Saat:18:03
Haqqımızda

Kazım Kazımov: “Tramp müxtəlif yollarla Ukrayna üzərində təzyiq qurmaq istəyir”

2025-12-02 16:42:29

Kazım Kazımov: “Tramp müxtəlif yollarla Ukrayna üzərində təzyiq qurmaq istəyir”

“Biz bilirik ki, son dövrlərdə, xüsusilə Rusiya və Amerika arasında intensiv şəkildə Ukrayna ilə bağlı müzakirələrin başlamasından sonra, bu korrupsiya məsələləri Ukraynada gün üzünə çıxmağa başladı və Ukrayna Prezident Administrasiyasının rəhbəri istefa verdi. Bu da onu göstərir ki, bunlar əsassız yerə ortaya atılmış iddialar deyil”. 

Bu barədə Hurriyyet.az-a ABŞ Prezidenti Donald Trampın Ukraynadakı korrupsiya səbəbindən maliyyə yardımını dayandırması ilə bağlı mövqeyini bölüşən politoloq Kazım Kazımov deyib. 

“Ola bilər ki, bir çox rəhbər şəxslər korrupsiyaya bulaşıblar, lakin bu məsələ tamamilə hüquqi cəhətdən izah ediləcək bir məsələ deyil, bu, siyasi məsələdir. Əgər siyasi motivlərlə ortaya atılıbsa, demək burada əsas məqsəd Ukraynaya qarşı ABŞ tərəfindən təzyiqi artırmaqdır. Çünki Donald Tramp hesab edir ki, Ukraynaya verilən maliyyə yardımları Amerikanın özünün iqtisadiyyatına pis təsir edir və müharibənin uzanmasına səbəb olur”,-deyə politoloq əlavə edib. 

K.Kazımov qeyd edib ki, Amerikanın məqsədləri fərqlidir: “ O, həm Rusiya, həm də Ukrayna ilə iqtisadi əlaqələri genişləndirmək istəyir və daha çox diqqətini Şərqi Avropaya yox, uzaq şərqə, yəni Çinə qarşı yönləndirmək istəyir. Onun üçün də Tramp müxtəlif yollarla Ukrayna üzərində təzyiq qurmaq və ona maliyyə yardımlarını dayandırmaq istəyir. Çünki maliyyə yardımını dayandırmaq ən güclü təzyiq vasitələrindən biridir”. 

“Ukraynaya maliyyə yardımlarının dayandırılıb, dayandırılmayacağına gəlincə, bu, bir az siyasi atmosferlə də bağlıdır. Çünki ola bilər ki, Konqresdə və ya daha alt palatada Trampın özünə təzyiqlərə səbəb olsun və o, maliyyə yardımını dayandıra bilməsin”,-deyə politoloq söyləyib. 

K. Kazımovun fikrincə, Tramp maliyyə yardımını dayandırmağa tam nail olarsa, bu, Ukraynaya həm psixoloji zərbə vuracaq, həm də müharibə xərclərinin artmasına səbəb olacaq: “Düzdür, maliyyə axını dayanan kimi, Ukrayna təslim olmaz. Avropanın ən azından dəstəyi davam edir, lakin uzun müddət də davam edə bilməz. Çünki bu vəziyyətdə ABŞ maliyyə yardımını kəsərsə, kəşfiyyat yardımını də kəsə bilər. Bu isə Ukraynanın uzun müddət ərzində vəziyyətini yaxşı hala gətirib çıxarmayacaq”.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolayn Levit brifinqdə bildirib ki, ABŞ Prezidenti Donald Tramp əvvəlki administrasiyanın Kiyevə təqdim etdiyi “sonsuz maliyyə axınını” Ukraynadakı korrupsiya səbəbindən dayandırıb.

CAVİD