İşıqlı ömrün 75 illiyi - FOTO
Gözəl qələm əhli, jurnalist-publisist Həsənağa Əliyevin imzası oxuculara yaxşı tanışdır. O, Masallı rayonunda çıxan “Yeni həyat” qəzetinin məsul katibi vəzifəsində çalışır. Sanballı yazıları cəmiyyətin inkişafında mühüm rol oynayır.
Bu günlərdə Masallı rayon Mərkəzi Kitabxanasında rayon Ağsaqqallar Şurasının təşəbbüsü ilə Həsənağa Əliyevin anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilib.
Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev tədbirin açılışında təqdimat xarakterli çıxışında peşəkar və təcrübəli mətbuat xadimi Həsənağa Əliyevin xalqın ziyalısı obrazını və ali mənəvi keyfiyyətlərini özündə cəmləyən kamil şəxsiyyət olduğunu bildirib.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Zamin Məmmədov Həsənağa Əliyevə Rayon İcra Hakimiyyəti başçısının təbrikini çatdırıb, rayonun ictimai-siyasi həyatında fəal iştirakı və 75 illik yubileyi münasibətilə RİH başçısı tərəfindən imzalanmış “Fəxri Fərman”ı ona təqdim edib.
Həsənağa müəllimin 75-ci doğum günündə ona uzun ömür, cansağlığı və uğurlar arzulayan kitabxananın direktor əvəzi Zamin Məmmədov onu da vurğulayıb ki, biliklər xəzinəsində ziyalı və yaradıcı şəxslərlə görüşlərin təşkilinə bir qayda olaraq xüsusi önəm verilir. Belə tədbirlər xoş ənənə kimi bundan sonra da diqqət mərkəzində olar.
“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev uzun illər bir kollektivdə çalışdığı Həsənağa Əliyevin şəxsi həyatda və mətbuat sahəsində şərəfli ömür yolu keçdiyini qeyd edib: - Həsənağa müəllim gündəmin nəbzini tutan müxtəlif janrda məqalələri ilə jurnalistika sahəsində qabaqcıl imzalardan biridir. Halal sözün müqəddəsliyini uca tutmaqla ömrünün məhsuldar dövründə belə yüksək əzmlə çalışır, öz zəngin təcrübəsini gənc kadrlarla bölüşür.
Sonra Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, “Tərəqqi” medallı Əyyub Mehdiyev, Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev, Əməkdar jurnalist Zakir Abbas, Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin sədri Vəkil İsmayılov, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və digər natiqlər öz çıxışlarında uzun illər Həsənağa Əliyevin jurnalistika sahəsində göstərdiyi fədakar rolundan, rayonun ictimai həyatında fəal iştirakından danışıblar.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü