“İxrac potensialında hərbi sənayenin yerini artırmağa ehtiyac var”- NATİQ CƏFƏRLİ
“Hərbi təyinatlı məhsulların ixracatında müəyyən potensial var. Bildiyimiz qədəri ilə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi və onun nəzdində müəssisələr var. Həmçinin bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq da var”.
Bu barədə REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hurriyyet.az-a baş nazir Əli Əsədovun “artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Prezident tərəfindən Hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın” fikirlərinə münasibətini ifadə edərkən deyib.
“Azərbaycan son zamanlar bir neçə xarici ölkənin hərbi sərgilərində də iştirak edib. Yəni bu potensial var. Sadəcə, bu potensialı doğru dəyərləndirmək lazımdır. İxrac potensialında hərbi sənayenin yerini artırmağa ehtiyac da, lüzum da var. Bu, mümkün olacaqsa, Azərbaycanın həm iqtisadi vəziyyətinə, həm də beynəlxalq əlaqələrinə müsbət təsir göstərə bilər”.
Qeyd edək ki, növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni, yəni 8.7 milyard manat təşkil edir.
CAVİD
