdə Lətifi Gədəbəy rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupuna apardım. Polis şöbəsindən çıxarkən Ləman mənə zəng etdi. Təcili Bakı şəhərinə getməli olduğunu və Lətifi Gədəbəy şəhərində yerləşən işıqforun yanına gətirməyimi söylədi.

Mən də etiraz etmədim. Lətifi Ləmanın dediyi yerə apardım. Bir qədər sonra Ləman idarə etdiyi “Hyundai” markalı avtomobillə yanımıza gəldi. Lətifi götürərək özü ilə apardı”.

“Nə oldu, bəs Bakı şəhərinə gedirdin?”

Nadir bildirib ki, sentyabrın 25-də Ləmanı Qurudərə kəndi ərazisində görüb: “Onun məni aldatdığını başa düşdüm. Yeni ailə həyat qurduqdan sonra Ləman oğlumla görüşməyimə və əlaqə saxlamağıma şərait yaratmadı. Bu kimi hallar bir ata kimi mənə pis təsir edirdi.

Sentyabrın 25-də təxminən saat 17 radələrində atamla yaşadığım evin qarşı tərəfindəki kartof sahəsində işləyərkən Ləmanın oğlum Lətif və əmisi qızı Aynurə ilə birlikdə qonşuluqda yaşayan Elmiranın evinə getdiyini gördüm.

Təxminən bir saat sonra heyvanları örüşdən qaytararaq evə gəldim. Bir stəkan çay içdim, əynimi dəyişərək çölə çıxdım. Ləmanın oğlum və əmisi qızı ilə birlikdə yaşadığım evin qarşısından keçərək öz evlərinə tərəf getdiklərini gördüm. Ləmandan “nə oldu, bəs Bakı şəhərinə gedirdin?” – deyə soruşdum. Ləman isə söyüş

söyərək məni təhqir etdi. Təhqirdən əsəbiləşdim. Evə girdim, mətbəxdən gündəlik istifadə edilən bıçağı götürdüm.

Ləmanın arxasınca qaçaraq ona çatdım. Aynurə və Lətif əlimdə bıçağı görəndə qaçdılar. Orada daha kimlərin olduğunu əsəbi olduğumdan xatırlamıram”.

“Atam məni ayırdı” 

Nadir qeyd edib ki, Ləmana çatıb, arxadan saçından tutaraq dartıb: “Əlimdəki bıçaqla ardıcıl olaraq onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Ləmana neçə bıçaq zərbəsi endirdiyimi xatırlamıram. Atam arxadan yaxınlaşaraq kürəyimdən dartdı, Ləmandan ayırdı.

Yaşadığım evə getdim, əynimdəki şalvar qan olduğu üçün başqası ilə dəyişdim. Bıçağı və həmin şalvarı evin 1-ci mərtəbəsindəki hamama ataraq oradan getdim.

Əvvəlcə Gədəbəy rayon polis şöbəsinə yollandım. Təslim olmaq istəsəm də, fikrimdən daşındım. Gəncə şəhərinə getdim”.

Nadirin bildirdiyinə görə, 1 fevral 2021-ci ildə Bakı şəhərinə gəlib: “Axşam saat 18-19 radələrində Binəqədi rayonunda, 9-cu mikrorayonda yerləşən “Üzeyir” şadlıq evinin qarşısında dayanarkən polis əməkdaşları tərəfindən saxlanıldım və Gədəbəy rayon polis şöbəsinə gətirildim. Törətdiyim əməldən peşmanam”.

“Başımı kəsmək istədi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləmanın sözlərinə görə, Nadirlə ailə həyatı qurduqdan sonra onun ailə üzvləri ilə birlikdə "Həzi Aslanov" metrostansiyasının yaxınlığında yaşayıb: “Ailə həyatı qurduqdan 7 il sonra, təxminən 2013-cü ildə Nadir Rusiyaya getdi və geri qayıtmadı. 2019-cu ilin sentyabrında məhkəməyə müraciət etdim, oğlumun himayəmdə qalması barədə iddia qaldırdım.

Məhkəmə oğlumun himayəmdə qalması və Nadirin aylıq olaraq 160 manat aliment pulu verməsi barədə qərar qəbul etdi. Həmin vaxtdan oğlum və valideynlərimlə birlikdə Qum adasında yaşadım”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, 24 sentyabr 2020-ci ildə oğlu Lətifə şəxsiyyət vəsiqəsi götürmək üçün Gədəbəy rayonu, Qurudərə kəndinə gəliblər:

“Bizim Qurudərə kəndindəki evimiz Nadirin atasıgilin evinin qonşuluğunda olub. Sentyabrın 25-də axşam saatlarında evə gedərkən Nadirin, hazırkı arvadı ilə həyətdə oturaraq çay içdiyini gördüm. Nadirgili qısqandığımdan onları təhqir etdim və evə doğru getməyə başladım.

Bu zaman Nadir arxa tərəfdən gələrək üzərimə cumdu. Onun əlində dəstəyi, tiyəsi qalın və iri olan bıçaq vardı. Nadir bıçaqla boğazımı kəsmək istədi. Sol əlimi irəli verdim. Bıçaq sol əlimə dəydi və sol qolumun bayır tərəfini kəsdi”.

“Sənin gözəlliyini əlindən alacağam”

Ləman qeyd edib ki, daha sonra Nadir onun kürək nahiyəsinin sağ tərəfinə bıçaqla zərbə endirib: “Yenidən bıçaqla boğazımı kəsmək istədikdə, ona müqavimət göstərdim. Nadir bıçaqla qarın boşluğuma zərbə endirdi. Daha sonra üzümün sağ yanağını kəsdi. Bildirdi ki, sənin gözəlliyini əlindən alacağam, sən gözəlliyinə güvənirsən. Üzümü kəsdikdən sonra yenidən bıçaqla boğazımı kəsmək istədi.

Nadirin atası səs-küyə gəldi və onu məndən ayırdı. Məni qohumlarım yerdən qaldırdılar, Gədəbəy rayon mərkəzi xəstəxanasına apardılar. Orada mənə ilkin yardım göstərildikdən sonra Gəncə şəhər 3 saylı xəstəxanasında müalicə aldım.

Nadirin məni bıçaqla xəsarət yetirməsini azyaşlı oğlum da görüb. Oğlumun gözü qarşısında məni vurmaması üçün dəfələrlə yalvarıb deməyimə baxmayaraq, buna məhəl qoymadı, qorxu içində qışqıran oğlumun gözü qarşısında məni öldürmək istədi. Bu zaman əmim qızı oğlumu götürdü, olduğumuz yerdən kənara apardı. Nadirin məni bıçaqla vurmamışdan qabaq “uşağımı məndən alırsan, uşaq sənə görə məndən soyuyub” dedi”.

Ləmanın sözlərinə görə, Nadirdən ayrıldıqdan sonra hər hansı şəxslə münasibətdə olmayıb, heç kimlə ailə həyatı qurmayıb. Bildirib ki, təqsirləndirilən şəxsin fikri məhz onu öldürmək olub.

Ləman ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışıb, ondan heç bir şikayətinin olmadığını da deyib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Nadir 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya