Saat:19:32
Haqqımızda

İsraillə İran arasında savaş başlayarsa, AZƏRBAYCAN İSTƏSƏ BELƏ, KƏNARDA QALA BİLMƏYƏCƏK

2023-01-31 11:16:00

İsraillə İran arasında savaş başlayarsa, AZƏRBAYCAN İSTƏSƏ BELƏ, KƏNARDA QALA BİLMƏYƏCƏK

Xaqani Cəfərli: "İranın hərbi gücünün dağıdılması Azərbaycanın həyati maraqlarına cavab verən tədbirdir"

Məhəmməd Əsədullazadə: "Tehran Bakıya qarşı təzyiqləri davam etdirərsə, o zaman İrana qarşı Türkiyə-Azərbaycan-İsrail koalisiyası yarana bilər"

Elxan Şahinoğlu: "İran İsrailə qarşı cavab aksiyası həyata keçirməyə çalışacaq, odur ki, regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq"

Şahin Cəfərli: "İran raketləri ilə İsrailə və bölgədəki ABŞ hərbi bazalarına zərbələr endirməyə çalışacaq, bir sözlə, bölgəmizin dinc dövrləri arxada qalıb"

Kənan Novruzov: "İrandakı xaos daha da genişlənəcək, Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın Tehrana təzyiqləri artacaq"

Bugünlərdə, daha dəqiq desək, yanvarın 29-na keçən gecə İranın bir sıra strateji hərbi obyektində güclü partlayışlar baş verib. Bununla bağlı xarici mediada yayımlanan məlumatda deyilir ki, İranın dron və raket istehsalı, neft emalı zavoduna, o cümlədən gizli nüvə mərkəzinə İsrail dronu tərəfindən zərbələr endirilib. Həmçinin, o da qeyd olunur ki, naməlum qırıcı tərəfindən İraq-Suriya sərhədində, Abu-Kamal rayonu ərazisində İrana məxsus 25 yük maşını vurulub.

Bu arada, tanınmış rusiyalı politoloq Sergey Markov hesab edir ki, İrana zərbələr Tehranı Rusiya ilə əməkdaşlıqdan imtinaya məcbur etmək məqsədi daşıyır. Bu barədə axar.az-da alan informasiyaya görə, Markov İsrailin ABŞ-la birgə İrana zərbə endirdiyini iddia edib: "Onlar İranı nüvə proqramı ilə bağlı güzəştə getməyə məcbur etməyə çalışırlar. Bunun böyük hərbi münaqişəyə çevrilə biləcəyini istisna etmirəm. İran bizə pilotsuz təyyarə və raketlər verə bilmirsə, bu, pisdir".

ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, Vaşinqton İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantlar masadadır. ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzeti isə Vaşinqton rəsmisinə istinadla məlumat yayıb ki, İranın İsfahan şəhərində yerləşən PUA istehsal edən müdafiə obyektlərinə hücumun axrasında İsrail dayanır. Nəşrin iddiasına görə, İsrailin baş naziri Benyamin Netanyahunun ötən ay vəzifəyə geri qayıtmasından sonra bu, İsraildən ilk zərbədir və Tehrana qarşı mübarizənin yeni yolları ilə bağlı Təl-Əviv və Vaşinqton arasında aparılan danışıqlar fonunda baş verib. Bildirilir ki, pilotsuz təyyarələr ballistik raketlər üzərində işlədiyi iddiası ilə ABŞ-ın sanksiyaları altında olan İranın Kosmik Araşdırmalar Mərkəzinə məxsus obyektin yaxınlığındakı sursat zavodunu hədəf alıb. Netanyahunun Yerusəlimdəki hücumlara güclü, sürətli və dəqiq cavab vəd etdiyini vurğulayan "Times of Israel" qəzeti isə yazır ki, İsrail münaqişəni gərginləşdirməyə çalışmır, lakin belə ssenariyə hazırdır.

"İran ərazisində hərbi obyektlərə və Suriyada 25 yük maşınından ibarət karvana zərbə endirilməsi terrorçu teokratik rejiminə qarşı hibrid müharibənin başladığını göstərir"

Bütün bunlar onu deməyə əsas verir ki, artıq İsraillə İran arasında savaş qaçılmazdır və hələlik tərəflər əlverişli məqamı gözləməkdədirlər. Təbii ki, bu baş verərsə, o zaman Azərbaycan istəsə belə, kənarda qala bilməyəcək. Odur ki, bu və digər şəkildə müharibənin iştirakçısına çevriləcək. Mövzuya təxminən, bu konteksdən yanaşan və İranın hərbi obyektlərinə hücum həyata keçirən ölkəni təqdir etdiyini vurğulayan politoloq Xaqani Cəfərli "Hürriyyət"ə bildirib ki, İran Azərbaycanın həyati maraqlarının gerçəkləşməsinin qarşısını kəsən iki ölkədən biridir: "Buna görə İranın hərbi gücünün dağıdılması Azərbaycanın həyati maraqlarına cavab verən tədbirdir. İranın hərbi obyektlərinə sonuncu hücum da məhz belə tədbirdir. Ona görə bu hücumu həyata keçirən ölkəni təqdir edirəm".

Artıq İrana qarşı hibrid müharibənin başladığını qeyd edən politoloq hesab edir ki, son iki gün ərzində baş verənlər, İran ərazisində hərbi obyektlərə və Suriyanın Əbu Kamal şəhəri yaxınlığında İrana məxsus 25 yük maşınından ibarət karvana zərbə endirilməsi terrorçu teokratik rejiminə qarşı hibrid müharibənin başladığını göstərir: "Əgər İran terrorçuluq fəaliyyətini davam etdirməyə, İsrail və ABŞ qüvvələrinə hücuma cəhd etsə, o zaman hibrid müharibə genişmiqyaslı müharibəyə çevrilə bilər. Əliyalın səfirlik içilərinə qarşı terror həyata keçirən İranın İsrail və ABŞ qüvvələrinə qarşı əməliyyat keçirməsi isə gözlənilmir. ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri Qasım Süleymani məhv ediləndə terrorçu teokratik rejim onun qanının yerdə qalmayacağını, intiqamının ən kəskin şəkildə alınacağını bildirirdi. Qasım Süleymaninin məhv edilməsindən üç il keçir və İran Qüds qüvvələrinin komandirini məhv edənlərdən heç bir intiqam almayıb. Çünki Qasım Süleymanini məhv edənlər əliyalın səfirlik işçiləri deyildi".

"İsrailin İrana hücumları davamlı olacaq və bununla da regionda yeni münaqişənin başladığını demək mümkündür"

İsrailin İrana hücumunun gözlənilən olduğunu deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, sinaqoqa terror hücumu İranı açıq hədəfə gətirib: "İran nüvə razılaşmasını yerinə yetirmir, Rusiyaya yüzlərlə kamikadze dronlar verməklə Qərbə qarşı açıq cəbhədə iştirak edirdi. Bu illər ərzində məhz ABŞ İsraili İrana qarşı hərbi əməliyyatlardan çəkindirib. Lakin İsraildə sinaqoqa terror hücumu İranı açıq hədəfə gətirdi. Onu da qeyd edim ki, son hücumlar İranın havadan müdafiə sisteminin bir şeyə yaramadığı nümayiş etdirdi. Hücum o qədər dəqiq və çevik hazırlanıb ki, İranın havadan müdafiə sistemləri işə düşməyib. Görünür, İsrail İranın havadan müdafiə sistemlərini kiber müdaxilə ilə söndürə bilib".

İranın İsrailə cavabına gəldikdə isə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, bu, "Hizbullah"ın İsrailə hücumu və Fələstində yenidən silahlı münaqişənin başlanılmasi ilə nəticələnə bilər: "Göründüyü kimi, İran Rusiya ilə birgə hədəfə çıxarılıb. Tehran rejiminin regionda militarist və terroru dəstəkləyən siyasəti, nüvə razılaşmasını pozaraq nüvə silahını hazırlaması, xüsusilə Rusiyaya hərbi dəstək verməsi Vaşinqtonun Tehrana sərt siyasət ortaya qoyması ilə nəticələndi. Halbuki, ABŞ prezidenti Co Bayden İranla nüvə razılaşması istiqamətində ciddi addımlar atırdı. SEPAH isə mümkün razılaşmalara imkan tanımadı".

Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, İsrailin İrana hücumları davamlı olacaq və bununla da regionda yeni münaqişənin başladığını demək mümkündür: "Hesab edirəm ki, İsrailin İranın hərbi obyektlərinə dronlarla zərbə endirməsinə cavab olaraq Tehranın səssiz qalması, əsasən hərbi eskalasiyadan çəkinməsindən irəli gəlir. Belə ki, İran rəhbərliyi İsraillə açıq qarşıdurmadan çəkinir, çünki proseslərin rejimin devrilməsi ilə nəticələnəcəyindən narahatdır. Fikrimcə, İranın birbaşa İsrailə cavab zərbəsi endirməsi ABŞ-ın rəsmən müharibəyə qoşulması ilə nəticələnəcək. Bununla da Teharana qarşı hərbi koalisiyanın formalaşması mümkündür. Odur ki, hazırda Tehran rejimin iki yolu var. Birincisi, nüvə danışıqlarına qatılıb, Vaşinqtonun şərtləri ilə sazişi imzalayır, Rusiyaya hərbi dəstəyi dayandırır. İkincisi isə nüvə danışıqlarına qoşularaq Qərblə münasibətləri normalaşdırır. Rejim daxilində bu məsələdə ciddi fikir ayrılıqları var. Mühafizəkarlar hazırkı xəttin davam etdirilməsində, yəni müharibə və gərginliyə üstünlük verilməsində maraqlıdır. Digər kəsim isə ABŞ-la danışıqlarda maraqlıdır. SEPAH isə proseslərə nəzarət edərək, gərginlik xəttini üstün tutub. Bu xətt davam edəcəksə, İrana qarşı hərbi əməliyyatlar davam edəcək. Nəticədə İran rejimi zəifləyəcək".

Politoloqun sözlərinə görə, Vaşinqtonun birbaşa dəstəyi ilə İsrailin hərbi əməliyyatları İranı nüvə silahından imtinaya və Rusiyaya hərbi dəstəkdən çəkindirməyə hesablanıb: "ABŞ dövlət katibi müharibənin masada olduğunu qeyd etsə də, diplomatik danışıqlarla problemin həllini Tehranın nəzərinə çatdırıb. Hesab edirəm ki, 2023-cü il İran və Rusiyanın tam zəiflədilməsi ili olacaq. Tehran teokratik rejimi strateji düşünmədiyinə görə, böhran yoluna üstünlük verəcək. Çünki izlədiyi siyasət bu istiqamətdə davam edir. Azərbaycanla hərbi və siyasi qarşıdurmaya gəldikdə isə məhz Türkiyə faktoru İranı Azərbaycana qarşı hərbi varianta üstünlük verməsindən çəkindirir. Tehran Bakıya qarşı təzyiqləri davam etdirərsə, o zaman İrana qarşı Türkiyə-Azərbaycan-İsrail koalisiyası yarana bilər".

"Böyük ehtimalla, İsrailin İrana zərbələri ABŞ-la razılaşdırılıb, təsadüfi deyil ki, Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da qeyd edib ki, İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər: "Tel-Əviv arqumentini iki amillə izah edir. Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib. İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır. Bu iki amil İsrail təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Bunun nəticəsi olaraq İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirib. Bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfər ərəfəsinə təsadüf edib. Böyük ehtimalla, bu zərbələr ABŞ-la razılaşdırılıb. Təsadüfi deyil ki, ABŞ prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib".

Politoloq əlavə edib ki, İran İsrailə qarşı cavab aksiyası həyata keçirməyə çalışacaq: "İsrail isə öz növbəsində, İran raketlərini havada neytrallaşdıracaq. İranın birbaşa İsrailə əli çatmayacaq. Ona görə yenə maliyyələşdirdiyi və silahlandırdığı qrupları hərəkətə gətirəcək. Aydındır ki, İsrail bu hücumdan sonra təhlükəsizlik tədbirlərini daha da artıracaq. Odur ki, regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq".

"İrana qarşı hərbi əməliyyata qərar verilərsə, pilotlu və pilotsuz aviasiya ilə yalnız hərbi obyektlərə nöqtə zərbələri endirilməsi ehtimalı daha yüksəkdir"

İranda baş verənlərin yoxlama məqsədli olduğunu güman edən siyasi şərhçi Şahin Cəfərlinin qənaətincə, İranın hava hücumundan müdafiə sistemlərinin reaksiyasını ölçmək, bəlkə də yerlərini dəqiqləşdirmək, İran komandanlığının bu tip situasiyalara ümumi hazırlıq səviyyəsini test etmək kimi məqsədlər qarşıya qoyulmuş ola bilər: "Aydındır ki, genişmiqyaslı hava hərəkatına qərar veriləndə əvvəlcə düşmənin bu hücumlardan müdafiə sistemləri sıradan çıxarılır ki, aviasiya nəzərdə tutulan hədəflərə rahat zərbələr endirə bilsin. İsrail Müdafiə Ordusu Baş Qərargahında (TSAXAL) İrana qarşı bu yöndə planların hazırlandığı və davamlı olaraq bu planların üzərində işlənildiyi sirr olan bir məsələ deyil. İranın nüvə və raket proqramlarını dayandırmaq üçün siyasi-diplomatik vasitələr tükənmək üzrədir. Bayden administrasiyasının İranla anlaşma yönündəki cəhdləri iflasa uğradı. Rejim nəinki bu məsələdə konstruktivlik nümayiş etdirmədi, üstəlik, Ukrayna müharibəsində Rusiyanın yanında yer aldı".

Siyasi şərhçi qeyd edib ki, İrandakı son prezident və parlament seçkilərində islahatçı qanadın diskvalifikasiya edilərək icra və qanunvericilik səviyyəsində qərarların qəbulu prosesindən tamamilə kənarlaşdırılmasından sonra sistemin sərtləşəcəyi və öz içinə qapanacağı məlum idi: "Bu seçkilərin nəticəsində müəssəs-nizamın seçkili dövlət institutları (prezident, parlament) ilə bütünləşməsi baş verdi və sistem islahatçıları dövlət içərisində marginallaşdırdı. İnqilab Keşikçiləri Korpusunun təsir gücü artdı. Bu isə öz növbəsində, siyasətin radikallaşmasına gətirib çıxardı. Məntiqlə, ABŞ-dakı demokrat administrasiya ilə anlaşıb, embarqoların bir qisminin ləğvinə nail olmaq, Ukrayna müharibəsi dövründə isə bazara mümkün qədər çox neft-qaz çıxarıb Rusiyanın boşluğunu doldurmaq və Qərb üçün qiymətli tərəfdaşa çevrilmək şansı olduğu halda, rejim bunun tam əksini seçdi. Bu, kənardan məntiqsiz və irrasional yol kimi görünür, amma nəzərə almaq lazımdır ki, bu tip rejimlər özünüqoruma instinkti ilə hərəkət edir və onların öz məntiq şkalası var. Şimali Koreya rejimi kimi, vilayəti-fəqih teokratiyası da öz mövcudluğunu qorumağın yeganə üsulu kimi çox güclü hərbi çəkindiricilik amilini ən yuxarıya qoyur, bu məqsədlə nüvə proqramından vaz keçmir. Belə olan halda, İsrailin özü üçün ekzistensial təhdid saydığı İranın nüvə və raket silahlanması proqramlarını dayandırması üçün hərbi variant getdikcə daha çox ağırlıq qazanır".

Şahin Cəfərlinin sözlərinə görə, İran kimi böyük ölkəyə qarşı quru əməliyyatlarının keçirilməsi və bunun nəticəsində ölkənin xarabazara çevrilməsi, qaçqın axınlarının baş verməsi kimi apokaliptik ssenarilər az ehtimal olunandır: "Hərbi əməliyyata qərar verilərsə, pilotlu və pilotsuz aviasiya ilə yalnız hərbi obyektlərə nöqtə zərbələri endirilməsi ehtimalı daha yüksəkdir. Təbii ki, bu cür əməliyyat da ciddi eskalasiya ilə nəticələnəcək, İran ilk hücumlardan qoruya bildiyi raketləri ilə İsrailə və bölgədəki ABŞ hərbi bazalarına zərbələr endirməyə çalışacaq, Orta Şərqdəki proksi güclərini hərəkətə keçirəcək. Bir sözlə, bölgəmizin dinc dövrləri arxada qalıb".

"Hadisələri yalnız "aysberqin görünən tərəfi"nə əsasən qiymətləndirmək doğru olmaz, proseslərdə maraqlı olan və qarşıya konkret məqsədlər qoyan "gizli əllər" var"

Artıq İranla bağlı qərarın verildiyini bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov iddia edir ki, Qərb formalaşmaqda olan yeni dünya nizamında Rusiya və İranın olmasını istəmir: "ABŞ dövlət katibi Entoni Blinken İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmədiyini bildirib. Onun sözlərinə görə, İranla bağlı bütün variantlar nəzərdən keçirilir. Bununla belə, Blinken diplomatiyaya üstünlük verdiklərini xatırladıb. Bir müddət əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İsrailə səfər etmiş və bir sıra rəsmi şəxslərlə görüşmüşdü. Həmin müzakirələrin əsas mövzusu İranla münasibətlər idi. Böyük ehtimalla, tərəflər gələcək addımlar barədə razılığa gəlmişdilər. Bu səfərdən sonra Misir prezidenti Sisi Azərbaycana gəldi. Həmin gün Tehrandakı səfirliyimizə hücum oldu, ardınca İsraildə silahlı hücumlar qeydə alındı. Sonra isə İsrailin İranda hava hücumuna başladığı iddia edildi, ölkədə yüzlərlə insanın yaralanması ilə nəticələnən zəlzələ baş verdi. Bu ardıcıllıq heç də təsadüfi deyil. Proseslər arasında əlaqələr var. Hadisələri yalnız "aysberqin görünən tərəfi"nə əsasən qiymətləndirmək doğru olmaz. Proseslərdə maraqlı olan və qarşıya konkret məqsədlər qoyan "gizli əllər" var. Əvvəllər də dediyimiz kimi, Qərb formalaşmaqda olan yeni dünya nizamında Rusiya və İranın olmasını istəmir".

Ekspertin fikrincə, Rusiya ilə bağlı layihə bir il əvvəl işə düşüb və hazırda davam edir: "İndi isə növbə İrandadır. Qərb dövlətləri, o cümlədən ABŞ İranı zəiflətmək üçün bütün yollardan istifadə etməyə hazırdır. Qərbin Tehrana təzyiqlərinin əsas səbəbi və həm də bəhanəsi bu dövlətin nüvə silahına sahib olmaq istəyidir. Bu, ABŞ və müttəfiqlərini narahat edir. Onlar rəqiblərinin güclənməsini istəmirlər. Çünki İran nüvə silahını təkmilləşdirərsə, bu dövlətə "batmaq" daha çətin olacaq. Ona görə də Qərb İrandan tez davranmaq istəyir. Yaxın vaxtlarda ABŞ-ın İranda hərbi əməliyyatlara başlaması inandırıcı deyil. Vaşinqton hələ bir neçə dəfə də oxşar xəbərdarlıqlar edəcək. Həmçinin, İrandakı xaos daha da genişlənəcək. Müxtəlif yollarla Tehrana təzyiqlər artacaq. Sözsüz ki, bu prosesdə ABŞ-ın əsas müttəfiqi İsraildir. Dediyimiz kimi, aktiv hərbi əməliyyatların başlanmasına hələ bir az var. Buna baxmayaraq, İranla bağlı qərar artıq verilib: bu dövlət yeni dünya nizamında olmamalıdır".

Vazeh BƏHRAMOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR