Saat:02:49
Haqqımızda

“İslam dinində təmtəraqlı yas mərasimi anlayışı yoxdur” - İLAHİYYATÇI

2024-09-03 14:12:37

“İslam dinində təmtəraqlı yas mərasimi anlayışı yoxdur” - İLAHİYYATÇI

Tural İrfan: “Bizim cəmiyyətdə yas məclisləri nə dinə, nə də adətə uyğundur”

Dünyadan köçənlərin xatirəsini əziz tutmaq üçün dəbdəbəli yas mərasimləri təşkil edilir. Bəziləri hətta borca düşsə belə, məclisinin yüksək səviyyədə keçməsi ücün əlindən gələni əsirgəmir. Bir sözlə, bu gün yaxınını itirən ölü sahibi bilmir ki, dünyadan köçən yaxınının dərd-kədərini çəksin, yoxsa yas mərasimini yüksək səviyyədə yola salmağın qayğısına qalsın.

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan “Hürriyyət”ə açıqlamasında bildirdi ki, əslində, İslam dinində təmtəraqlı yas mərasimi anlayışı yoxdur:

“Ehsan var, onun da qaydası tam fərqlidir. Yas evində vacib olan ehsan deyil, mərhumu dəfn etmək və ailəsinə maddi-mənəvi dəstək olmaqdır. Başqa sahələrdə olduğu kimi, bizim cəmiyyətdə yas məclisləri də nə dinə, nə də adətə uyğundur. Sovet dövründə və ondan əvvəl belə israfçılıq olmayıb. Dinimizə görə yas evində yemək bişməməlidir, camaat ora ərzaq, yemək gətirməli, maddi yardım əlini uzatmalıdır. Bizdə isə əksinədir. Camaat əli cibində gəlib həyətdə siqaret çəkir, bir qrup adam da dana, ət, düyü, yağ arxasınca gedir. Gözləyirlər ki, çadır qurulub yemək süfrəsi açılsın, molla gəlib başa keçsin, camaat da dəstə-dəstə yeməyə girib çıxsın. Sonra da dəftərə müəyyən məbləğ pul yazdırsın. Bunun dinlə əsla əlaqəsi yoxdur, bu, heç ehsan da deyil. Çünki ehsan pulla olmaz”.

İlahiyyatçı qeyd edir ki, onun üçün gərək yasa gedən adamlar özləri nəsə alıb aparsın, yaxud da gedib pul verib dəstək olsunlar. Pulu da siyahıya yazmaq dinə ziddir, çünki bu yas sahibini borclu saxlamaqdır:

“Yəni bu artıq yas evinə dəstək yox, borc verməkdir. Süfrədə bircə içkidən savayı nə desən düzürlər. Varlılar, məmurlar edir, kasıb da özünü sındırmır, borca girib, sələm götürüb o da edir. Mərhumun 40 mərasimindən sonra da başlayır borc ödəməyə. Mərasim evləri, yas məkanları var ki, müəyyən mafioz adamların inhisarçılığındadır. Toydakı kimi hər masanın öz qiyməti var. Əvvəllər belə şey yox idi. İndi ölkədə ehsan mafiyası deyilən bir şəbəkə var ki, bir tərəfi də xaricə bağlıdır. Hətta biz israfçı yas süfrələrinin tənzimlənməsini təbliğ etdikcə bizə qarşı təhdidlər, subliminal mesajlar verirlər. Yəni, artıq ehsan din anlayışından çıxıb kimlərinsə biznesinə çevrilib”.

Tural İrfan vurğulayır ki, əgər yas evində uzaqdan gələn, xəstə adamlar olarsa camaatın gətirdiyi yeməkdən onlara ikram etmək olar:

“Yerdə qalan camaat üçün də çay, xurma kimi təamlar təklif edilə bilər. Nisyə ət, yağ alıb verilən ehsan ehsan deyil. Bunun adını yalandan ehsan qoymaq lazım deyil. Borc alınıb verilən yemək ehsan sayıla bilməz. Bəzən valideyn ölür, yerdə yetim uşaqları qalır. Qohumlar mərhumun mal-qarasını kəsib aş-bozartma bişirib camaata verirlər, adını da ehsan qoyurlar. Bu,  yetim malı yeməkdir. Kim yetim malını yesə cəhənnəmlikdir. Belə şeyləri gərək din xadimləri desin, lakin etmirlər. Çünki onlar özləri də oturub həm yas günü, həm 3-də, həm 7-də, cümə axşamlarında, 40-da yeyirlər. Yaxud bəziləri qeyd edilən ehsan mafiyasının üzvləridir ki, təntənəli məclislərin tərəfdarlarıdır. Çünki elə məclislərdən pul qazanırlar. Yəni bu şeylər artıq alver predmetinə çevrilib”.

İlahiyyatçı qeyd edir ki, Bakıda çoxsaylı mərasim evlərində yas zamanı hər cür yemək verilməsini əsasən də oliqarx məmurlar edir:

“Qafqaz Müsəlmanları İdarəsinin yerləşdiyi binada bir neçə ehsan zalı, mərasim evləri fəaliyyət göstərir. Hər növ yemək də verilir. Bu necə ola bilər ki, ölkənin dini idarəsində bu ənənə davam edir, amma camaata desinlər ki, siz etməyin. Demək, Qafqaz Müsəlmanları İdarəsi israfçılığın, təmtəraqlı yas məclislərinin nəinki tərəfdarı, hətta təşkilatçısıdır. Və onun təyin etdiyi axundlar da bu məclisləri təbliğ edir. İndi necə olacaq? Biri təşviq edir, biri də tənqid edir. Ona görə də bu mövzuda, bu məsələdə vahid təbliğat işi aparılmır. Bunu gərək din xadimləri təbliğ etsin, gərək icra nümayəndələri, bələdiyyə sədrləri camaata başa salsın, ağsaqqallar nəsihət etsin. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu israfçılığın qarşısını almaq üçün illərdir maarifləndirmə aparır, çalışır. Qafqaz Müsəlmanları İdarəsi isə bunun əksinə olaraq ehsan zallarını, mərasim evlərini himayə edir, din xadimlərinə belə məclisləri təbliğ etdirir. Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsi ölkədəki dini auranı köklü şəkildə korlayıb və hazırda da buna davam edir”.

Aynurə İSMAYIL

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000150