İslamın ən böyük təbliğat FİLMİ - FOTOLAR

2022-04-23 22:27:00

İslamın ən böyük təbliğat FİLMİ - FOTOLAR

Çəkilişi dayandırıldı, yayımına qadağa qoyuldu, rejissoru ölümlə hədələndi, amma dünyada islama ən böyük rəğbət gətirən film oldu  – “Çağırış”ın hekayəsi

Nədənsə, bu filmə, adətən, dini bayramlarımızda, islamın əlamətdar günlərində baxırıq. Nümayiş olunduğu an əlimizdəki pultu kənara qoyub başqa proqramların axtarışına çıxmır, dəfələrlə seyr etsək belə, hər dəfəsində ilk dəfə baxırmışıq kimi böyük hiss və həyəcanla ona köklənirik…

Şübhəsiz, bu film islamın təşviqinə yönəlmiş sənət əsəridir, amma qəribədir ki, bu kinonun özünün də ərsəyə gəlməsi elə islam dininin yaranması və yayılması qədər mürəkkəb proseslərdən, çətinliklərdən, məhrumiyyətlərdən keçib.

Yəni bu filmin özünün də maraqlı yaranma tarixi, məşəqqətli çəkiliş və keşməkeşli yayımlanma taleyi olub.

Söhbət dünyanın dörd bir tərəfində yüz milyonlarla tamaşaçının sevə-sevə izlədiyi və könül bağı qurduğu “Çağırış” (The Message) filmindən gedir…

Elə filmin məşhur suriyalı rejissoru Mustafa Akkadın vurğuladığı kimi: “Bir filmdə tamaşaçı ya passiv izləyici olaraq qalır, ya da filmdəki xarakterlərlə özünü bütünləşdirərək onlarla bağ qurur. Müvəffəqiyyətli filmlərin sirri ikincisində gizlidir. “Çağırış”ı da müvəffəqiyyətli edən təməl səbəb, tam olaraq budur”…

Kino islamı izah etməyin ən təsirli yollarından biridir

1930-cu ildə Suriyanın Hələb şəhərində anadan olan Mustafa Akkad gənc yaşlarından Hollivudda rejissor olmaq fikrinə düşür, amma yaşadıqları şəhərdə orta səviyyəli maddi durumu səbəbindən Akkadın bu niyyətini heç kim ciddiyə almır. Hətta bir gün gömrükdə məmur olan atası Akkada xəbərdarlıq edərək deyir ki, həqiqətən də Amerikaya getmək istəyirsənsə, məndən kömək gözləmə. Lakin Mustafa Akkad qəti qərarını verir və onu qarşıda gözləyən çətinliklərə rəğmən, Kaliforniya Universitetində teatr təhsili almaq üçün ABŞ-ın kinemotoqrafiya mərkəzi olan Los-Anceles şəhərinə yollanır. 18 yaşlı oğlunu Amerikaya yola salmaq üçün hava limanına gələn atası Mustafanın bir cibinə iki yüz dollar, digərinə isə Qurani-Kərim qoyaraq, “Sənə verə biləcəyim tək şey budur” deyir və oğlunu nagüman olduğu uzaq bir səfərə yola salır…

Dörd il təhsil alaraq universitetdən məzun olan Akkad bu təhsili kafi görməyərək,  Cənubi Kaliforniya Universitetində teatr sahəsi üzrə magistr təhsilini də tamamlayır. Amerikada yaşamağa qərar verən Akkad rejissor olaraq 20 il ərzində, kassada kiçik büdcəli, iddiasız filmlər çəkir.

Həmçinin ailə quran və ata olan Mustafa Akkad ABŞ-dakı həyatından da razı idi, lakin uşaqları böyüdükcə onun zehnini bir fikir rahat buraxmırdı. Övladlarının islam haqqında yetərincə məlumat sahibi olmamasının məyusluğunu hiss edən Akkad, “Təkcə mənim övladlarım deyil, Qərb cəmiyyətləri də islam haqqında kifayət qədər məlumatı olmayanlardır. Bu səbəbdən islama qarşı qərəzlər həddindən artıq çoxdur” deyirdi. Buna görə də kino islamı izah etməyin ən təsirli yollarından biridir deyə düşünərək, özü islamın doğuluşu ilə bağlı film çəkmək üçün qollarını çırmalayır.

Film çox həssas məzmuna malik idi

Mustafa Akkad film çəkmək üçün son dərəcə həvəsli və həyəcanlı olsa da, bu işi ərsəyə gətirmək o qədər də asan deyildi. Ən əsası, layihənin büdcəsini ödəməyə onun pulu çatmırdı. Bunun üçün ABŞ-da sponsor axtarsa da, Hollivudda islamla bağlı layihəsinin həyata keçməsi qəbullanmamışdı. Səbəblərdən biri də rejissorun indiyə qədər böyük filmlərə imza ata bilməməsi və kifayət qədər təsir gücünə malik olmaması idi. Buna görə də Mustafa Akkad pul tapmaq üçün islam dövlətlərinə yönəlmiş, Küveyt, Liviya və Mərakeş hökumətləri 10 milyon dollarlıq xərci birgə qarşılamağa razılaşdıqdan sonra filmin çəkiliş hazırlıqlarına başlanılmışdı.

Artıq maliyyə məsələsi ortadan qalxmışdı, amma daha böyük problem də həll olunmalı idi. Çünki filmin islamın doğuluşundan bəhs etməsi və  Məhəmməd Peyğəmbərin həyatından hissələr təqdim etməsi baxımından çox həssas məzmuna malik idi. Ssenaridə hansısa səhv yanaşma və ya səhv ifadə bütün müsəlmanların reaksiyasına səbəb olardı. Buna görə də Mustafa Akkad ssenarini bir alim qrupunun nəzarəti ilə yazmağa qərar verir və bu məsələ ilə bağlı Qahirənin Əl-Əzhər Universitetinə müraciət edir. Universitet bu məsələni qəbul edir və komissiyanın nəzarəti altında bir il ərzində ssenari yazılır. Ssenari Harri A.L Kreyq tərəfindən ingilis dilində yazıldıqdan sonra ərəb dilinə tərcümə edilərək universitet alimlərinin komissiyasına təqdim edilir. Komissiyanın düzəlişindən sonra ingilis dilinə tərcümə edilmiş ssenari yenidən Kreyqə təhvil verilir. Həmçinin universitet, onlar tərəfindən təsdiqləndiyini göstərmək üçün, ssenarinin hər səhifəsinə möhür vurur.

İslam birliyi üzvləri musiqidən istifadənin caiz olmayacağını bildirirlər və…

Akkad bundan sonra ssenarini əvvəlcə Livandakı Ali Şiə İslam Şurası tərəfindən təsdiqlədir. Eyni düşüncə ilə Səudiyyə Ərəbistanında yerləşən islam dünyasının nüfuzlu qurumlarından olan İslam Birliyinə getsə də, orada fərqli reaksiya ilə qarşılaşır. Çünki Misirdə nəşr olunan “Əl-Əhram” qəzeti filmlə bağlı “Məhəmməd Rəsulullah, baş rolda Antoni Kuin” başlıqlı bir məqalə hazırlayır. Bu xəbərə əsasən, filmdə Məhəmməd Peyğəmbərin canlandırılacağını düşünən İslam Birliyi üzvləri ssenarini oxumağı lazım bilmədən onu geri çevirirlər.

Mustafa Akkad birlik üzvlərini Məhəmməd Peyğəmbərin filmdə təsvir olunmayacağına və bəzi hadisələrin onun gözü ilə canlandırılacağına inandırmağa çalışır. Digər tərəfdən də filmdə musiqidən istifadə olunması başqa böyük problemə çevrilir. İslam Birliyi üzvləri musiqidən istifadənin caiz olmayacağını bildirərək çəkiləcəyi təqdirdə filmin Səudiyyə Ərəbistanında nümayişinə qadağa qoyulacağını açıqlayırlar. Birliyin yalnız bir üzvü filmin islama zərər verməyəcəyini düşünsə də, Akkad digərlərini buna inandıra bilmir.

Müsəlman və xristian aktyorların iştirak etdiyi film eyni ssenari ilə ingilis və ərəb dillərində çəkilir

İslam Birliyinin bu qərarı ilə Küveyt hökuməti filmin sponsorluğundan vaz keçir və müqaviləni ləğv edir. Mustafa Akkad bu yaşananlardan sonra Səudiyyə Ərəbistanında filmin bir başqa sponsoru olan Mərakeş Kralı II Həsənin yanına gedir. Kral II Həsən filmə sponsorluq etməyə davam edəcəklərini və öz ölkəsində çəkiliş apara biləcəklərini söyləyir, amma Mustafa Akkada bir şərt qoyur: “Heç bir halda filmin Mərakeşdə çəkildiyini ön plana çıxarmayın”.

Beləliklə, 1973-cü ildə Mustafa Akkad vaxt itirmədən Mərakeşdə “Məhəmməd Rəsulullah” adlandırdığı filmin çəkiliş hazırlıqlarına başlayır. Ən çox vaxt aparan Kəbə və Məkkənin dekorları olan hazırlıqlar 5 ay sürür.

Müsəlman və xristian aktyorların iştirak etdiyi film eyni ssenari ilə ingilis və ərəb dillərində çəkilməyə başlanır. Filmin ingilis versiyasında Həmzə bin Əbdülmüttəlibi Antoni Kuin, ərəb versiyasında isə aktyor Abdullah Əl-Qeysi oynayır. Mustafa Akkadın bu yola əl atmasının səbəbi islamın doğuluşunu Qərbə öz dillərində, öz aktyorları ilə və ən əsası öz məntiqləri ilə izah etməsi idi. Hətta bu məqsədlə Məkkədə gördükləri zülmə görə Məhəmməd Peyğəmbərin istəyi ilə Həbəşistana sığınan kiçik bir qrup müsəlmanın səhnəsi mümkün qədər uzun çəkilir. Ədaləti ilə məşhur olan xristian Həbəş Kralı Nəcaşinin xristianlıq və İsa Peyğəmbər haqqında dialoqlarına uzun yer ayrılır. İslam ölkələrində isə filmin ərəbcə və müsəlman aktyorları ilə daha çox diqqət çəkəcəyi düşünülür.

Rejissora “15 gün ərzində ölkəni tərk et” əmri verilir

Filmin çəkilişinin 6-cı ayında Mərakeş Kralı II Həsən Mustafa Akkadı yanına çağırıb “15 gün ərzində ölkəni tərk et” deyir. Həm qovulmasından, həm də Mərakeşin sponsorluğunu itirməsindən şoka düşən Akkad bu əmrin səbəbini anlamağa çalışaraq böyük təəccüblə çəkiliş meydançasına qayıdır. Bu səbəbi isə bir müddət sonra öyrənir.

Belə ki, o zaman İslam ölkələrinin Sammiti Mərakeşin paytaxtı Rabatda keçirilməli idi. Filmin çəkilişinə razılıq verməyən Səudiyyə Ərəbistanı Kralı Faysal bin Əbdüləziz Əl Səud “Ya filmin çəkilişlərini dayandırın, ya da konfransa qatılmayacağam” deyir.

Əvvəlcə Küveyt, sonra isə Mərakeş olmaqla, iki ölkənin sponsorluğunu itirən Mustafa Akkad ölkəni tərk etmələri üçün verilən son tarixdən 3 gün əvvəl üçüncü sponsor ölkəyə üz tutur və Liviya lideri Müəmmər Qəddafidən görüş istəyir.

Qəddafi ilə görüşən Akkad ona həmin günə qədər filmin çəkilişlərindən olan səhnələri izlətdirir. Qəddafi müsəlmanların “Allahu Əkbər” nidaları altında Məhəmməd Peyğəmbəri məkkəli müşriklərin atdığı daşlardan qoruyaraq Kəbəyə aparmağa çalışdığı səhnəni seyr edərkən qəfildən “Allahu Əkbər” deyərək yerindən atılır. Otaqda bir qədər dolaşandan sonra Akkada dönüb “Səudiyyə Ərəbistanı niyə etiraz etdi? Bu filmi tamamlamaq lazımdır. Liviyada çəkilişlərə davam edin. Başqa nə lazımdır?” deyir.

Mustafa Akkad istəklərini sadalayır: “Kino avadanlıqlarını Mərakeşdən Liviyaya köçürmək və çəkiliş meydançasını yenidən düzəltmək üçün pul lazımdır. Bir də kütləvi səhnələri çəkmək üçün xeyli insan”.  Müəmmər Qəddafi köməkçilərinə “Maliyyə məsələsini tapın. Ordudan insanları çəkilişlərə yönəldin ” deyir. Akkad isə əsgərlərin çox gənc və saçlarını qırxdırdıqları üçün çəkilişlərdə istifadə edilə bilməyəcəyini deyincə, Qəddafi ordu komandirinə “O zaman Xalqın Müqavimət Təşkilatının hərbçilərini göndərin” deyə göstəriş verir. Amma Qəddafi də Akkada öz şərtini söyləyir: “Mən qeyri-müsəlman aktyorların içki içməsini istəmirəm, amma içirlərsə, ictimai yerlərdə deyil, təkbaşına içsinlər”.

Mustafa Akkad vaxt itirmədən Mərakeşə qayıdıb film avadanlıqlarını və xüsusi təlim keçmiş atları gəmi ilə Liviyaya daşıyır.

“Biz müsəlmanıq, mövqelərimizi tərk edə bilmərik!”

Filmin çəkilişləri zamanı və ondan sonra maraqlı, qəribə hadisələr yaşanır. Bununla bağlı rejissor Mustafa Akkad müsahibələrində bəzi məqamları qeyd edib: “Film çəkildikdən bir neçə il sonra “Vəhşi” rolunu oynamış adam məni axtarıb tapdı və təhqir etdi. Nə olduğunu soruşanda belə cavab verdi: “Filmdə Həzrət Həmzəni öldürdüyümə görə küçədə insanlar mənə hücum edirlər”.

Hətta “Vəhşi” rolunu oynayan Qana əsilli Salem Qedara bu mənfi obrazına görə iş yerini də itirir, buna görə də Akkad onun elektrikçi işi ilə təmin olunmasına kömək göstərir.

Filmin çəkilişi zamanı da xeyli çətinliklər yaşanır. Məsələn, “Vəhşi”nin “Həmzə”ni qətlə yetirdiyi epizod düz 5 dəfə çəkilir. Çünki aktyorlar “Həmzə”ni o qədər sevirdilər ki, onlar çəkiliş vaxtı sıx dayanaraq “Vəhşi”nin – Salem Qedaranın “Həmzə”ni öldürməsinə imkan vermirdilər. Yəni onlar “Həmzə”ni doğrudan da qoruyurdular.

Uhud döyüşünün çəkilişləri zamanı isə ssenari belə olub: Peyğəmbərin ordunun arxa hissəsini qorumaq üçün təpəyə yerləşdirdiyi oxatanlar mövqelərini tərk etdikcə ordu mühasirəyə alınır və müsəlmanlar iki dəstə arasında qalıb öz üstünlüklərini itirirlər. Bu zaman Peyğəmbər geri çəkilmək əmrini verir və əsgər təpələrə qalxaraq geri çəkilir. Səhnə çəkilməyə başladıqda rejissor geri çəkilmək əmri versə də, aktyorlar yerlərindən tərpənmirlər. Təxminən on dəfə bu hal təkrarlanır. Rejissor səhnəni saxlayıb aktyorlara niyə dediklərini etmədiklərini soruşur. Aldığı cavab isə hər kəsi  təəccübləndirir: “Biz müsəlmanıq, mövqelərimizi tərk edə bilmərik!”

“Məhəmməd Rəsulullah” çevrilib “Çağırış” olur

Beləliklə, Liviyada çəkilişləri yenidən başlayan film 1976-cı ildə tamamlanır.

Artıq sıra filmin nümayişinə gəlir. Lakin Səudiyyə Ərəbistanının yanaşmasına görə demək olar ki, bütün islam ölkələri filmin əleyhinə olur. Ssenarisi Əl-Əzhər Universitetində alimlər tərəfindən bəyənilsə də, islam ölkələri filmin nümayişini qadağan edirdilər. Bunun arxasındakı səbəb isə filmdə Məhəmməd Peyğəmbərin canlandırılması kimi yanlış məlumatlar idi. Ən qəribəsi isə o idi ki, filmini islam ölkələrində nümayiş etdirə bilməyən Akkad, Qərb ölkələrində də gözlənilməz reaksiyalarla qarşılanırdı.

Londonda yaşayan müsəlmanlar ekstremist təşkilatların rəhbərliyi altında filmin ekranlara çıxmasına etiraz edərək Mustafa Akkadı ölümlə hədələyirdilər. Uzun müddət cangüdənlərlə yaşamalı olan Akkad filmə etiraz edən islam icmaları ilə görüşməyə çalışsa da, kiçik bir qrupdan başqa heç kimə real vəziyyəti izah edə bilməyib. Lakin filmə baxmağa razı sala bildiyi kiçik bir qrup finalda dua səhnəsini gördükdə ayağa qalxaraq pərdənin qarşısında namaz qılmağa başlayır. Zalı tərk etdikdən sonra isə yanına gələn 3 nəfər Mustafa Akkaddan qərəzlərinə görə üzr istəyirlər. Sonra onlar Məhəmməd Peyğəmbərin adının yazıldığı filmin afişalarının da spirtli içkilərin satıldığı və istehlak edildiyi yerlərin divarlarına asılmasının onları çox narahat etdiyini bildirirlər. Bu səbəbdən də Akkad  filmin adını “Məhəmməd Rəsulullah”dan “Ər-Risale” (“Çağırış”) olaraq dəyişdirir.

ABŞ-da da müsəlman fəallar icması Vaşinqtonda filmin premyerasına etiraz edirlər. Bu zaman silahlı fəal zala daxil ola bilir və filmin yayımlanacağı təqdirdə girov götürdüyü qonaqları öldürəcəyini bildirir. Tələbinə uyğun olaraq verilən sözlərlə fəal razılaşdırılır və heç kimə zərər vermədən zaldan çıxarılır. Etirazçıların qəzəbi soyuyana qədər filmin Vaşinqtonda nümayişi təxirə salınır. Həmin gün Çikaqoda da filmə qarşı etiraz nümayişləri keçirilir. Şərq teatrının qarşısına toplaşan müxtəlif ölkələrin müsəlman vətəndaşları filmin nümayiş etdirilməməsi ilə bağlı bəyanatlar verirlər. Yalnız Akkad Əl-Əzhər Universitetinin razılığını nümayiş etdirdikdən sonra fəallar sakitləşir.

“Peyğəmbərin dövründə sünni-şiə ayrı-seçkiliyi yox idi”

Sonrakı illərdə ön mühakimələrin zamanla qırıldığı və adı dəyişdirildiyi üçün ərəb və müsəlman aktyorların yer aldığı versiyası ilə film islam ölkələrində tək-tək nümayiş olunmağa başlayır.

İki ölkə istisna olmaqla, İran və Misir…

İranın sonuncu şahı filmin nümayişinə razılıq vermir. Mustafa Akkad da hakimiyyət nümayəndələri ilə görüşmək üçün İrana gedir. “Niyə filmi göstərmirsiniz?” deyə soruşduqda  cavab alır ki, problem filmdə səslənən azandan qaynaqlanır. Filmdəki azan sünnilərə məxsus olub. Şiələrin azanında “Əliyyun Vəliyyullah” şəklində bir əlavə olduğundan o sünnilərinkindən fərqlənir. Bu zaman Mustafa Akkad İranın dini lideri ilə görüşür və Xomeyni ona “Peyğəmbərin dövründə sünni-şiə ayrı-seçkiliyi yox idi” deyə, filmin İranda yayımlanmasına icazə verir. Beləliklə, film il boyu İranın bütün kinoteatrlarında nümayiş etdirilir.

Filmin Misirdə də nümayiş olunması üçün Akkad bir neçə dəfə cəhd edir, lakin senzura şurası qərarını dəyişmir.

“Çağırış” 1977-ci ildə Türkiyədə xarici aktyorların rol aldığı versiyası ilə ekranlara çıxıb. 2018-ci ildə isə Səudiyyə Ərəbistanında həm ərəb, həm də ingilis dillərində yayımlanmasına icazə verilib.

Bu gün isə “Çağırış” bütün dünyanı fəth edərək dinindən, dilindən, millətindən asılı olmayaraq, milyonlarla insanın qəlbində özünə əbədi sevgi taxtı qurub.

Bir məqamı da hökmən qeyd etməliyik ki, məramı insanlığa sevgiyə, ədalətə, mərhəmətə köklənən “Çağırış” adlı möhtəşəm filmi ilə adını dünya kinomatoqrafiyasına qızıl hərflərlə həkk etdirən məşhur suriyalı rejissor Mustafa Akkad özü təəssüf ki, elə insanlıq əleyhinə həyata keçirilən terrorun qurbanına çevrilərək faciəli şəkildə həlak olub. 75 yaşlı Mustafa Akkad, 34 yaşlı qızı Rima Akkad Monla birlikdə 2005-ci ildə qohumlarının toyu üçün getdikləri İordaniyanın paytaxtı Əmmanda hotelə edilən bombalı hücumda həyatlarını itiriblər.

“Çağırış”ın film kimi real həyat hekayəsi

Bəli, bu, islam dininin yaranmasına və sonuncu peyğəmbərimizin həyatına işıq tutan ən sanballı ekran əsəri “Çağırış”ın film kimi real həyat hekayəsi idi. Pərdə arxasında nə qədər çətinliklər, problemlər yaşansa da, peşəkar rejissorun məharəti sayəsində maneələr filmin möhtəşəm alınmasına heç bir xələl gətirməyib, əksinə, bəhs etdiyi mövzusu, obrazların aktyorlar tərəfindən inamla canlandırılması, insanlığa vermək istənilən mesajları baxımından bir o qədər canayaxın, tamaşaçı sevgisinə ünvan olub.

Heç şübhəsiz, “Çağırış” ona baxan xristianları, yəhudiləri və digər din mənsublarını islam bayrağı altında birləşdirmir, amma mütləq sevgi, ədalət, mərhəmət çətirinin altında toplayır…

Necə ki, elə “Çağırış” filmində Həzrəti Həmzə obrazını canlandıran məşhur aktyor Antoni Kuin bu barədə səmimi hisslərini dilə gətirib: “İslam dininin zühuruna həsr olunan “Çağırış” filmi mənə psixoloji cəhətdən çox təsir etdi. Çəkilişlər bitdikdən sonra Akkada belə dedim: “Mən müsəlman olmadım. Amma islam dininə daha çox hörmət edirəm. Müsəlmanların inancı sayəsində mənim də özümə olan inancım yenidən canlandı”.

“Azərbaycan”

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya