Saat:15:20
Haqqımızda

Jirinovskini xam xəyallardan ayıldın…

2021-08-04 14:38:00

Jirinovskini xam xəyallardan ayıldın…

Bir zamanlar bu təlxəyi Bakıda bəh-bəhlə qarşılayıb yuxarı başa keçirənlər ona çatdırsınlar ki, Qarabağı işğaldan azad edən xalq prezidentini də müdafiə edəcək

Rusiyada siyasi təlxək qıtlığı yoxdur. Dövlət Dumasının üzvü Pyotr Tolstoyun da ritorikasında aqressiv söyləmlərə rast gəlmişik. Elə Zatulinin də. Amma onların içində ən gözəgirəni, ortada meydan sulayanı Jirinovskidir, desək yanılmarıq. Son çərənləməsinin dozasını isə lap artıq etdi, hətta həddi çox aşdı.

Məlumdur ki, dövlətlərin praktikasında rəsmi ifadə olunmayan niyyətlərin, yaxud fikirlərin ya müxalifət, ya da hanısa ictimai xadim, fəal tərəfindən söylənilməsi praktikası mövcuddur. Bu dəfə də Jirinovski öz ampluasında idi. Ö üslubu ilə sözlü hücum taktikasından çıxış edirdi. Bizim adlı-sanlı müxalifətin “demokrat” sıralarından soyadı “Volfoviç” olan çıxışçıya qarşı mövqe səsləndirilməsinə şahid olmadıq. Hazırkı situasiyada isə buna şahid olsaq, yerində olardı. Çünki yersiz hədə-qorxu gəlmənin ünvanı prezident idi. Prezident isə şəxsi keyfiyyətlərindən başqa Azərbaycan dövlətinin təmsilçisidir. Xarici təhdidin, təxribatın, həddini aşan tərbiyəsiz söyləmlərin qarşısında müdafiə olunmalıdır. Üstəlik, ona püskürdülən hədələmələr onun simasında Azərbaycan dövlətinə qarşı edilmiş hesab olunmalıdır. Onu müdafiə etmək, tərəfini saxlamaq da dövlətimizə qarşı müdafiə mövqeyi almaq deməkdir.

Etiraf etmək lazımdır ki, prezidentin başçılığı ilə xarici siyasi kurs çox düşünülmüş və xırdalıqlarına qədər hesablanmış addımlarla aparılır. Bütün təhdidlər nəzərə alınmaqla balanslaşdırılır. Ölkələrlə, o cümlədən dünyanın siyasi istiqamətinə yön verən nəhəng dövlətlərlə uyğun xarici siyasət tətbiq edilir, eləcə də Rusiya ilə. Rusiyanın indiyə qədər başımıza gətirdiklərinə baxmayaraq… Bəs, bu dövlətin təlxəyinin dili ilə dedirtdiyi qəzərli püskürmələrin səbəbi nədir? Yəqin ki, prezidentin Qarabağ zəfərindən sonra onun ardınca gələn dövlət maraqlarını reallaşdırmaq üçün atdığı addımlar. Yəni, bu addımlar dövlət maraqları üçün atılır, şəxsi mənafe üçün yox. Görünür, bizim bəzi müxalifləri dövlət maraqlarının güdülməsi təmin etmir. Yəqin onları dövlət maraqlarının tapdanması naminə şəxsi maraqlarının qane edilməsi təmin edərdi. Yoxsa, prezidentin simasında Azərbaycan dövlətinə və dövlətçiliyinə sovrulan səviyyəsiz açıqlamalara cavab özünü gözlətməzdi. Əslində, bu reaksiyasızlıqla onlar özlərinin də bir işə yaramadıqlarının işarətini verməkdədirlər.

O ki, qaldı ölkəni müdafiəyə… Dövləti müdafiə edən ən güclü amil xalq dəstəyidir, xalqın gücüdür. Xalqın öz mövqeyini dəfələrlə ortaya qoymasına şahid olmuşuq. Xalq öz yerində, amma hər kəs belə məsələlərdə səsini çıxarması, ya da səssiz qalması ilə öz tərəfini bəlli edir. Səs mövqeyi ifadə etdiyi kimi, səssizlik də mövqeyi bəlli edir. Xalq bəzi müxalifləri yeni, konstruktiv, naməlum istiqamətlərdən qidalanmayan, fəaliyyəti dövlətin inkişafına gətirən yeni müxalifətlə əvəz etməyə də qərar verəcək. Siyasi liderin ən böyük dayağı da xalqdır. Bir zamanlar Jirinovskini Bakıda bəh-bəhlə qarşılayıb yuxarı başa keçirənlər isə ona çatdırsınlar ki, Qarabağı işğaldan azad edən xalq prezidentini müdafiə edəcək və imperiya nostalgiyası ölməyən dövlət zəhmət çəkib xam xəyallara düşməsin!

Ülviyyə Şükürova     

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR