İşədüzəltmə agentlikləri işsizlərin qəniminə çevrilib

2022-04-26 11:47:00

İşədüzəltmə agentlikləri işsizlərin qəniminə çevrilib

Naxçıvan sakini dələduzların fırıldağına inanıb işə düzəlmək üçün Bakıya gəldi, “xidmət haqqı” adı altında pul da ödədi, amma hələ də işsizdir…

"Çay fabrikinə qablaşdırıcı bəylər tələb olunur. İş saatı 9:00-19:00, yaş həddi 18-45. Ünvan: Neftçilər. Əmək haqqı: 700 AZN". Bu cür elanlarla şəhərin küçələrində, elan tablolarında, son vaxtlar isə sosial şəbəkələrdə tez-tez rastlaşırıq. Bəzən işədüzəltmə adı altında vətəndaşlar müxtəlif işbazlar tərəfindən aldadılır, ailəsinə çörəkpulu gətirmək istəyən şəxs, əksinə, maddi ziyana düşür. Dələduzlar vətəndaşlara yüksək maaşlı işlər vəd edərək, bunun qarşılığında onlardan pul alır, daha sonra isə onları çox çətin, sənətinə uyğunsuz, heç də vəd edildiyi qədər maaşı olmayan işlərə göndərirlər, yaxud ümumiyyətlə işə düzəltmirlər.

Yuxarıda gördüyünüz elana aldananlardan biri də Naxçıvan sakini Hacı Rüstəmovdur. O, sözügedən elandakı telefon nömrəsi ilə əlaqə saxlayıb. Məlum olub ki, elanı iş agentliklərindən biri paylaşıb. Həmin iş agentliyinin əməkdaşı onu Bakıya dəvət edərək, işlə təmin ediləcəyini söz verib. Bakıya gələn Naxçıvan sakini nə elandakı işə düzələ bilir, nə də digər vəd edilən işlərə. Üstəlik də ondan 20 AZN ödəniş də alınıb.

Vətəndaş işədüzəltmə agentliyinin "ASAN Xidmət"in binasında yerləşdiyini bildirib. Ümumiyyətlə, dövlət qurumunun binasında işə düzəltmə agentliyi fəaliyyət göstərə bilərmi?...

Məsələ ilə bağlı daha yaxından tanış olmağımız üçün 3 iş elanında göstərilən telefonlarla əlaqə saxladıq. O cümlədən, Naxçıvan sakininin aldadılığı işədüzəltmə agentliyi ilə də əlaqə yaratdıq.  İş elanlarının hər birinə xanım əməkdaşlar cavab verərək, elanla bağlı suallarımızı cavablandırmadan, 10-20 AZN arası rüsum götürərək yaxınlaşmağı məsləhət bildilər. Hətta Naxçıvan sakini Hacı Rüstəmovun da dediyi kimi, işədüzəltmə agentliklərindən biri "ASAN Xidmət"in binasında yerləşir. Görünür,  Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN Xidmət” mərkəzləri bu cür işbazların yuvasında çevrilib. Ümid edirik ki, aidiyyatı orqanlar tezliklə müvafiq tədbirlər görəcək.

İşədüzəltmə büroları işə götürənlə işə düzələn arasında vasitəçi funksiyasını yerinə yetirir. Amma bu ad altında saxta iş elanları verənlər dələduzluğa yol vermiş sayılırlar. Belə şəxslər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Bu, bir növ insanların etibarından sui-istifadə edib, onları aldatmaqdır.

Ümumiyyətlə, son zamanlar işə düzəlmək çətin olduğu üçün insanların ümidləri ilə oynamaqla pul qazanan işbazlar çoxalıb. “İşədüzəltmə agentliyi” adı ilə, əslində, qeyri-qanuni fəaliyyət göstərən şəxslər onlara müraciət edənlərdən 5-20 manat müqavilə və ya anket doldurmaq üçün pul alır, nəticə isə olmur…

Bu cür hallarda vətəndaş nə etməlidir? İşədüzəltmə büroları ilə vətəndaş arasındakı münasibətlət hüquqi cəhətdən necə tənzimlənir?

Suallarımıza sosioloq Aynur Hacıyeva aydınlıq gətirdi. O bildirdi ki, ümumiyyətlə, işədüzəltmə fəaliyyətini həyata keçirmək sahibkarlıq fəaliyyətidir, bunun üçün isə işədüzəltmə bürosunun sahibi VÖEN almalıdır:

"Artıq uzun illərdir ki, "işədüzəltmə" adı altında müəyyən şirkətlər fəaliyyət göstərir. Bəzən insanlar daimi və yüksək gəirli iş yeri əldə etmək üçün həmin şirkətlərə müraciət edirlər. Müraciət müqabilində ilkin qeydiyyat üçün onlardan müəyyən məbləğdə pul tələb olunur. Müqabilində isə müraciət edən şəxsin bacarmadığı bildirilir, yaxud daha azgəlirli işlə təmin edilirlər. Daha sonra isə bildirirlər ki, işə düzəldilən şəxsin bir və ya iki-üç aylıq gəlirləri şirkətə çatacaq. İnsanlar bir neçə ay işləyib həmin pulu şirkətə ödədikdən sonra, işi davam etdirə bilmirlər. Bacarmadıqları və ya gəliri onları qane etmədiyi üçün. Bəzən şirkət vətəndaşa yaxşı iş vəd edir. Bunun müqabilində ödəniş də alır. Sonra heç bir işlə təmin edilmirlər. Nəticədə insanlar maddi zərərə uğrayır. Yenidən həmin şirkətə müraciət etmək istəyəndə isə məlum olur ki, “işədüzəltmə” şirkəti həmin ərazidə və həmin ofisdə fəaliyyət göstərmir. Bu da insanların etibarından sui-istifadə etməkdir. Vətəndaşlar bilməlidir ki, həmin işədüzəltmə şirkətləri sahibkarlıq fəaliyyəti göstərməlidirlər. Hər birinin də VÖEN-i olmalıdır. İşə düzəltmək üçün müqavilədə müəyyən məbləğ nəzərdə tutula bilər. Bu da həmin müqavilədə qeyd olunmalıdır. İşədüzəltmə şirkəti həmin pulu aldıqdan sonra vergi ödəməlidir. Vətəndaşlar mütləq şəkildə ödədikləri pulun qəbzini də almalıdırlar. Çünki onlar aldatma ilə qarşılaşdıqda həmin sənəd vasitəsilə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilərlər. Vətəndaşların bu cür aldadılması dələduzluq adlanır. Cinayət məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər".

Məlumdur ki, ölkədə vətəndaşların işlə təmin olunması ilə bağlı fəaliyyət göstərən rəsmi qurum Dövlət Məşğulluq Xidmətidir. Bu xidmətin paytaxtla yanaşı, bütün rayonlarda şöbələri var. Bəs, qeyd etdiyimiz agentliklərin Məşğulluq Xidməti ilə hər hansı bir işbirliyi varmı? Əgər yoxdursa, bu cür işbazların fəaliyyətinin qarşısını niyə alınmır?

Mövzu ilə bağlı hüquqşünas Bəhruz Bayramovla əlaqə saxladıq. Hüquqşünas "Hürriyyət"ə bildirdi ki, əgər bir adamı işə düzəltməyiblərsə, bu sırf dələduzluq sayılır: "Vətəndaşlar şirkətdən şikayət edirlərsə və bu dəfələrlə təkrarlanırsa dələzuluq sayılır. Bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. İşədüzəltmə bürolarında araşdırma aparılmalıdır. Neçə nəfərin müraciət etməsi və neçə nəfərin işə düzəlməsi müəyyən edilməlidir. Əgər bir adamı işə düzəltməyiblərsə, bu sırf dələduzluq sayılır. Birinci növbədə işədüzəldənlə işədüzələn arasında müqavilə olmalıdır. Müqavilənin bir surəti də işə düzəlmək istəyən şəxsə təqdim edilməlidir. Eyni zamanda işədüzəltmə agentliklərinin VÖENİ-i də olmaldır".

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu ilin yanvar ayının 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5303,9 min nəfər olub, onlardan 4988,2 min nəfərini məşğul əhali təşkil edib. 2021-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1704,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,7 min nəfər, qeyri-dövlət sektorunda isə 799,2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1673,4 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi emal sənayesində, 7,4 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 19,5 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

Qeyri-rəsmi məlumata görə, isə Azərbaycanda 2 milyondan artıq şəxs işsizdir. Təbii ki, bu da işədüzəltmə bürolarının xeyrinədir. Bu cür işbazlar ümumilikdə 2 milyon işsizdən 20-30 AZN aralığında ödəniş alarlarsa, bu miyonlarla pul deməkdir. Söhbət 1-2 milyon puldan deyil, 50 milyona yaxın vəsaitdən gedir.

Qeyd edək ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

YƏHYA

P.S. Mövzunu davam etdirəcəyik.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya