İsrail-Azərbaycan: Ortaq maraqlarımız var

2022-05-30 21:47:00

İsrail-Azərbaycan: Ortaq maraqlarımız var

İsrail Azərbaycanın ən yaxın dostudur

Təl-Əvivlə rəsmi Bakı arasında siyasi-iqtisadi sahədə strateji əməkdaşlıq mövcuddur

Prezident İlham Əliyev İsrail Prezidenti İshaq Hersoqa təbrik məktubu ünvanlayıb. İsrail dövlətinin milli bayramı - Müstəqillik Günü münasibəti ilə cənab İshaq Hersoqu təbrik edən dövlət başçısı İlham Əliyev vurğulayıb ki, uğurla inkişaf edən dövlətlərarası münasibətlərin təməlində tarixən dostluq, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayan xalqlarımızın iradəsi dayanır. Ölkə rəhbəri bəyan edib ki, Azərbaycan-İsrail əlaqələrinin əhatə dairəsinin genişlənməsi, bir sıra mühüm sahələrdə ölkələrimizin fəal əməkdaşlığı məmnunluq doğurur. 

Prezident xüsusilə qeyd edib ki, Təl-Əvivdə ölkəmizin Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızın inkişafına, insanlararası təmasların artmasına töhfə verəcək: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakını xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini genişləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”. 

Azərbaycan-İsrail münasibətlərinin inkişafı ilə bağlı “Şərq”ə danışan siyasi analitik,  politoloq Turab Rzayev bildirib ki, Təl-Əvivlə rəsmi Bakı arasında siyasi-iqtisadi sahədə strateji əməkdaşlıq mövcuddur. Ekspertin sözlərinə görə, iki ölkənin iqtisadi əlaqələri daha çox İsrailin enerji təhlükəsizliyi ilə bağlıdır: 

“Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilən neftin xeyli hissəsi İsrailə satılır. Azərbaycan İsraili enerji təhlükəsizliyi ilə təmin edən əsas ölkələrdəndir. Bir-birinə dost olan iki ölkənin ümumi təhlükəsizlik sahəsində sıx əməkdaşlığı var. Rəsmi Bakı Təl-Əvivin maraqlarına cavab verməyən layihələrdə iştirak etmir. Eyni şəkildə İsrail də təhlükəsizlik məsələsində Azərbaycana əlindən gələn dəstəyi verir. Dost İsrailin hərbi dəstəyinin önəmini Qarabağ müharibəsində, düşmənlə savaşda əyani şəkildə gördük. Savaşda istifadə olunan yüksək texnologiyaya sahib silahların çoxu İsrailin istehsalı idi. Özü də İsrail bu silahları hər ölkəyə satmır”. 

T.Rzayev vurğulayıb ki, Azərbaycan-İsrail arasında neft-qaz sahəsindən əlavə digər iqtisadi sektorların da inkişafı göz önündədir: “Xüsusən, son dönəmlər iki ölkə arasında kənd təsərrüfatı sahəsində mühüm addımlar atılıb. İsrail şirkətləri Azərbaycanın əksər bölgəsində, ələlxüsus işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı ilə məşğul olmaqda maraqlıdırlar. İstixana, əkinçilik, suvarma və başqa sahələrdə İsrail təcrübəsi Azərbaycan iqtisadiyyatına ciddi töhfə vermək imkanındadır. Son illərdə turizm sahəsində də canlanma müşahidə olunur. Ticarət və Turizm nümayəndəliklərinin açılması turizm sahəsinin inkişafına ciddi təkan verəcək”. 

 

 

Analitikin fikrincə, Bakı-Təl-Əviv əlaqələrinin inkişafı Türkiyə-İsrail münasibətlərinin də normallaşmasına müsbət təsir göstərə bilər:

“Nəzərə alaq ki, hər iki ölkə, həm Türkiyə, həm də İsraillə çox yaxın münasibətlərimiz var. Biri qardaş, digəri dost ölkədir. O səbəbdən iki dövlətin gərgin münasibətləri Azərbaycanın da manevr imkanlarını məhdudlaşdırırdı. Türkiyə-İsrail əməkdaşlığı nə qədər genişlənərsə, bizim də maraqlarımız o qədər çox təmin olunar. Artıq Ankara ilə Təl-Əviv arasında təmaslar bərpa olunmaqdadır. Gərginlik əvvəlki səviyyədə deyil. Siyasi məsələlərdə müəyyən fikir ayrılıqlarının olması mümkündür. Ancaq Türkiyə-İsrail arasında kəşfiyyat və hərbi sahədə sıx əməkdaşlıq mövcuddur. İki ölkə Aralıq dənizi hövzəsində də ortaq məxrəcə gəlməyi bacarır”. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya