Saat:01:51
Haqqımızda

İSTEDAD, ÇALIŞQANLIQ VƏ BÖYÜK ZƏHMƏTLƏ YOĞRULAN ÖMÜR - Əhsən Rəhmanlı yazır

2022-11-29 09:33:00

İSTEDAD, ÇALIŞQANLIQ VƏ BÖYÜK ZƏHMƏTLƏ YOĞRULAN ÖMÜR - Əhsən Rəhmanlı yazır

Musiqimizin, muğamların inkişafında tarın, bu alətin mahir, ustad ifaçılarının bütün dövrlər üçün xüsusi rolu olub. Son zamanlarda, yaşadıımız bu əsrdə də mahir tarzənlərimiz yetişməkdə, musiqimizi nurlandırmaqda və dünya ölkələrində tanıtmaqdadrlar.

Elçin Ləzgi oğlu Həşimov 1973-ci il sentyabrın 5-də Bakıda dünyaya öz açıb. Bu ailədə valideynlər də, övladlar da musiqiyə bağlı olub. Övladların musiqiyə gəlməsində ata-ananın xüsusi rolu olub. Ata Ləzgi İbrahim oğlu Həşimovun (1941-Füzuli-2012-Bakı) uşaqlıqda çox gözəl yaxşı səsi olub, konsertlərdə oxuyurmuş. O, gözəl tar çalmaq bacarığına malik idi. Elçinin anası Kübra xanımın da musiqiyə həvəsi, rəğbəti və istedadı olub. Elçinin ana babası Hətəmin də yaxşı səsi var idi. O da bacarılqa tar çalırdı. Orta məktəbdə riyaziyyat-fizika fənlərindən dərs deyirdi.

Elçinin ata və anası qohum olublar, Qarabağda boy atıblar. Uşaqlıq və gənclikdən musiqiyə bağlı olan bu insanlar qurduqları ailədə də musiqini yaşadıb, sevdiriblər və övladlara təlqin ediblər. Böyütdükləri dörd övladın hər birinin musiqi ilə məşğul olmasını istəyiblər və buna şərait yaradıblar. Övladlar peşəkar musiqiyə gələrək bununla məşğul olublar. Elçinin tar ixtisası üzrə oxuması, bu sahədə yetişməsi ata-ananın lap ürəyindən idi. Elçinin fikirlərindən: “Gözümü açıb evimizdə daim tar görmüş, bu alətin mənə çox doğma olan səsini eşitmişəm. Valideynlər müsiqyə həvəsimi görüb və istedadımı duyub mənim musiqiyə gəlməyimə sevinərək razılıq verdilər. Biz Keşlədə yaşayırdıq. Məni Montin qəsəbəsindəki 8 saylı uşaq musiqi məktəbinin tar sinfinə qoydular”.

Elçin Həşimov 1980-1988-ci illərdə Nizami rayonu 201 saylı orta ümumtəhsil məktəbdə əlaçı olaraq oxuyub. Bununla yanaşı musiqi məktəbindəki təhsilini də uğurla davam etdirib, burada da əlaçı olub və şəkli şərəf lövhəsini bəzəyib. Burada ixtisas müəllimi dərs deyib hazırladığı uğurlu yetirmələri ilə tanınan Fikrət Manafovun sinfində oxuyub. Elçin musiqi məktəbinin bütün tədbirlərində fəallıq göstərib, xalq çalğı alətləri orkestrinin tərkibində çıxış edib. Orkestrin rəhbəri Fikrət Budaqov idi. O, bu istedadlı uşağın işindən daim razılıq edirdi. Elçin uşaq musiqi məktəbi illərində respublika üzrə keçirilən baxış-müsabiqələrin, festivalların hamısında iştirak edib birinçilik qazanaraq diplomlar, fəxrı fərmanlar alıb və oxuduğu təhsil ocağının, müəllimlərinin başını uca edib. Ən böyük nailiyyəti isə onun Niyazi adına Azərbaycan Dövlət simfonik orkestrinin müşayiəti ilə Hacı Xanməmmədovun “Tar ilə simfonik orkestr üçün konsert”ini filarmoniya səhnəsində ifa etməsi olub.

E.Həşimov nailiyyətli imtahanlar ilə A.Zeynallı adına Orta İxtisas Musiqi məktəbinin tar sinfinə daxil olub, 1988-1992-ci ildə böyük uğurla təhsil alıb. Oxuduğu zaman ona xüsusi təqaüd verilib və o, buranı fərqlənmə diplomu ilə bitirib. E.Həşimov məktəbin bütün işlərində fəallığı ilə seçilib və tələbə gənclər təşkilatının sədri olaraq özünü doğruldub. Bacarıqlı, ciddi, fəal tələbə kimi tanınıb və bütün tədbirlərdə çıxış edərək xüsusi rəğbət qazanıb. O, hazırladığı proqramla baxış müsabiqələrdə maraq yaradaraq daim qaliblər sırasına yüksəlib və laureat adı qazanıb. E.Həşimov bu məktəbin xalq çalğı alətləri orkestrinin və ansamblının konsermeysteri kimi layiqli iş göstərib. Ansambl rəhbəri Ramiz müəllim tələbələr arasından seçərək məhz Elçini konsertmeyster təyin etmişdi. Tələbə ansamblı və orkestri çox konsertlərdə çıxış edirdi. Təbii ki, bu geniş, çalışqan fəaliyyət tələbələri ifaçı kimi yetişdirirdi. Elçinin yaradıcı insan kimi yetişməsində, bu gün ansambl rəhbəri kimi mühüm işlər görməsində vaxtılə təhsil aldığı məktəblərin musiqi heyətlərinin tərkibində çalması və konsertmeyster olmasının, xeyli yerlərdə verilən konsertlərin xüsusi rolu olub. Tələbə orkestrinin rəhbəri Adil Babayev Elçini özü konsertmeyster təyin etmişdi. Həmin illərdə Gülyanaq, Gülyaz Məmmədovalar, Elnarə Abdullayeva və başqaları tələbə olaraq A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin ansambl və orkestrlərində solist olaraq bütün konsertlərdə oxuyurdular. Bu tələbə kollektivlərinin dəfələrlə Dövlət Filarmoniyasında və digər mədəniyyət ocaqlarında konsertləri olmuşdu.

Bu təhsil ocğında Elçinin tar üzrə ixtisası müəllimləri Akif Novruzov (not) və Kamil Əhmədov (muğam) idi. Kamil Əhmədovun muğam üzrə sonuncu tələbəsi Elçin Həşimov olub. Kamil müəllim pensiyaya çıxsa da, işləyirdi. Lakin Elçingilin oxuduğu vaxt o, səhhəti ilə bağlı işindən uzaqlaşmışdı, bu zaman Elşin onun sinfində üç il idi ki, təhsil alırdı. Həmin zaman K.Əhmədovun sonuncu əl işi olan sədəfli tarı atası Elçin üçün almışdı. Elçinin atası ilə Kamil müəllim arasında dostluq münasibətləri yaranmışdı. I kursun ən yaxşı tələbəsi kimi müəllimi həmin nadir nüsxə tarı Elçinə məsləhət görmüşdü. Ləzgi Həşimov musiqisevər insan olaraq Elçinin başqa müəllimləri ilə də səmimi və xoş münasibətdə idi. Həmin pedaqoqlarla Ləzgi Həşimovun söhbəti yaxşı tuturdu.

IV kursda ona Ağasəlim Abdullayev dərs deyib.

Bir 1 nəfər, ayaqda, gitara və içəridə şəkili ola bilər

E.Həşimov 1992-ci ildə Bakı Musiqi Akademiyasının tar sinfinə daxil olub. Həmin ilk dəfə idi ki, bizim ölkədə qəbul imtahanları test üsulu ilə keçirilirdi. O, burada ixtisas üzrə bir il professor Oqtay Quliyevdən, sonra isə Akif Novruzovdan, muğamdan isə Möhlət Müslümovdan dərs alıb. Həmin illərdə E.Həşimov bir çox müsabiqələrdə çıxış edərək nailiiyyətlə imza atıb. A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini bitirən il o, Əhməd Bakıxanovun yubileyinə həsr olunan tar ifaçılarının baxış-müsabiqəsində çıxış edərək laureat adını alıb. Münsiflər heyətinin üzvləri xalq artistləri, görkəmli bəstəkarlar Süleyman Ələsgərov,Vasif Adıgözəlov, tarzənlər Əliağa Quliyev, Həbib Bayramov, Ramiz Quliyev, professor Oqtay Quliyev və Rasim Quliyev var idi.

E.Həşimov 1993-cü ildən A.Zeynallı adına məktəbə konsertmeyster ştatına işə daxil olub. Burada xalq artisti Alim Qasımovun və Vahid Abdullayevin sinfində səs-muğam, xanəndəlik təhsili alan tələbələri müşayiət edib.

Elçin Həşimov 1997-ci ildə ali təhsili əla qiymətlərlə başa vuraraq A.Zeynallı adına Musiqi Texnikumunda tar ixtisası üzrə pedaqoji işə başlayıb. Bundan əlavə burada müşayiətçi-konsertmeyster işini də davam edib. O, növbəti illərdə Mənsum İbrahimov və Gülyaz Məmmədovanın (hazırda hər biri xalq artisti) tələbələrinin müşayiətçisi olub. Bunları qeyd etməklə bildiririk ki, Elçin müəllimin Azərbaycan xanəndələrinin yetişməsində elə gənclik illərindən xidməti olub. O, 1999-cu ildən Bakı Musiqi Akademiyasında müəllim vəzifəsinə işə girərərək muğam, not dərslərini aparıb və 2000-ci il Azərbaycan Milli Konservatoriyası yaranana qədər burada çalışıb. Hazırda da bu ali təhsil müəssisəsinin dosentidir.

Elçin Həşimov 1992-1993-cü illərdən sonra Elnur Əhmədov və Kamran Kərimovla musiqi üçlüyü yaradaraq fəaliyyətini daha da genişlədirib.

Elçin müəllimin fikirlərindən: “İlk illərdə ən geniş ifaçılıq fəaliyytim Azərbaycan Teleradiosunda əməkdar incəsənət xadimi, tanınan bəstəkar Əfsər Cavanşirovn (1930-2006) rəhbərlik etdiyi “Bənövşə” uşaq xoru ilə oldu. Dedilər ki, burada mahnı və rəqs ansamblı yaradılır. Dəvəti qəbul edib getdim, üzv oldum, çalışdım. Xalq çalğı alətləri ansamblına bəstəkar Nailə Mirməmmədli (1961-2021 rəhbərlik edirdi. Ondan da çox şey öyrənirdik. Bəzən ansamblın məşqlərini onların mənzilində Nailə xanım (1961-2021) və Hikmət Mirməmmədli (1961-2007) ilə birlikdə edirdik. Ansamblın üzvləri ən istedadlılardan toplandığı ortaya ciddi, maraqlı və məhsuldar yaradıcılıq işləri çıxırdı. Təbii ki, Elnur Əhmədov və Kamran Kərimov da bizimlə birlikdəydi. Televiziya çıxışlarımız çox olur, lentlər yazılıb səsləndirilir və nümayiş etdirilirdi. O zaman inanmırdılar ki, bunları uşaqlar ifa edib. Axı əla səslənmə alınırdı. Mahir qarmon ifaçısı Xanlar Cəfərov maraqlanıb demişdi ki, doğrudanmı bunlar uşaqların ifasıdır, belə gözəl səslənməni onlar yaradıblar?”.

Bu kimi uğurlu işlərdə Nailə Mirmmədlinin xüsusi əməyi var idi, o, doğrudan da ansambla ən bacarqılı və say-seçmə uşaqları cəlb etmişdi. Bu anasmblda sonralar müğənni kimi məşhurlaşan Nurlan Əzizbəyli, Anaxanım, Qismət və başqaları yetişirdi. Bəyimxanım Mirzəyeva 3 yaşından “Bənövşə”yə üzv idi. Bu kollektivdən çox uşaq yetişsə də, təbii ki, onlarn hamısı musiqiyə deyil, başqa sahəyə getdiər.

E.Həşimov: “Ansambl yalnız xoru müşayiət etməklə məşğul olmur, instrumental melodiyalar üzərində də işləyirdi. Bu bizim ansambl musiqiçisi kimi yetişməyimizə təkan verdi. Elə melodiyalar var ki, ilk dəfə idi çalınırdı. N.Mirməmmədlinin bəstələdiyi bir sıra əsərlər və süitalar da ifa edirdik. Həmin zaman xarici ölkələrə səfərlərimiz də çox oldu. Xalq artisti Siyavuş Kəriminin rəhbərliyi ilə Amerikanın Santyaqo və San-Fransisko şəhərlərində çox möhtşəm konsertlərimiz də baş tutdu. Erməni disaporunun üzvləri konsert salonlarının qarşısında Azərbaycan əleyhinə plakatlar qaldıraraq şüarlar səsləndirib konsertlərin keçirilməsinə mane olmağa çalışsalar da, buna nail ola bilmədilər. Konsertimzin biri 1800, digəri 2000 tamaşaçı tutan salonlar idi. Ansamblın heyətində mən, Elnur Əhmədov, Kamran Kərimov, nəfəs alətləri ifaçısı Şirzad Fətəliyev, qarmonçalan Aydın Əliyev və nağaraçalan Elşən Qasımov da var idi. Müğənnilər Mənsum İbrahimov, Azər Zeynalov, Samir Cəfərov, Arzu Əliyeva, rəqqasə Röya və pianoçu Nərgiz xanımın ifasında solo olaraq not əsərləri alqışlarla qarşılanırdı.

Rusiyanın şəhərlərində, Həştərxanda yubiley tədbrlərində çıxışlarımız da olub. Ansamblın solistləri, müğənnilər İlkin Əhmədov və Bəyimxanım Vəliyeva ilə çox maraqlı proqram sərgilədik. Çıxışlarımız haqqında Rusiya televiziyalarının xəbərlər proqramında və qəzetlərdə məlumat verilirdi”.

E.Həşimov 1990-cı ildə müğənni Nazpəri Dostəliyevanın ansamblında çalışıb, H Əliyev sarayında, Sumqyıtın “Kimyaçılar” mədəniyyət sarayında və bir çox yerlərdə verilən konsertlərdə çıxış edib. O, uşaqlıqdan, ilk gənclik illərindən kamança ifaçısı Elnur Əhmədovla ansamblda birlikdə olublar, lakin onlar musiqi üçlüyü tərkibində çalışmağı daha üstün tutublar və qruplar tərkibində çalışıblar. Onlar əvvəl xanəndə Cabir Abdullayevin ifası toplanan bir neçə diskin hazırlanmasında çalıblar. Sonra Gülüstan Əlyievanın səsi yazılan iki albom üçün ifa göstəriblər. Bu müğənnilərin repertuarı xalq və bəstəkar mahnıları, təsniflər və muğamlardan ibarət olub.

Daha sonralar Elçin və Elnurun fəaliyyəti əsasən xalq artisti Mənsum İbrahimovla birlikdə olub və bu istiqamət hazırda da davam edir.

E.Həşimov ansambl tərkibində Dövlət Muğam Teatrında da çalışıb. Hələ AMK-da tələbə ikən qarmonçalan Etibar Qasımbəyli ora gələrək Elçini tapıb və öz qrupuna dəvət edib. O zaman E.Həşimov həmin qrupla qastrol səfərlərinə gedib. O zaman həmin qrupda məşhur müğnni Azər Zeynalov da olub. Onun üçün işlənən “Yar yaman aldatdı məni” mahnısında Elçin də çalıb və oradakı muğam frazasını ifa edib.

E.Həşimov: “Xalq artisti, professor Siyavuş Kərimi ilə bizim birlikdə işlədiyimiz layihələr olub. Onun Latın Amerikası musiqiçiləri ilə birlikdə hazırladığı “Salamolo” layihəsini xüsusi qeyd etmək istəyirəm. Həmin layihənin diskləri dünyada böyük tirajla satılıb. Avropada bu disklər onluğa düşüb və bu günə qədər də əhəmiyyətini, dəyərini qoruyub saxlayaraq dünya layihəsi sayılır. Biz belə layihəni Norveçdə də həyata keçirmişik. Xarici ölklərlə bağlı belə layihələrimiz Mənsum İbrahimovla daha çox olub”.

Elçin və Elnur Mənsum İbrahimovla 1990-cı ildə birləşərək “Qarabağ muğam üçlüyü” və bəzən də qrup şəklində uğurlu yola çıxıblar. Qrup halında çıxış edəndə onlarla birlikdə nağaraçalan Kamran Kərimov və bəzən milli nəfəs alətləri ifaçısı Şirzad Fətəliyev də olur. Bələ şəkildə səfərlərə də gedirlər. Bu qrupun İranın mərkəz şəhəri Tehrandakı ən böyük konsert salonlarında-“Talar vəhdət” və iki min tamaşaçı tutan “Qüllə”də möhtəşəm konsertləri olub.

Qrupun M.İbrahimovla beş albomu çıxıb. Qeyd etməlyik ki, İçtimai televiziyada həmişə milli musiqiyə, muğamlara dair yeni verilişlər hazılananda daim Elçingilin qrupu dəvət alır. Speca televiziyasında “Görüş yeri” verilişində E.Həşimovun ansamblı dəfələrlə çıxış edib.

E.Həşimov: “Mənsum İbrahimovla “Simfomuğam” layihələrimizi dünya ölkələri ilə birgə həyata keçiririk. 2007-ci ildən başlayaraq artıq on beş ölkədə belə layihələrlə çıxış etmişik. Bu sinfomuğamlarda Niyazinin “Rast”, F.Əmirovun “Şur” və V.Adıgözəlovun “Segah” simfonik muğamları səslənib. Bundan əlavə bəstəkarlarımızın başqa simfonik muğamları da özünə yer alır. Belə çıxışlarmız dünyaca məşhur “Soni” şirkəti tərəfindən yazılış edlir və disklərə köçürülərək hər yerə yayılır”.

Əlbəttə, fəxr etməyə dəyər, bunlar çox böyük layihələrdir. Bunların təddimatı olacaqdır. İndiyə qədər bizim muğam sənətçilərin ifası toplanan disklər və albomlar “Soni” şirkəti tərəfindən işıq üzü görməmişdi. Bu iş ilk dəfə “Qarabağ” muğam üçlüyü ilə bağlı olub.

E.Həşimov: “Mənsum İbrahimovla çox ölkələrdə qastrol səfərlərində olmuşuq. Onunla birlikdə başqa beynəlxalq layihələrdə də çıxış etmişik”.

Elçingilin qrupu xalq artisti Aygün Bayramova ilə də xüsusi yaradıcılıq əlaqələrində olub. Onunla birlikdə dövlət tədbirlərində, filarmoniyada, təhsil və mədəniyyət ocaqlarında konsertlər verilib, ifasında disklərə xalq və bəstəkar mahnıları, dəstgah muğamlar və təsniflər disklərə yazılaraq hər tərəfə yayılıb. Dövlət tədbirləri ilə bağlı konsertlərdə Azərbaycanın dövlət rəhbərləri də işitirak etmişdir.

Bakıdakı Beynəlxalq Muğam Mərkəzinin açılışında da Elçingilin qrupunun çıxışı olub. Heyətin tərkibində Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimov, udçalan Mircavad Cəfərov, çağanə ifaçısı Munis Şərifov və xanəndələr gənc iafçılar idi. Burada dövlət rəhbərləri və YUNESKO-nun rəhbəri də iştirak edirdi.

Bu qrup xalq artisti, bəstəkar Firəngiz Əlizadənin “Yeddi muğam” layihəsində də böyük uğurlara sahib çıxıb.

Xalq artisti Elçin Həşimov dəvət alaraq 1999-cu ildən Opera və Balet teatrında çalışmaqdadır.

Əhsən RƏHMANLI,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR