Kamil Dadaşov öz ifaçılıq xüsusiyyətləri ilə seçilirdi

2022-06-17 11:48:00

Kamil Dadaşov öz ifaçılıq xüsusiyyətləri ilə seçilirdi

Azərbaycan milli rəqs sənətinin böyük istedada malik, çox mahir, yüksək səviyyəli, hünərli və bacarıqlı ifaçıları olub. Onlar öz ifaları ilə ölkəmizdə, keçmiş Sovetlər birliyində və xarici ölkələrdə səhnələri fəth edərək maraqlı sənət sərgiləmiş, milli rəqs sənətmizi bütün incəlikləri, gözəlliyi, təravəti, möhtəşəmliyi ilə tərənnüm etmiş və öz adlarını halallıqla mədəniyyət tariximizə yazmışlar. Onlardan biri də Kamil Dadaşovdur.

Zəngin və qədim tarixə malik Azərbaycan rəqslərini səhnəyə çıxarmaq və inkişaf etdirmək ağırlığını hələ dünənə qədər Əminə Dilbazi, Böyükağa Atababayev, Tutu Həmidova, Şəfiqə Hənifəyeva, Böyükağa Məmmədov, Roza Cəlilova, Xoşbəxt Məmmədova, Ramiz Məmmədov, Nailə Mahmudova, Əhmədağa Məmmədov, Adil Rəhimov, Kamil Dadaşov, Ramiz Eynullayev, Rafiq Əzizov, Tofiq Hüseynov, Alim Zeynalov, Qorxmaz Qurbanov, Aliyə Ramazanova, Azad Hüseynov, Zemfira Həsənova, Əvəz və Yusif Qasımov qardaşları, Mənsur Məmmədov, Sirus Teymorov, Nəriman Kərimov, Etibar Zeynalov, Nisəxanım Rəhimova, Cəmilə Bayramova, Xanlar Bəşirov kimi sənətkarlar daşıyıblar. Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz nəinki vətəndə, hətta dünyanın böyük konsert salonlarında ifa olunaraq maraqla qarşılanıb.

Kamil Hənifə oğlu Dadaşov 1935-ci ildə Bakıda dünyaya gəlib və burada təhsil alıb. Rəqsə həvəs onu Ehtiyat Əmək Qüvvələri İttifaqının nəzdindəki özfəaliyyət rəqs ansamblına gətirib. Burada Böyükağa Məmmədovdan (1927-2018) rəqsin ilk sadə hərəkətlərindən başlayaraq sənətin sirlərinı qədər öyrənib. O zaman bu kollektivin qaynar dövrü idi, Azərbaycanın demək olar ki əksər məşhur rəqs sənətkarları buradan yetişib. Kamil də peşəkar ansambllara, böyük səhnələrə buradan yol almışdı.

K.Dadaşov Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti olarkən xalq artisti, görkəmli baletmeyster Əlibaba Abdullayevin quruluşunda (1915-1980) “Neftçilər” suitasında, “Bulaq başında”, “Yallı-Zorxana”, “Çobanlar”, “Nazeləmə” rəqslərində böyük məharət göstərirdi.

1955-ci ildə Moskvada keçirilən Ümumittifaq Festivalda Kamil Dadaşov, Ramiz Eynullayev, İmran Qasımov, Rəfi Əsədullayev, Ramiz Şabanovun birlikdə çıxışı böyük marağa səbəb olmuşdu. Odur ki, onlara birinci yer verilmişdi. Oradakı uğurlu işinə görə K.Dadaşov Varşavada keçirilən Ümumdünya Festivalına göndərilmiş və o, oradan qızıl medalla qayıtmışdı.

K.Dadaşovun tullanmaları, fırlanmaları, ayaq barmaqları üstündə səhnə hərəkətləri ilə rəqs etməsi əsl möcüzə idi. Onun səhnəyə, rəqs sənətinə yaraşan boy-buxunu, gözəl görünüşü sololara çıxan kimi bütün tamaşaçıların diqqətini cəlb edir və bu hal onun oynadığı bütün rəqslərə uğur gətirir və onları tamamlayırdı. Bu qarayanız qafqazlı, azərbaycanlı öz istedadı, misilisiz rəqsləri ilə Moskva tamaşaçılarını ovsunlamışdı. Onun ifasında texniki hərəkətkər, barmaqlar üstə dayanmaq, baramaqlar üstə oynamaq, bu zaman müvazinəti, ayaq quruluşlarının görünüşünü sabit hala gətirmək və s. üstün cəhətlər həmişə cəlbedici olur və maraqla qarşılanırdı.

Əhməd haradadır? (1963)

Kamil Dadaşov ömrünü-gününü bu sənətə həsr etmişdi. O, uzun illər rəqs səhnəsində xalq artisti Roza Cəlilovanın tərəf-müqabili olub. Bu iki korifey hələ gənclik illərindən dünyann böyük ölkələrinin çoxunda Azərbaycan rəqsini məharətlə nümayiş etdiriblər. Mahnı və Rəqs Ansamblında çalışarkən K.dadaşov xalq artisti R.Cəlilova ilə bir neçə rəqs kompozisiyalarında və “Nazeləmə” duet-rəqsdə xüsusi məharət və gözəllik göstəriblər.

Bir çox rəqslərə öz dəsti-xəttini, emosionallığını, ifaçılıq temperanentini əlavə edən K.Dadaşov sənəti həmişə yaşayacaq. O, C.Cahangirovun (1921-1992) musiqisinə Ə.Abdullayevin quruluş verdiyi “Bulaq başında” rəqsini Roza Cəlilova, Nailə Mahmudova, Zemfira Camalova ilə ifa etmiş və dünyanın çox ölkələrində böyük uğurlar və tamaşaçı alqışı qazanmışdı. K.Dadaşovun ifasında şah əsər kimi sayılan “Nazeləmə” rəqsində onun tərəf-müqabillərini sadalasaq, gözlərimiz önündə Azərbaycan rəqsinin böyük epoxası canlanar: Əminə Dilbazi, Şərqiyyə İskəndərova, Roza Cəlilova, Nailə Mahmudova, Afaq Məlikova, Zemfira Camalova-Həsənova, Nisəxanım Rəhimova, Təranə Muradova.

Bu danılmaz faktdır ki, bütünlükdə səhnə sənətində, həmçinin rəqslərdə tərəf-müqabil əsas şərtdir. Qarşı tərəf zəifdirsə, səni anlamırsa, etdiyin hərəkətlərə adekvat olaraq tutarlı cavab vermirsə, obrazı duyub onu yarada bilmirsə, təbii ki, digər tərəf də tələbi ödəyə bilməz və rəqs zəif görkəm alar. Kamilin tərəf-müqabil kimi həssaslığı, anlama gücü, çevikliyi, rəqs quruluşunun ümüumi ahənginə, qayəsinə, mahiyyətinə tutarlı yanaşaraq cavab verməsi və oyun nümayiş etdirməsi duet ortağı olan rəqqasələrin nəzərindən qaçmırdı. Odur ki, bütün rəqqasələr K.Dadaşovla tərəf-müqabil arzusunda olur və səhnədə özlərini sərbəst hiss edərək gözəl oyun sərgiləyirdilər.

Milli rəqsin canlı əfsanəsi - Xural qəzeti

Azərbaycan rəqsi Azərbaycan insanının hissini, duyğularını, həyat tərzini, sevinc və kədərini ifadə edir. Quruluş verilmiş rəqslərimizdə həyat və məişətimiz, adət-ənənlərimiz, milli müntalitetimiz, xalqımızın arzu-istəkləri öz əksini tapmasaydı, onların heç bir mahiyyəti və indiyə qədər qazanılan bu qədər nailiyyətlər olmazdı. Milli rəqs sənətinə xidmət edənlər, bu sırada K.Dadaşov və onun tərəf-müqabilləri daim milli hisslərə boyanaraq rəqs ediblər.

Yüksək səhnə temperamenti, böyük sənət texnikası, özünəməxsus plastika, cəngavərlik ruhu, Kamil Dadaşov sənətinin əsas özəllikləridir.

Kamilin uğurları, yüksək peşəkarlığı diqqətdən kənarda qala bilməzdi. Odur ki, onu Azərbaycan Dövlət Estrada Orkestrinin rəqs qrupuna dəvət etdilər.

K.Dadaşovun fikirlərindən: “1955-də Rauf Hacıyevin rəhbərliyi altında Dövlət Estrada Orkestri yarandı. Rəfi Əsədullayevi, Alim Zeynalovu və bir də məni həmin ansamblda çıxış etmək üçün dəvət etdilər. Yenə də durmadan işlədik.

Milli rəqsin canlı əfsanəsi - Xural qəzeti

O, burada da öz unikal sənətilə səhnələri fəth etmişdi. Buradakı qrupun üzvləri az olsa da, oynanılan rəqslər hər yerdə maraqla qarşılanırdı. Çünki burada yüksək peşəkarlığa malik rəqqaslar çalışırdı. Estrada orkestrinin müşayiətilə üç rəqqasın möhtəşəm rəqs hərəkətləri bütün səhnələrdə öz işini görürdü. Azərbaycan Dövlət Estrada Orkestri bütün SSRİ məkanında məşhur idi. İl uzunu qastrol səfərləri olurdu. Orkestrin rəqs qrupunun üç-dörd rəqqası və bir rəqqasəsi var idi. Repertuardakı “Çobanlar”, “Qaytağı”, “Nazeləmə” rəqsləri hər yerdə məhəbbət və alqışlar qazanırdı.

Kamilin oynadığı “Gəl-gəl”, “İspan rəqsi”, Meksika rəqsi”, “Nar ağaçı” kimi rəqslər nadir sənət inciləri hesab olunur [6, s. 66]. Bu onu göstərir ki, Kamil çox istedadlı, mükəmməl, məlumatlı, arayıb-axtaran, görüb-götürən, başqa xalqların rəqsləri ilə maraqlanan bir ifaçı olmuşdur.

Həqiqətən bir sənətkar olaraq onun öz peşə xüsusiyyətləri, sənət əhvalı, çoşqun ruhu, dəsti xətti olaraq hamıdan seçilirdi və tam özü idi. K.Dadaşov milli rəqs sənətində öz ifaçılıq sirləri, fərqli və xeyli üstün cəhətləri ilə seçilirdi. Bütün rəqs quruuşlarının sololarında o, tam şəkildə özünü göstərə bilirdi, öz ştrixləri, hərəkətlərinin ardıcıllığı, nizamı, aydınlığı, sinxronluğu, gücü, təpəri və ən əsası coşqun əhvalı, ruhu ilə Kamil Dadaşov olaraq tanınırdı. Bütün fəaliyyəti ərzində solist kimi o, hər ölkədə, hər səhnədə, ifa etdiyi hər soloda öz möhürünü vururdu.

1959-cu ildə sovet dövlətinin mərkəz şəhəri Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsəniəti günlərində bu sahənin nadir nümayəndələri, bütün bədii kollektivlər, nadir sənət adamları, respublikamızın dövlət başçıları iştirak edirdi. Orada rəqsimiz də layiqincə təmsil olunmuşdu. Kamilin müsahibəsindən: “Moskavada Azərbaycan günləri keçirildi. Kreml sarayında möhtəşəm konsert proqramları ilə çıxış edirdik, Rəşid Behbudovdan (1915-1989) tutmuş başqalarına qədər... Niyazi dirijorumuz idi. Mən səhnəyə çıxan zaman bütün diqqəti məndə olardı. Az qalırdı, durduğu yerdən səhnəyə uçsun, bizə qoşulub, o da rəqs etsin.

Kamilin coşqun, mübariz, cəngavər ruhu, cevikliyi, cəld hərəkətləri bacarıqla yerinə yetirməsi “tryuk” rəqqas kimi yetişməsi onun “Yallı”, “Qaytağı”, Çobanlar” və “Cəngi”lərdə özünü solist kimi çıxış edib bəyənilib, sevilib, rəğbət qazanıb, önə çıxıb diqqət çəkməsinə və daim alqışlara bürünməsinə səbəb olurdu. Səhnəyə çıxıb özünü tam sərbəst hiss etməsi, nərə çəkməsi, üzündəki çizgilər, təbəssüm, bütün əl-qol, bədən, ayaq hərkətləri, plastikası birlikdə sinxron əlaqə yaradırdı ki, bu hal daim onun səhnə uğurunu təmin edirdi. Onun gözəl səhnə görünüşü, sıx, zil qara saçları, milli rəqs sənəti geyimləri, sinəsindəki patron-daşlar, çəkmələri oynadığı bütün rəqslərin milliliyini, Azərbaycan ruhunu təsəvvür və tərənnüm edirdi. O, səhnə sənətində başdan-başa, təpədən dırnağa Azərbaycan ruhunda, milli rəqsin obrazında və nümunəsində idi. Bu insan adını sevib-seçdiyi peşədə də doğruldurdu, rəqs sənətində mükəmməl və kamil olaraq əsl rəqqas adını daşıyırdı.

Azərbaycan rəqslərindən kinoda da layiqincə istifadə edilib. Azərbaycan rəqslərinə yer verilən filmlərimizdə peşəkar rəqqaslar çəkilib.

Kamilin Azərbaycan kino filmlərinə çəkilməsi də xüsusi əhəmiyyət kəsb edir. O, 1963-cü ildə “Azərbaycanfilm”in çəkdiyi “Əhməd haradadır”, 1979-cu ildə lentə alınmış “Qəribə adam” kinofilmində yaradılmış rəqs səhnələrinin əvəzedilməz ifaçısıdır.

Həmişəyaşarlığını qoruyan, heç vaxt əhəmiyyətini, aktuallığını, təravətini itirməyən, daim maraqla baxılan “Əhməd haradadır” bədii filmində Ə.Abdullayevin quruluşunda, Yaşıl teatrın səhnəsində çəkilən, filmin son kadrlarında Kamilin maraqlı və yaddaqalan solo ifası var. O, səhnənin finalını təşkil edən kütləvi rəqsdə nağara ifa edərək ayaq dırnaqları üstündə oynayır və rirtmləi ifa edərək sağa, sola üz çevirilib ifaçıları cuşa gətirir, ilham verir, həvəsləndirir və onlara şux əhval bağışlayır.

K.Dadaşov Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olarkən geniş fəaliyyət göstərib və bütün rəqs quruluşlarında aparıcı rəqqas olaraq özünü doğruldub. O, 1973-1975-ci illərdə Dövlət Rəqs Ansamblının solisti kimi də daim ustalıq və məharət göstərərək bütün çıxışlarda hərarətli alqışlar və tamaşaçı sevgisi qazanmışdır. Qeyd etməliyik ki, bütün fəaliyyəti ərzində K.Dadaşovun zəif ifasını görən olmayıb. Sənət sevdalı, yüksək enerjili, çevik, cəld, dəqiq hərəkətli insan səhnədə oda-alova dönür, oynadığı rəqsin içinə daxil olur, onun məzmun və mahiyyətini verərək əsər, obraz yaradırdı.

K.Dadaşovun müsahibəsindən: “Rəqslə məşğul olduğum üçün hələ 1976-cı ildən təqaüdə çıxmışdım, lakin buna baxmayaraq, fəaliyyət göstərirdim. Yeni rəqslər qururdum, ansambl yaradırdım. Ümumiyyətlə, təqaüdə çıxmağı ağlıma belə gətirmirdim. Çox həvəsli və öz işimi sevən biri olmuşam. O baxımdan da yaşımın ən gözəl vaxtında təqaüdə çıxıb, evdə boş otura bilməzdim. Mən ondan sonra hələ uzun illər Azərbaycanın mili incəsənətinin inkişaf etməsi üçün əlimdən gələni etmişəm”.

Bütöv ömrünü milli rəqs sənətinə həsr edən K.Dadaşov sıradan bir sənətçi olmadığı üçün bu sahədə daim nümunəvi çalışmış, hər bir kollektivdə səmərəli fəaliyyət göstərərək mühüm işlərə imza atmışdır.

K.Dadaşovun söylədiklərindən: “Neft Akademiyasında işlədiyim müddətdə tədricən ansamblı yenidən qaldırdım, rəqslər qurdum, konsertlər təşkil etdim. Sonralar Alim Zeynalov da etiraf etdi ki, məndən bu qədərini də gözləməzmiş. Oradan da «Göy Gölə» getdim. Mən Sovet respublikalarının bir çoxunun dövlət ansambllarının yaradıcısı olmuşam. Moldova Respublikasında Dövlət Jok Ansamblını yaratmışam. Dünyaca məşhur bir ansambl oldu. İqor Maiseyev məni işləmək üçün Moskvaya dəvət etdi. Leninin anadan olmasının 100 illiyilə bağlı konsert tədbirləri keçirilirdi və məni də Moskvaya çağırdı. Bütün 15 respublikadan birinci məni səhnəyə buraxdı. İlk dəfə konsertdən əvvəl keçirilən baxışda Moiseyev müavinləri ilə bir yerdə oturmuşdu və məndən soruşdu ki, «Азербайджанец, что будеш тансевать?» (azərbaycanlı, hansı rəqsi oynayacaqsan?), dedim, «Ne какетничай», «Naz eləmə». Maraqlandı ki, «a что за танес? (bu nə rəsdir belə?), dedim, «еto пo азербaйджанский «Naz eləmə», a пo русский - «Не какетничай». İnanırsınızmı, məni üç dəfə oynatdı. Baxmaqla doymurdu. Özü də ardıcıl oynamaq rəqqas üçün çox çətindir, mən isə səhnədə hər zaman ikinci nəfəs yolumu açmağı bacarmışam. Yorulan kimi, avtomatik ikinci nəfəs yolum açılır. Çoxu bunu edə bilmir, boğulur, yorulur. Mənim kimi barmaqüstü rəqs oynayan da çox azdır. O vaxt isə ümumiyyətlə, yox idi. Mənim rəqs zamanı istifadə etdiyim barmaqüstü hərəkətlər sonralar bütün Qafqazda yayıldı. Halbuki, mən onun ilk müəllifi və yaradıcısı olmuşam. Amma Özbəkistanda bir ritm vuran kimi, deyirlər, bu Dadyevin ritmidir, bizdə isə yaradıcılara qiymət vermirlər, demirlər ki, bu Kamil Dadaşovun “barmaqüstüsü”dür… .

Sovet dövründə məşhur rəqqas Mahmud Esenbayevin çəklidiyi “Əmək və qızıl gül” filmi var idi. Orada M.Esenbayevin dırnaqüstü rəqsini Kamilin oyunundan çəkib göstəriblər. Burda məharətlə montaj işi görülüb.

Kamil Dadaşov 1960-cı illərin sonlarından 1991-ci ilə qədər Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun “Gənclik” özfəaliyyət rəqs ansamblına rəhbərlik edərək kollektivi yüksək səviyyəyə gətirmişdi. Əslində bu rəqs ansamblı elə yaranan gündən səviyyəli halda idi və uğurlu çıxışlara qərq olmuşdu. Bu hal görkəmli baletmeyster, milli rəqs sənətimizin atası sayılan Əlibaba Abdullayevin xidməti nəticəsində yaranmışdı. O, Azərbaycan Dövlət Universitetin dəvət olunanda, burada K.Dadaşovun çalışmasını məsləhət görmüşdü.

K.Dadaşovun fikirlərindən: “Ə.Abdullayev işdən çıxdı və universitetin rəqs ansamblı ilə işləməyə getdi və məni də onun yerinə dəvət etdilər. Çoxları heç cür bunu qəbul edə bilmirdilər, hətta özümə də deyirdiər ki, Kamil, sən onu əvəz edə bilməzsən. Hamıdan əvvəl bu sözü mənə Alim Zeynalov dedi.

Haşiyə: Alim Zeynalov 1939-cu il noyabrın 23-də Bakıda anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblı, Dövlət Estrada Orkestri, Dövlət Mahnı Teatrı və Dövlət Rəqs Ansamblının aparıcı rəqqası və solisti olub. Hazırda Kanadada yaşyır”.

Bu bir faktdır ki, “Gənclik” rəqs ansamblı həm repertuar zənginliyi, həm də ifaçılıq texnikası baxımından tam peşəkar halda fəaliyyət göstərirdi. Əlbəttə, bunlar Kamilin həm təşkilatçılıq, həm peşəkarlıq və həm də yaradıcılıq səviyyəsinin yüksək olmasından irəli gəlirdi. “Gənclik” institutun bayram konsertlərində, dövlət tədbirlərində, Bakının mədəniyyət müəssisələrində, keçmiş SSRİ məkannda və xarici dövlərdə keçirilən festivallarda çıxış edərək daim nailiyyətlər qazanırdı. K.Dadaşovun ansamblla hazırladığı proqram çox maraqlı və zəngin idi. Bura kütləvi-oğlanlı, qızlı, solo, həm də duet rəqslər daxil idi. Repertuardakı “Gənclik rəqsi” (mus. T.Quliyev), “Dalğalar” (mus. R.Mirişli), “Nazeləmə” (mus. Ə.Abdullayev), “Qaytağı” (mus. R.Hacıyev), “Çay” (E.Sabitoğlu) rəqsləri, “Azərbaycan suitası” (mus. Ə.Məmmədov), “Qızıl gül” (mahnı, mus. Ə.Məmmədov) rəqs kompozisiyaları hansı səhnədə oynanılırdısa, uğur qazanılırdı. Repertuarda “Məzəli rəqs” də var idi. Burada iki oğlan, bir qız çıxış edirdi.

K.Dadaşov: “Beləcə, Neft Akademiyasında işlədiyim müddətdə tədricən ansamblı yenidən qaldırdım, rəqslər qurdum, konsertlər təşkil etdim. Sonralar Alim Zeynalov da etiraf etdi ki, məndən bu qədərini də gözləməzmiş.

Ənvər Məmmədov (1934-2013) bacarıqlı, tanınmlı xormeyster olaraq Bakıdakı təhsil və mədəniyyət müəssisələrinin əksəriyyətində xor kellektivləri yaratmışdı. O, 1967-ci ildən “Cənclik” mahnı və rəqs ansamblının bədii rəhbəri və baş dirijoru kimi çalışmağa başlayır. Bu kollektiv onun rəhbərliyi altında 1972-ci ildə Kişinyov şəhərində laureat adını qazanır. 1974-cü ildə xor sənətinin təbliği işinə görə kollektiv “xalq ansamblı” adına layiq görülmüşdü. Bu kollektiv tələbə inşaat dəstələri qarşısında Moskva, Tallin, Ulyanovsk, Qaqarin şəhərlərində dəfələrlə çıxış etmişdi.

Qeyd etməliyik ki, “Gənclik” mahnı və rəqs ansamblının yüksək fəaliyyətində, geniş şəkildə tanınmasında baleymeyster Kamil Dadaşov, xormeyster Ənvər Məmmədov və xalq çalğı alətləri qrupunun rəhbəri Fərhad Paşayevin möhkəm iş birliyinin xüsusi əhəmiyyəti olmuşdu. Həmin dövrdə təhsil müəsssilərində xor kollektivlərinin, mahnı və rəqs ansambllarının yaradılmasına çox böyük maraq var idi. K.Dadaşovun “Gənclik”dəki fəaliyyəti həmin qaynar dövrə təsadüf edirdi. “Cənclik” respublikamızda, Sovet dövlətinin ən böyük şəhərlərində və sosialist öklələrdə çıxış edirdi.

Bu sətirlərin müəllifinin xatirəsindən: “1971-ci ilin payızı idi. Bakı Dövlət Sirkində təhsil, mədəniyyət müəssisələrinin bədii kollektivlərinin baxış-müsabiqəsi keçirilirdi. Buradakı tədbirin sonuncu turunda mən də BEMZ-nin Mədəniyyət və Texnika Sarayının özfəaliyyət xalq çalğı alətləri ansabllının tərkibində ifaçı idim. “Gənclik” mahnı və rəqs ansamblının çıxışı həddən artıq marağa, diqqətə səbəb oldu və birinçilk onlara verildi. “Qızıl gül” bədii kompozisiyası zəngilklərlə dolu idi. Rəqs quruluşu müğənninin oxuduğu mahnının, xorun və instimental heyətin müşayiətilə bəzənərək tamaşaçı ruhunu oxşayır, bütün qəlblərə yol taparaq riqqətə gətirir, ürəklərə su səpirdi. Meydana ardıcıl olaraq bir-bir çıxaraq dövrə vurub qruplar şəklində dairələr yaradan rəqqasələr tamaşaçı gözləri qarşısında yeniçə açılan qızıl güllərə bənzəyirdilər. Burada əsl sənətkar, ən bacarıqlı baletmeyster işi var idi. O, çox gözəl fikirlər üzərində iş apararaq maraqlı tapıntıya nail olmuşdu və quruluşçu həm də sanki rəssam idi. K.Dadaşovun quruluşunda bu kompozisiya şedevr əsəri xatırladırdı”.

1989-cu ildə “Gənclik” dünya səyahəti səviyyəli bir səfərə çıxmışdı. Odessa şəhərindən Lev Tolstoy adlı çox nəhəng gəmi vasitəsilə Kipr, Türkiyə, Yunanıstan, və Misirə səyahət nəticəsində möhtəşəm konsertlər verilmişdi. 15 mərtəbəli gəmidə də sərnişinlər üçün konsertlər təşkil olunurdu. SSRİ şəhərlərində verilən konsertlər də daim möhtəşəm keçirdi.

Arada “Gənclik” xalq artisti Əminə Dilbazinin (1919-2010) Tibb Universitetində rəhbərlik etdiyi qızlardan ibarət “Çinar” ansamblı ilə birləşdirilərək soisalist ölkələrinə səfərlər təşkil olundu. Bu heyətə iyirmi rəqqas “Gənclik”dən, iyirmi rəqqas “Cinar”dan daxil edilmişdi. Ciddi, çox məhsuldar məşq vasitəsi və yaradıcılıq gücü ilə zəngin və baxılası proqram hazırlanmışdı. Təbii ki, repertuar tutarlı alınmışdı, axı tərtibçi və bunu işləyib hazırlayan Azərbaycan rəqs sənətinin iki böyük nümayəndəsi idi. Proqrama Sovetlər birliyinin on beş respublikasının rəqsləri daxil edilmişdi. 1980-ci ildə Yuqoslaviyada keçirilən Dünya Festivalında böyük uğur qazanılmışdı. Belə uğurlu konsertlər Polşa, Almaniya Demokratik Respublikası, Macarıstan, Bolqarıstan və başqa ölkələrdə davam etdirilmişdi. Belə səfərlərdə Sovet dövləti təbliğ olunurdu. Ümumilikdə iyirmi xarici dövlətdə çıxışlar edilmişdi. Nəticədə “Gənclik” rəqs ansamblına Lenin mükafatı laureatı adı verilmişdi.

K.Dadaşov müsahibəsində “Göy-Göl”ə getdim” ifadəsi işlədir [4]. O, Gəncə Dövlət Filarmoniyasının “Göy-Göl” Mahnı və Rəqs Ansamblını nəzərdə tutur. K.Dadaşov burada da səmərəli fəaliyyət göstərmiş, öz yaradıcılıq potensialından istfadə edərək səviyyəli rəqs quruluşları vermişdi. Onun çalışdığı dövrdə ansamblın rəqs qrupu dirçəlmiş, işlək hala gətirilərək möhtəşəm rəqslər ifa etməyə cəlb olunmuşdu.

K.Dadaşovun “Xural” qəzetinə müsahibəsindən: “Həmin vaxt İqor Moiseyev məndən soruşdu ki, hansı ansamblda oynayıram, dedim, Mahnı və Rəqs Ansamblının əməkdar rəqs kollektivilə çalışıram. Soruşdu, neçə ildir, rəqs edirəm. Dedim, iyirmi ilə yaxındır və yaxınlarda da təqaüdə çıxaracaqlar. Məəttəl qaldı ki, necə yəni pensiya? Bu cür rəqqas da pensiyaya çıxar? Dedim, saxlayacaqlarsa, qalacam, saxlamayacaqlarsa, gedəcəm. Birdən dedi ki, mənimlə işləyərsən? Dedim, kim bunu arzulamaz ki! Direktoru çağırdı ki, bizdə ev var? Birotaqlı evin olduğunu dedi direktor. Mənim adıma yazdırdı…

Bakıya gələndən sonra anam qoymadı, dedi ki, məni qoyub getsən, bil ki, öləcəm. Daha sonra məni Karakalpaka apardılar, onda Rauf Hacıyev nazir idi. Əlibaba Abdullayevi çağırdılar, o da dedi ki, «sizə elə bir ansambl yaradacam ki, bütün dünyada məşhur olacaq». Oranın da naziri dedi ki, «bəs, özünüz üçün belə ansambl niyə yaratmırsan?» Yəqin inanmırmış. Amma rəhmətlik Əlibaba Abdullayev həqiqətən də çox gözəl rəqqas idi. Hər şeydən əvvəl rəqslərin qurulmasını ondan gözəl bilən yox idi. Azərbaycan mili rəqslərinin qurulmasının banisi idi. O, mənim orada rəqs qurmağımı məsləhət gördü. Cəmi 15 günə 5 rəqs qurdum, bir rus qızına da dizi üstə fırlanmaq öyrətdim. Bütün bunlara görə o vaxtın pulu ilə 5800 rubl qonorar aldım. Bir «Jiquli»nin pulu idi. 15 gündən sonra gözümü açıb ağ xalatlı həkimləri gördüm. Səhər saat 9.00-dan axşam 22.00-dək işləyirdim.

Qızlarla məşq edirdim, ardınca oğlanlar gəlirdi, beləcə bir-birlərini ötürə-ötürə mən tək, fasiləsiz rəqsləri qurdum. Quru çay, yavan çörək… Mədəm acından sıxılmışdı. Təyyarədə bir badə mənə rom içirmişdilər, o da ac olduğumdan təzyiqimə təsir göstərmişdi və özümdən getmişdim. Ürəyim tab etməmişdi. İstəyiblər ki, haradasa təyyarəni yerə endirsinlər, amma birtəhər məni Bakıya çatdırıblar. O, heyətin içində Bakıdan iki bal rəqsi oynayan rəqqasımız – Mədinə, Nikolay var idi. Cibimdə 5800 rubl pulu da çıxarıb, ev telefonum olan nömrəmi yazıb ona vermişəm ki, əgər mənə bir şey olsa, bunu ailəmə çatdırın. Görürəm, o da başımın üstündə ağlayır. Mən belə işləmişəm. İşləyəndə işimə, sənətimə canımı qoymuşam. İşimin tanınmasına çalışmışam”.

K.Dadaşov öz sənətinin vurğunu, dərin bilicisi, əsl xiridarı və çox bacarıqlı təbliğatçısı idi. O, özünün dediyi kimi heç vaxt indiki şou-biznes nümayəndələri kimi özünü öyməz, mənəm-mənəm deməz və rəqs incəsənətinə ləyaqətlə xidmət edərdi. İllər ötdükcə qazandığı təcrübə, pərgarlıq onu əsl ustad rəqqasa, rəqsin dilini yaxşı bilən müəllimə çevirmişdi. Peşələr daxilində rəqs ən şətin sənətdir. Kamil kimi ifaçılar bu çətin, sirli sənətin daxilində qaynayıb-bişmiş, yetişmiş, daim irəliyə addımlamış və bütün çətin yolları dəf edib keçmişdilər. Bu da bir həqiqətdir ki, Kamilgilin fəaliyyəti rəqs sənətimizn ən qaynar dövrünə təsadüf edirdi. Fəaliyyət göstərən rəqs ansambllarının üzvləri arasında rəqabət hökm sürürdü, hamı yaxşı oynamaq, önə çxraraq tanınmaq, öz sözünü demək və fəxri adlar almaq istəyirdi. Bu da təbii ki, sənətin inkişafına gətirib çıxarırdı. Kamil peşəkar sənət aləminə qədəm qoyandan populyar olaraq sevilirdi, onun pərəstişkarları var idi. O, nümunəvi rəqqas kimi öndə olduğu üçün onu məşəl kimi qəbul edib sənətə gələnlər, rəqslərinə tamaşa dərək öyrənənlər çox olurdu.

K.Dadaşov 1970-ci illərin II yarsından 1980-ci illərin ortalarına qədər Bakı Mədəni-Maarif Texnikumunun “klub işçisi, bədii özfəaliyyət rəqs kollektivi rəhbəri” ixtisası üzrə şöbədə dərs demiş, tələbə gənclərə milli rəqs sənətinin sirlərini öyrədərək onların kadr kimi hazırlanmasında mühüm rol oynamışdı.

K.Dadaşov respublikanın əməkdar artisti fəxri adını daşıyırdı, çoxdan layiq olsa da, ona xalq artisti titulu verilmədi. Ömrünün sonlarına yaxın ona prezident təqaüdü təyin olunsa da, qismət olmadı.

Kamil Dadaşovun adı həqiqətən Azərbaycan rəqs sənətinin şanlı səhifəsinə yazılıb. Biz onu dəfələrlə səhnələrdə görüb seyr etmiş, rəqslərinə heyran və təəccüb qalmışıq. Bəli, şərəfli milli rəqs sənətimizin hec vaxt solmayacaq, silinməyəcək, həmişə parlaq qalacaq Kamil Dadaşov səhifəsi var. Zaman-zaman gələn nəsil nümayəndələri milli mədəniyyətimizin səhifələrini vərəqlədikcə Kamil Dadaşovun dərin peşə izini görəcək, maraqlı, gözəl, möhtəşəm, nümunəvi sənəti ilə tanış olacaq və fəxarət hissi keçirəcəklər.

Əhsən RƏHMANLI,

sənətşünaslıq üzrə fəlsəfə doktoru


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya