ISW İstanbul danışıqlarından gözləntiləri açıqladı – “Moskvanın tələbləri dəyişmir”

İyunun 2-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının yeni raundu heç bir nəticə verməyəcək.
Hurriyyet.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, Rusiya sülh prosesini qəsdən gecikdirir və İstanbuldakı danışıqların növbəti raundundan hansısa ciddi nəticə gözləməyə dəymir.
Amerikalı mütəxəssislərin qeyd etdiyi kimi, Rusiya rəsmiləri iyunun 2-də İstanbulda keçiriləcək sülh danışıqları ərəfəsində Moskvanın sərt mövqeyini nümayiş etdirməkdə davam edir. Bu, həmin görüşdə Ukraynada uzunmüddətli sülhün lehinə mühüm nəticələrin əldə olunması ehtimalının son dərəcə aşağı olduğunu göstərir.
ISW ekspertlərinin fikrincə, bu qənaətə bir neçə amil dəstək verir. Xüsusilə, analitiklər Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın “Rusiya Federasiyası Ukrayna ilə nə qədər lazımdırsa, döyüşməyə hazırdır” bəyanatına diqqət çəkib. Onun “təklifi” ya Rusiyanın şərtləri ilə sülhü qəbul etmək, ya da döyüş meydanında Ukraynanın tam məğlubiyyətə uğradılmasıdır.
Bundan əlavə, ekspertlər Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru və Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevə istinad ediblər. O, mayın 30-da “X” sosial şəbəkəsindəki paylaşımında “Ukraynadakı böhranın əsas səbəblərini aradan qaldırmağa” çağırıb.
ISW xatırladıb ki, bundan əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra NATO-nun şərqə doğru genişlənməsini və Ukrayna hakimiyyəti tərəfindən rusdilli əhaliyə və rus mədəniyyətinə qarşı “ayrı-seçkiliyi” Ukraynadakı müharibənin “əsas səbəbləri” adlandırıb.
Analitiklərin fikrincə, danışıqların ikinci raundunda nəticənin olmamasını Rusiya nümayəndə heyətinin tərkibi də sübut edir. ISW əmindir ki, Rusiya tərəfinin uzunmüddətli tələblərini təkrarlaması və aşağı səviyyəli nümayəndə heyətinin göndərilməsi Moskvanın “xoş niyyətli” danışıqlar aparmaqda maraqlı olmadığını göstərir: “Rusiya Ukraynadakı hücum hərəkətlərini davam etdirmək, Ukraynadan və Qərbdən əlavə güzəştlər əldə etmək üçün sülh danışıqlarını uzatmağa çalışır”.
AzPolitika.info
