Kağız bahalaşıb, kitabı köhnə qiymətə sata bilmərik - Naşir

2022-04-27 17:53:00

Kağız bahalaşıb, kitabı köhnə qiymətə sata bilmərik - Naşir

Prezident İlham Əliyevin kitab və kağız məhsullarının 18 faiz ƏDV-dən azad olunması barədə fərman imzalamasından uzun müddət keçməsinə baxmayaraq, dövlət orqanları hələ də nəşriyyat evlərindən ƏDV tələb edirlər. Nazirlər Kabineti və Vergilər Nazirliyinə tərəfimizdən olunan rəsmi müraciətlərə də cavab verilmir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Şahbaz Xuduoğlu “Qanun” Nəşrlər Evində təşkil olunmuş dəyirmi masada danışarkən deyib.

“Dövlət orqanları deyirlər ki, qanunla bağlı siyahı tərtibi üzərində iş gedir. Siyahı ideyasının isə nə olduğunu anlamıram. Nazirlər Kabinetinin kənd təsərrüfatı ehtiyat hissələrinin ƏDV-dən azad olan və olmayan məhsulları ilə bağlı qərarı var. Bəlkə kitaba da eyni formatı tətbiq etmək fikirləri var. Məsələn, Çexovun əsərlərindən ƏDV tutulur, amma Mirzə Ələkbər Sabirdən tutulmur. Ümumiyyətlə, kitabın ƏDV-dən azad olunması unikal hal deyil. ƏDV-dən azad olunan xeyli məhsullar var və əvvəllər dərsliklər bura daxil idi. Eyni prosesi digər kitablara da tətbiq etmək olardı”.

Ş.Xuduoğlu nəşriyyat olaraq artıq bəzi kitabların çapını dayandırdıqlarını bildirib:

“Səbəb isə kağızın xaricdə xeyli bahalaşmasıdır. Təklif olunan qiymətə kağızı alsaq, artıq kitabları köhnə qiymətlə sata bilmərik. Azərbaycan gömrüyündə alınan məhsulları rəsmiləşdirən zaman ümumilikdə 32% vergi ödəməli oluruq. Onda kağızın qiyməti həddindən artıq baha başa gəlir. Buna görə hazırda ölkəmizdə kağız böhranı yaşanır. Elə nəşriyyatlar var ki, onların dövriyyəsi kiçikdir, yəni 3 ay ərzində 25 mindən az dövriyyə edir və sadələşdirilmiş vergi ödəyir. Ona görə həmin naşirlər o qədər də narahat deyil. Böyük nəşriyyatlar isə 18%-lik ƏDV sistemi ilə işləyir və bu, nəşriyyatların sıradan çıxarılmasına səbəb olur. ƏDV-dən azad olunma həm yazıçıya, həm də yaradıcılığa dəstəkdir. Azərbaycan da bu mütərəqqi addımı atıb, ƏDV-ni ləğv edib. Qanun qəbul olunub, amma niyə görə proses işlənib sona çatdırılmır?”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya