İsrail və Livanla bağlı xəbərdarlıq
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Rusiyanın Livan və İsraildəki səfirləri RF vətəndaşlarına həmin ölkələrə səfərlərin daha əlverişli vaxta qədər təxirə salınmasını təkidlə tövsiyə ediblər. Ekspertlər bölgədəki vəziyyətin gərginləşməsini III Livan müharibəsinin başlanma ehtimalı kimi qiymətləndirirlər.
Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov xatırladıb ki, hələ 2023-cü ilin oktyabrında - İsrail ilə Fələstin arasındakı müharibənin başlanmasından dərhal sonra RF XİN həmin çağırışı dərc edib. Diplomat sənədin hələ də qüvvədə olduğunu qeyd edib. O, İsrailə səfərlərin qadağan edilmədiyini, lakin riskli olduğu barədə tövsiyə verildiyini söyləyib.
Rusiya Federasiyasının Livandakı səfiri Aleksandr Rudakov indiki zamanda Livana turist səfərlərinin yersiz olduğunu vurğulayaraq deyib: "Hazırda Livanda olan və özünü təhlükəsizlikdə hiss etməyən şəxslərə kommersiya uçuşlarından istifadə etməyi tövsiyə edirik. Hələ ki, aeroport praktiki olaraq, ştatlı rejimdə işləyir".
Hürr Tərcüman